RU

ABŞ-nin Hörmüz boğazını blokadaya alması fonunda Brent nefti 100 dollar həddini keçib

Bazarlarda gərginlik kəskin artıb, investorlar regionda enerji daşımalarının taleyi ilə bağlı riskləri qiymətləndirirlər...

Aprelin 13-də dünya neft bazarında qiymətlər kəskin yüksələrək 100 dollar həddini aşıb. Brent markalı neftin fyuçersləri ötən sessiyada 0,75 faiz geriləmədən sonra 6,71 dollar və ya 7,05 faiz bahalaşaraq bir barel üçün 101,9 dollara çatıb.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-nin West Texas Intermediate (WTI) markalı nefti də nəzərəçarpacaq artım göstərib. Bu markanın qiyməti 7,59 dollar və ya 7,86 faiz yüksələrək bir barel üçün 104,16 dollar səviyyəsində ticarət olunub. Halbuki əvvəlki sessiyada WTI üzrə qiymətlər 1,33 faiz enmişdi.

Qiymətlərdəki bu sıçrayış ABŞ Mərkəzi Komandanlığının 13 aprel tarixində Hörmüz boğazının blokadaya alındığını açıqlamasından sonra baş verib. Bildirilib ki, tətbiq edilən blokada İran limanlarına daxil olan və həmin limanlardan çıxan bütün dəniz daşımalarını əhatə edir.

Analitiklər hesab edirlər ki, Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsi qlobal enerji bazarları üçün ciddi risk yaradır. Çünki dünya neft tədarükünün mühüm hissəsi məhz bu strateji marşrut vasitəsilə daşınır. Buna görə də regionda hərbi və siyasi risklərin artması bazarlarda qiymətlərin daha da dəyişkən olmasına səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, əgər blokada uzun müddət davam edərsə, bu, təkcə neft bazarında deyil, eyni zamanda qlobal inflyasiya, logistika xərcləri və enerji təhlükəsizliyi sahəsində də əlavə təzyiq formalaşdıra bilər.

Poliqon.info

Избранный
25
poliqon.info

1Источники