"Bild" qəzetinin sifarişi ilə INSA sosioloji institutu tərəfindən keçirilmiş sorğunun nəticələrindən məlum olub ki, Almaniyada yanacağın qiymətlərinin artması fonunda kansler Fridrix Mertsin işindən narazılıq səviyyəsi yeni rekord həddə - 70 %-ə çatıb.
Respondentlərin yalnız 21 %-i hökumət başçısının işini müsbət qiymətləndirib - mütləq antirekord. Daha 9 %-i isə bir qərara gələ bilməyib. Almaniya vətəndaşlarının 73 %-i XDİ/XSİ bloku və Almaniya Sosial-Demokrat Partiyasının daxil olduğu hökumətin fəaliyyətindən narazıdır, yalnız 20 %-i onu müsbət qiymətləndirir, daha 7 %-i isə öz mövqeyini müəyyənləşdirməyib.
1 003 nəfərin iştirak etdiyi sorğu aprelin 9-10-da keçirilib.
"Hətta hökumət partiyalarının tərəfdarlarının əksəriyyəti də hökumətdən narazıdır. Kanslerin və koalisiyanın bu tendensiyanı prinsipcə dəyişə biləcəyi ehtimalı azdır", - INSA-nın rəhbəri Herman Binkert hesab edir.
Almaniya siyasi dəyişikliyin astanasındadır?

Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən politoloq Kənan Novruzov bunları deyib:
"Merts 2025-ci ildən Almaniyaya rəhbərlik edir. O, hakimiyyətə gələndən bəri Almaniya bir çox cəhətdən geriləyib. Amma bu, kanslerin fəaliyyəti ilə bağlı məsələ deyil. Əksinə, daha çox obyektiv səbəblərlə bağlıdır. Dünyada baş verən siyasi və iqtisadi kataklizmlər, təhlükəsizlik böhranı kimi məsələlər, həmçinin ABŞ ilə artan gərginlik, Rusiyayla toqquşma bir çox digər Avropa ölkəsi kimi Almaniyaya da təsir edir. Yaxın Şərqdəki müharibə nəticəsində neftin bahalaşması təbii olaraq yanacağın da qiymətinə təsir etdi. Görünür, Almaniya bu ssenariyə hazır deyildi.
Planetdəki kataklizmlərin yaxın zamanda səngiyəcəyi gözlənilmir. Əksinə, böhranlar davam edəcək və güclənəcək. Bu, bütövlükdə Avropaya, o cümlədən Almaniyaya da təsir edəcək. Odur ki, hazırda hakimiyyətdə olan bəzi Avropa liderləri kimi Mertsdən də narazılığın artması və onun vaxtından əvvəl hakimiyyətdən getməsi mümkündür".
Cavanşir ABBASLI
Musavat.com