RU

Moldovada mer vəzifəsinə namizədliyi qeydə alınan azərbaycanlı: Kökümüzü və tariximizi unutmamalıyıq

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Kişineu, 13 aprel, AZƏRTAC

Moldovada yaşayan soydaşımız Ramiz Ansarovun Orxey şəhərinin mer vəzifəsinə seçkilərində namizədliyi qeydə alınıb.

1987-ci ilin aprelin 12-də Kişineuda anadan olan R.Ansarov əslən Qərbi Azərbaycandandır, onun atası Noyemberyan rayonunda anadan olub və böyüyüb. Sonradan ailəsi Bakı şəhərinə köçüb. 4 oğul atası olan R.Ansarov Moldovanın ictimai-siyasi həyatında aktivlik göstərir. O, həmçinin Moldova Azərbaycanlıları Konqresinin vitse-prezidenti kimi diasporumuzun inkişafına öz töhfəsini verir.

Ramiz Ansarov AZƏRTAC-a açıqlamasında bildirib ki, bir neçə ildir Orxey şəhərində yaşayır.

“Bu müddət ərzində Orxey şəhərində yerli əhali arasında gözəl münasibətlər qurmuşam. Polis, mühəndislik, istehsal və kiçik biznesdə təcrübəm var. Lakin harada işləməyimin əhəmiyyəti yoxdur, vacib olan nə öyrəndiyim və başqaları üçün necə faydalı ola biləcəyimdir. Həyat yoldaşım İrina və mən kiçik biznes sahibiyik. Orxey sakinlərinin bizi qiymətləndirməsindən məmnunuq. Hazırladığımız qəhvə artıq regionda ən yaxşı qəhvələrdən biri kimi şöhrət qazanıb”, - deyə soydaşımız əlavə edib.

R.Ansarov bildirib ki, mer vəzifəsinə seçkilərdə qalib gələcəyinə böyük inamı var: “Orxey şəhər meri vəzifəsinə rəsmi olaraq namizəd kimi qeydiyyatdan keçmişəm. Bu, ciddi işin yalnız başlanğıcıdır. Orxey şəhəri üçün aydın bir proqramım var - şəhər sakinləri üçün nəqliyyat, yaşıllıq, aztəminatlı sakinlərə dəstək, gənclər üçün yeni imkanlar. Dünyada pulun, innovasiyanın və inkişafın sonradan axdığı adi yerlərdən güclü sənaye, logistika və maliyyə mərkəzlərinin yaranmasına dair saysız-hesabsız nümunələr var. Orxeydə bunun üçün lazım olan hər şey var - savadlı insanlar, infrastruktur, əlverişli coğrafi yer”.

Həmyerlimiz öz soyu-kökünü unutmadığını, həm Moldovanı, həm də Azərbaycanı öz məmləkəti kimi sevdiyini açıqlayıb: “Mən Moldovada anadan olmuşam, bu ölkənin vətəndaşıyam və qürurla deyə bilərəm ki, vətənpərvərəm. Amma eyni zamanda, köklərimizi unutmamalı və tariximizi bilməliyik. Atam azərbaycanlıdır və mən onunla fəxr edirəm. İstəyirəm ki, övladlarım nənə-babalarının, ulu babalarının tarixini və Moldovada yaşayan bütün xalqların adət-ənənələrini bilsinlər. İnanıram ki, bu, həqiqətən mədəni bir nəsil - öz köklərinə, ölkələrinə və digər xalqlara hörmət edən bir nəsil yetişdirməyin yeganə yoludur”.

Qeyd edək ki, Moldova Mərkəzi Seçki Komissiyası yeni yerli seçkiləri mayın 17-nə təyin edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
azertag.az

2Источники