RU

Brüsseldən Orbanın məğlubiyyətinə REAKSİYA

Macarıstanda Viktor Orbanın seçkilərdə məğlub olmasından sonra Brüsseldə rahatlıq və hətta müəyyən məmnunluq hissi yaranıb. 

Bizim.Media xəbər verir ki, bu barədə CNN yazıb.

Avropa rəsmiləri yeni Macarıstan hökumətinin danışıqlar masasında daha açıq şəkildə avropapərəst mövqe tutacağına ümid edirlər.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Macarıstan Avropanı seçib və ölkə yenidən Avropa yoluna qayıdır. Avropa Parlamentinin sədri Roberta Metsola isə bəyan edib ki, Macarıstan yenidən “Avropanın tam ürəyindəki yerini tutur”. Onet-in canlı yayımında da Avropa liderlərinin Macarıstandakı hakimiyyət dəyişikliyini demokratiyanın qələbəsi kimi qiymətləndirdiyi qeyd olunur.
 

Fransa Prezidenti Emmanuel Makron nəticələrin macar xalqının Avropa İttifaqı dəyərlərinə sadiqliyini göstərdiyini vurğulayıb. Almaniya kansleri Fridrix Merts isə güclü, təhlükəsiz və vahid Avropa naminə birgə çalışmağa çağırıb. Britaniyanın baş naziri Kir Starmer seçkiləri təkcə Macarıstan üçün deyil, bütövlükdə Avropa demokratiyası üçün tarixi an adlandırıb. Bu reaksiyalar Polşa mediasının seçki gecəsi yaydığı məlumatlarda da öz əksini tapıb.


Polşanın baş naziri Donald Tusk isə qısa mesajla “Macarıstan. Polşa. Avropa. Yenidən birlikdə!” sözlərini işlədib. Eyni zamanda Peter Madyar da baş nazir kimi ilk xarici səfərini Polşaya edəcəyini açıqlayıb.

Onet-in məlumatına görə, o, ilk yolunun Varşavaya aparacağını və Polşa-Macarıstan dostluğunu gücləndirmək istədiyini bildirib.

İlkin nəticələrə əsasən, Peter Madyarın rəhbərlik etdiyi müxalif “Tisza” partiyası 199 yerlik parlamentdə 138 mandat qazanır, Orbanın Fidesz partiyası isə 55 mandata qədər geriləyir. Beləliklə, Viktor Orbanın 16 illik hakimiyyətindən sonra Macarıstanda siyasi kursun dəyişəcəyi gözlənilir.

Bizim.Media

Избранный
26
bizim.media

1Источники