RU

Türkiyəli deputatdan təyyarə qəzası ilə bağlı SENSASİON İDDİA - Liviya Baş Qərargah rəisinin ölümündə “Mossad” izi?

23 dekabr 2025-ci ildə Ankara yaxınlığında baş verən Liviya Ordusu Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli əl-Həddadı daşıyan təyyarənin qəzasında İsrail kəşfiyyatı "Mossad"ın əli olduğuna dair yeni sensasiyalı məlumatlar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatı Dəniz Yavuzyılmaz (Zonquldak millət vəkili) apardığı araşdırmalara istinadən, qəzadan az əvvəl Ankara Esenboğa hava limanına İsrailə məxsus özəl təyyarənin endiyini bəyan edib.

Parlamentarinin sözlərinə görə, həmin təyyarə müəmmalı şəkildə Liviya Baş Qərargah rəisinin təyyarəsi ilə eyni perrona yönləndirilib və orada bir saatdan çox qalıb.

Yavuzyılmaz hakimiyyəti bu faktları ictimaiyyətdən gizlətməkdə ittiham edərək xəbərdarlıq edib ki, əgər onun versiyası təkzib olunarsa, hələlik açıqlamadığı digər sübutları da təqdim edəcək.

Xatırladaq ki, Liviya Milli Birlik Hökumətinin Baş Qərargah rəisi dekabrın 22-si gecə saatlarında Ankaraya gəlib, növbəti gün Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi ilə danışıqlar aparıb. Dekabrın 23-də Esenboğa hava limanından Tripoliyə doğru havaya qalxan "9H-DFJ" bort nömrəli "Falcon 50" tipli təyyarə Haymana rayonu ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində general Məhəmməd Əli əl-Haddad ilə yanaşı, Quru Qoşunlarının komandanı, korpus generalı Futuri Qribel, hərbi zavodların direktoru, briqada generalı Mahmud Cümə əl-Qitevi, müşavir Məhəmməd Əssavi və fotoqraf Məhəmməd Ömər Əhməd Mahcub həlak olublar.

Türkiyənin Tripolidəki hökuməti dəstəklədiyi və hərbi əməkdaşlığı dərinləşdirdiyi bir vaxtda baş verən bu hadisə dərhal diversiya ehtimallarını gündəmə gətirib. Hətta iqtidara yaxınlığı ilə bilinən "Hürriyet" qəzetinin yazarı Əbdülqadir Səlvi də hadisənin arxasında "Mossad"ın dayana biləcəyini iddia edib. Lakin rəsmi qurumlar ilkin araşdırmalarda diversiya izinin tapılmadığını bildirmişdilər.

Deputat Dəniz Yavuzyılmazın təqdim etdiyi yeni faktlar isə şübhələri yenidən alovlandırıb. Belə ki, Liviyalı generalın təyyarəsi əvvəlcə VIP reyslər üçün nəzərdə tutulmuş 1 nömrəli perrona qoyulsa da, sonradan naməlum səbəbdən ən uzaq və izolyasiya olunmuş 5 nömrəli perrona keçirilib. Dekabrın 23-də, saat 17:04-də isə İtaliyadan gələn "4X-CNA" bort nömrəli İsrail özəl təyyarəsi "yanacaq doldurmaq" bəhanəsi ilə həmin perronda, Liviya təyyarəsinin düz yanında park edilib.

Maraqlıdır ki, Türkiyə öz hava limanlarını İsrail təyyarələri üçün bağlı elan etdiyi halda, bu reysə niyə icazə verildiyi sual altındadır.

Deputat peyk görüntülərini nümayiş etdirərək bildirib ki, hər iki təyyarə yan-yana 1 saat 41 dəqiqə qalıb. Bu müddət ərzində Liviya heyəti hoteldə olduğu halda, İsrail təyyarəsinin sərnişinləri və heyəti perronu tərk etməyib. İsrail təyyarəsi saat 18:45-də Təl-Əvivə uçub, liviyalıların təyyarəsi isə 20:17-də havaya qalxdıqdan cəmi 15 dəqiqə sonra radarlardan itib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deputatın iddialarının həqiqəti əks etdirmədiyini desə də, İsrail təyyarəsinin eyni perronda dayandığı faktını təkzib etməyib.

Nazir təhlükəsizlik məsafəsinin qorunduğunu və mülki aviasiya qaydalarının pozulmadığını, qara qutu məlumatlarında hələlik təxribat əlamətinin olmadığını vurğulayıb.

Musavat.com

Избранный
16
1
musavat.com

2Источники