Bəs Azərbaycanda da pensiya kapitalından vaxtından əvvəl istifadə mümkün ola bilərmi?
Mövzu ilə bağlı Konkret.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, bəzi ölkələrdə belə praktika tətbiq olunsa da, Azərbaycanın mövcud pensiya sistemi buna uyğun deyil.
"Ölkədə pensiya ödənişləri əsasən işləyən vətəndaşların ödədiyi məcburi sosial sığorta haqları hesabına formalaşır. Bu vəsait həm gələcək pensiya kapitalını yaradır, həm də hazırkı pensiyaçıların təminatına yönəldilir.
Mövcud şəraitdə toplanan vəsait pensiya ödənişlərini tam qarşılamağa kifayət etmir və hər il dövlət büdcəsindən əlavə maliyyə dəstəyi ayrılır. Bu isə sistemin artıq müəyyən yük altında fəaliyyətini ifadə edir".
Asif İbrahimovun fikrincə, əgər vətəndaşlara pensiya kapitalını vaxtından əvvəl çıxarmaq imkanı verilsə, bu, Dövlət Sosial Müdafiə Fondunun maliyyə sabitliyinə ciddi təsir göstərə bilər:
"Belə bir addım fondun vəsaitlərinin azalmasına, nəticədə isə pensiya ödənişlərində çətinliklərin yaranmasına səbəb olacaq. İnsanlar bu vəsaitdən ipoteka və digər məqsədlərlə istifadə etdikcə sistemdə balans pozular".
Onun sözlərinə görə pensiya kapitalından vaxtından əvvəl istifadəyə icazə verilməsi yaxın perspektivdə real görünmür. Ekspert hesab edir ki, hazırkı şəraitdə əsas prioritet mövcud pensiya sisteminin davamlılığını qorumaq və maliyyə dayanıqlığını təmin etməkdir.