RU

Nüvə silahının tətbiqi ehtimalı çox aşağıdır Azərbaycanlı mütəxəssislə MÜSAHİBƏ

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Famil Hümbətov: “Azərbaycan nüvə təhlükəsi olan ölkələr sırasında deyil” 

“Azərbaycan gələcəkdə nüvə enerjisindən dinc məqsədlərlə istifadə edə bilər” 

“Yeni radiasiya təhlükəsizliyi haqqında qanunun qəbulu gözlənilir”

Elm və Təhsil Nazirliyinin tabeliyində Fizika İnstitutu Publik Hüquqi Şəxsin Radioekologiya və Radiobiologiya Laboratoriyasının müdiri Famil Hümbətov Modern.az saytı ilə həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik:

-   Famil müəllim, radiasiya təhlükəsizliyi sahəsində Azərbaycanın əsas çağırışları hansılardır?

-   Azərbaycanda radiasiya təhlükəsizliyi ilə bağlı işlərin tarixi əslində ötən əsrin 50-ci illərindən başlayır. Həmin dövrdə Beynəlxalq Atom Enerjisi Agentliyi formalaşdıqdan sonra dünyada atom enerjisindən dinc məqsədlərlə istifadə ilə bağlı fəaliyyətlər genişlənməyə başladı. Azərbaycan o vaxt Sovetlər Birliyinin tərkibində idi. Bununla belə, ölkəmizdə də bu istiqamətdə müəyyən addımlar atılırdı. Elə həmin fəaliyyətlərin davamı olaraq sonradan Radiasiya Problemləri İnstitutunun əsasını təşkil edən radiasiya tədqiqatları sektoru yaradılmışdı. Daha sonra bu sahə müxtəlif inkişaf mərhələlərindən keçərək Radiasiya Problemləri İnstitutu kimi formalaşdı. Hazırda isə bu istiqamətdə fəaliyyət Fizika İnstitutu Publik Hüquqi Şəxs çərçivəsində davam etdirilir. Azərbaycanda radiasiya təhlükəsizliyi “Radiasiya təhlükəsizliyi haqqında” qanunla tənzimlənir. Bu qanun radiasiya təhlükəsizliyi ilə bağlı mümkün bütün sahələri ehtiva edir. Buraya tikinti, mədən fəaliyyəti, tibb sahəsi, eləcə də radioaktiv mənbələrin istifadə olunduğu digər istehsalat istiqamətləri daxildir. Qanun həmin sahələrdə nəzarətin həyata keçirilməsi üçün əsas prinsipləri və qaydaları müəyyən edir. Təhlükəsizlik tədbirləri də məhz bu sənəd əsasında həyata keçirilir.

Eyni zamanda Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin tabeliyində Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. Bu Agentlik adından da göründüyü kimi, nüvə və radioloji fəaliyyətin tənzimlənməsini, onların beynəlxalq qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin edən əsas qurumlardan biridir. Paralel olaraq Azərbaycan nüvə təhlükəsizliyi və nüvə enerjisi üzrə beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq edir. Belə təşkilatlardan biri də Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdir. Həmin Agentliyin nüvə enerjisindən istifadə və nüvə təhlükəsizliyinin təmin olunması ilə bağlı tövsiyə və tələbləri mövcuddur. Azərbaycan da sıx əməkdaşlıq çərçivəsində bu təhlükəsizlik tədbirlərinin icrasını təmin etməyə çalışır. Bununla yanaşı, ölkə ərazisində mütəmadi monitorinqlər və ölçmələr aparılır. Bu ölçmələr müxtəlif qurumlar, o cümlədən hazırda Fizika İnstitutu Publik Hüquqi Şəxs kimi fəaliyyət göstərən qurumun laboratoriyaları tərəfindən həyata keçirilir. Su, torpaq və hava mühitində radiasiya fonu, eləcə də radiasiya riskləri qiymətləndirilir. Bundan əlavə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Nüvə mərkəzi mövcuddur. Həmin qurum da bu istiqamətdə müəyyən təşəbbüslərlə çıxış edir. FHN-nin “İzotop” xüsusi kombinatı, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi də fəaliyyət göstərir. Onların da bu sahədə işləmək üçün xüsusi avadanlıq və qurğuları var. Ümumilikdə, Azərbaycanda radiasiya təhlükəsizliyi ilə bağlı nəzarət mexanizmi təxminən bu formada qurulub.

-   İnstitutun əsas missiyası və prioritetləri nələrdir?

-   İnstitutun əsas missiyası nüvə enerjisinin dinc məqsədlərlə istifadə edilməsi istiqamətində Azərbaycanda imkanların beynəlxalq standartların tələblərinə uyğun şəkildə formalaşdırılması və onlardan effektiv istifadəni təmin etməkdir. Adından da məlum olduğu kimi, bu institutlar uzun müddət tədqiqat institutu kimi fəaliyyət göstəriblər. Nümunə olaraq, Radiasiya Problemləri İnstitutu fəaliyyət göstərdiyi dövrdə burada radiasiya və nüvə enerjisinin dinc məqsədlərlə istifadəsini əhatə edən müxtəlif istiqamətlər mövcud idi. Bunlara ətraf mühitdə radiasiya fonuna nəzarət, təhlükəsiz şəraitin formalaşdırılması üçün tövsiyələrin hazırlanması, aidiyyəti qurumların müvafiq məlumatlarla təmin olunması daxildir. Digər tərəfdən, nüvə enerjisinin, daha sadə desək, radiasiyanın müxtəlif materiallara və tədqiqat obyektlərinə təsirinin qiymətləndirilməsi də həyata keçirilirdi. Biz bunu nüvə və ya radiasiya materialşünaslığı adlandırırıq. Bu sahədə də tədqiqatlar aparılıb. Daha sonra radiasiyanın bioloji obyektlərə və ətraf mühitə təsiri qiymətləndirilib, bu sahədə də müvafiq elmi araşdırmalar aparılıb.

