RU

Xətai rayonunda qəzalı kollektorun zədələnmiş hissəsi yenilənir

Bakı, 11 aprel, AZƏRTAC

Xətai rayonunun Rəşid Bağırov küçəsində üzərində yaşayış evlərinin tikilməsi səbəbindən çökmə baş verən diametri 1200 millimetr olan tullantı su kollektorunda təmir-bərpa işləri davam etdirilir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun balansında olan kollektor üzərində aparılan işlər Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən həyata keçirilir.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, mühafizə bəndləri qurulub. Geniş sahəni əhatə edən ərazidə 9 metr dərinliyində xəndək qazıldıqdan sonra kollektorun qəzalı hissəsi aşkar olunub. Hazırda həmin hissənin yenisi ilə əvəzlənməsi istiqamətində işlər görülür. Tikinti-bərpa prosesinin operativ və səmərəli təşkili məqsədilə yaradılmış qərargaha agentliyin sədri Zaur Mikayılov rəhbərlik edir.

Qeyd edək ki, sözügedən ərazidə yerləşən evlərin altında qalan diametri 500 millimetr olan çuqun xəttin 100 metrlik hissəsi polietilen boru ilə əvəz edilərək yeni marşrut üzrə çəkilib.

Bundan əlavə, qəzalı vəziyyətdə olan evin altında yerləşən diametri 100 və 150 millimetr olan köhnə polad borular da ləğv edilərək, onların yerinə müvafiq olaraq 110 və 160 millimetrlik yeni polietilen borular quraşdırılıb.

Qəza riskinin artması ilə əlaqədar olaraq hadisədən əvvəl sakinlərə müvafiq xəbərdarlıqlar edildiyi bildirilib.

Избранный
17
2
azertag.az

3Источники