Qərb analitikinin fikrincə, Ukraynadakı uzunmüddətli münaqişə gözlənilmədən sürətlə öz həllinə yaxınlaşa bilər.
Publika.az xəbər verir ki, bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Disen bloqer Mario Naufalın "YouTube" kanalına verdiyi müsahibədə danışıb.
O bildirib ki, böyük ehtimalla, bu qarşıdurmanın başa çatması ərəfəsindəyik. Professor vəziyyəti sona doğru itələyən əsas faktorun Şimali Atlantika Alyansının (NATO) strategiyasının artan zəifliyi və qaçılmaz uğursuzluğu olduğunu hesab edir.
Disen qeyd edib ki, Ukraynanın vəziyyəti uzun müddət ərzində tədricən pisləşir, lakin hazırda böhran kritik həddə çatıb. Söhbət artıq təkcə əvvəllər barəsində məlumat verilən xroniki canlı qüvvə çatışmazlığından getmir. İndi Yaxın Şərqdəki genişmiqyaslı münaqişə fonunda Kiyevin silah tədarükü ilə bağlı ciddi problemləri yaranıb. Qərbin arsenalları tükənib, əsas müttəfiqlərin, ilk növbədə ABŞ-ın diqqəti isə məcburi şəkildə İsrailə və digər qaynar nöqtələrə yönəlib. Bu, Ukrayna ordusunu ağır texnika və sursat itkilərini əvvəlki həcmdə bərpa etmək imkanından məhrum edir.
Ekspert Ukraynada səfərbərlik problemləri ilə bağlı Volodimir Zelenski ofisinin rəhbərinin verdiyi açıq bəyanatlara xüsusi diqqət çəkib. Professorun fikrincə, bu etiraf kritik əhəmiyyətli bir siqnaldır. Bu, Kiyevin Rusiya ilə silahlı qarşıdurmanı davam etdirmək üçün tələb olunan yüksək bədəli artıq ödəməyə hazır olmadığını nümayiş etdirir. Sosial yorğunluq, vətəndaşların döyüşmək istəməməsi və tammiqyaslı yeni səfərbərlik dalğasının keçirilməsinin qeyri-mümkünlüyü Ukraynanın mövqelərini olduqca həssas edir.