RU

“Bu dəqiqə ayağımda onun butsusunun izi var” - Rumın açıq danışdı

“Şamaxı”nın legioneri Andrey Tırkoveanu Sportinfo.az-a müsahibə verib.

28 yaşlı rumıniyalı yarımmüdafiəçi komandasının səfərdə “Zirə” ilə 1:1 bərabərə qaldığı matçdan sonra sualları cavablandırıb.

- “Zirə”nin penalti qaçırdığını, hesabı açdığını və çox sayda qol imkanlarını boşa verdiyini nəzərə alsaq, nəticə gözlənilməz olmadı ki?

- 30-35 dəqiqə azlıqda oynadığımızı və bərabərlik qolunu 10 nəfərlə vurduğumuzu göz önünə gətirsək, 1 xal bizim üçün qələbəyə bərabərdir. “Zirə”nin gücü və hədəfi göz önündədir. Keyfiyyətli futbolçulardan qurulmuş güclü komandadır. Bu gün sözün əsl mənasında xarakter göstərdik.

- Futbolda “vurmayana vurarlar” prinsipi var. “Zirə” qol şanslarını dəyərləndirə bilməyəndə bu deyim yadına düşürdü?

- Əvəzlənmişdim deyə, oyunun sonlarını ehtiyat oyunçular skamyasında izləyirdim. “Zirə” ikinci qolu vurmayanda yanımdakı komanda yoldaşlarıma dedim ki, bu gedişlə biz vuracağıq. Elə də oldu.

- 1 xal nəyin göstəricisidir? Mübarizliyin, yoxsa bəxtin?

- Fikir verdinizsə, meydanda say bərabərliyi olanda “Zirə” aşkar üstünlük nümayiş etdirə bilmirdi. Açığı, 100 faizlik qol imkanı yaxaladığını xatırlamıram. Səhv etmirəmdə, bir dəfə oldu. 10 nəfər qalandan sonra üstünlük tamamilə rəqibin tərəfinə keçdi ki, bu da normaldır. Qazandığımız 1 xal mübarizliyin, döyüşkənliyin, xarakterin nəticəsidir. Bunu şansa bağlamaq doğru olmaz.

- Hakimin Dioqo Balauya göstərdiyi qırmızı vərəqə “Şamaxı” düşərgəsində narazılıqla qarşılandı. Yanlış qərar idi?

- Hakimlərdən xahiş edirəm, 6-cı dəqiqədəki epizoda baxsınlar. Brahim Konate ayağıma zərbə endirir, hakim ona nə “qırmızı” göstərir, nə də “sarı”. Heç VAR-ın müdaxiləsinə də ehtiyac duyulmur. Halbuki bu dəqiqə ayağımda Konatenin butsusunun izi var. O epizod incələnmir, lakin Balauya dərhal “qırmızı” göstərilir. Qərar və münasibət hər iki komanda üçün bərabər olmalıdır.

HƏBİB

Избранный
19
sportinfo.az

1Источники