ABŞ prezidenti Donald Tramp Pakistandakı danışıqların uğursuzluqla nəticələnməsindən sonra Hörmüz boğazına rəsmən blokada tətbiq ediləcəyini elan edib. Tramp bildirib ki, İranın bu strateji su yolundan qanunsuz qazanc əldə etməsinə imkan verilməyəcək.
NOCOMMENT.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Bakı vaxtı ilə saat 19:00-dan etibarən Hörmüz boğazına girməyə və ya oradan çıxmağa çalışan bütün gəmilərin qarşısını almaq prosesinə başlayacaq. Məhdudiyyətlər həmçinin Ərəbistan və Oman körfəzlərindəki bütün İran limanlarını əhatə edəcək.
Tramp özünün “Truth Social” hesabında paylaşdığı mesajda vurğulayıb ki, İrana qanunsuz “tranzit haqqı” ödəyən heç bir gəmi təhlükəsiz hərəkət edə bilməyəcək. O, həmçinin NATO-nun və digər tərəfdaş ölkələrin də bu əməliyyata dəstək verəcəyini, İranın dənizə yerləşdirdiyi minaların təmizlənəcəyini qeyd edib.
Xatırladaq ki, İran hər gəmidən 2 milyon dollar rüsum tələb edəcəyini açıqlamışdı. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə blokada qərarına cavab olaraq, ABŞ-ı “ölümcül girdab”la hədələyib.
Sara,
NOCOMMENT.az