Eyni zamanda nüvə enerjisinin sırf dinc məqsədlərlə, yəni elektrik enerjisi istehsalı və sonradan digər məqsədlər üçün istifadəsi istiqamətində də təşəbbüslər olub. Azərbaycanda təxminən 60-70-ci illərdə atom elektrik stansiyasının tikilməsi təşəbbüsü irəli sürülmüşdü. Lakin sonradan müxtəlif səbəblərdən bu proses dayandırıldı. Ayrı-ayrı ərazilərdə, xüsusilə keçmiş sovet respublikalarında baş vermiş nüvə qəzalarından sonra belə qərar qəbul edildi ki, həmin tikinti davam etdirilməsin. Daha sonra bu layihə Ermənistan ərazisinə köçürüldü və Metsamor Atom Elektrik Stansiyası tikildi. Həmin stansiyanın əsas təyinatlarından biri Kiçik Qafqazda, o cümlədən Azərbaycanda neft sənayesinin fasiləsiz enerji ilə təmin olunması idi. Lakin sonradan ermənilər ondan daha çox öz ehtiyacları üçün istifadə etdilər. Biz də Fizika İnstitutu Publik Hüquqi Şəxs və Radioekologiya və Radiobiologiya Laboratoriyası olaraq Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə səmərəli əməkdaşlıq edirik. 2024-cü ildə Azərbaycanda kiçik modul reaktorların tətbiqi ilə nüvə enerjisindən dinc məqsədlərlə istifadənin mümkünlüyü ilə bağlı həmin Agentliklə müəyyən danışıqlar aparılıb. Hazırda da bu istiqamətdə bəzi təşəbbüslər icra olunur, habelə imkanlar qiymətləndirilir. Əgər məqsədəuyğun hesab olunarsa, bütün dünya dövlətləri kimi Azərbaycan da nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququndan yararlana bilər.

-   Azərbaycanda radiasiya təhlükəsizliyinə dair qanunvericilik necə işləyir və beynəlxalq standartlarla nə qədər uyğundur?

-   Azərbaycanda “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Qanunu uzun müddətdir qüvvədədir. Təxminən 35 ildən artıqdır ki, qəbul olunub və fəaliyyət göstərir. Həmin qanunda müxtəlif fəaliyyət istiqamətləri üzrə radiasiya təhlükəsizliyinin hansı formada tənzimlənəcəyi, normativ olaraq yol verilən şüalanma dozaları öz əksini tapıb. Bu sənəd tikinti materiallarında, su mənbələrində, torpaqda və havada nəzarətin həyata keçirilməsi üçün əsas addımları müəyyənləşdirir. Bu işlərə həm Azərbaycanda mövcud olan tədqiqat institutları, laboratoriyalar öz töhfəsini verib, həm də müxtəlif dövlət qurumları bu sahədə birbaşa cavabdehlik daşıyır. Buraya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi Agentliyi, sanitar-epidemioloji vəziyyətin qiymətləndirilməsi ilə məşğul olan qurumlar daxildir. Elm və Təhsil Nazirliyinin tabeliyində olan Fizika İnstitutu Publik Hüquqi Şəxsdən başqa, Geofizika İnstitutunun nəzdində də bu istiqamətdə fəaliyyət göstərən laboratoriya mövcuddur. Onların da müəyyən təcrübəsi var və bu sahəyə öz töhfələrini verirlər.

-   Ölkəmizdə radiasiya monitorinqi və təhlil mexanizmləri nə qədər effektivdir?

-   İlk növbədə qeyd edim ki, Azərbaycanda radiasiya təhlükəsizliyi üzrə qanunun yenidən işlənərək yeni dünya nizamı və formalaşan yeni standartlar nəzərə alınmaqla qəbul olunması gözlənilir. Hətta bu qanunun yenidən işlənməsi prosesi təxminən 5-10 il əvvəl başlayıb və Milli Məclisə də təqdim olunub. Qanun müxtəlif komitələrdə müzakirə edilir və daha mükəmməl formada qəbul olunması nəzərdə tutulur. Məncə, qanun yeni şəraitə və yeni şərtlərə uyğun şəkildə qəbul edildikdən sonra radiasiya təhlükəsizliyi üzrə müxtəlif qurumların öhdəlik və vəzifələri daha konkret şəkildə müəyyənləşəcək. Amma bu gün də mövcud qanun və təlimatlar əsasında Azərbaycanda radiasiya təhlükəsizliyinin təmin olunması istiqamətində işlər icra olunur. 

-   Azərbaycanda radiasiya təhlükəsi potensialı olan ərazilər varmı və hansılardır?

-   Azərbaycanda atom elektrik stansiyası mövcud deyil və nüvə enerjisi üçün istifadə olunan reaktor qurğusu yoxdur. Ona görə də ölkəmizdə radiasiya təhlükəsi ehtimalından danışarkən, daha çox təbii radiasiya fonunun nisbətən yüksək ola biləcəyi ərazilərdən danışmaq olar. Dünyanın digər yerlərində olduğu kimi, Azərbaycanda da təbii radiasiya fonu yerin təkində mövcud olan mineralların tərkibindəki radioaktiv izotopların miqdarından asılıdır. Əgər hər hansı ərazidə belə izotoplar daha çoxdursa, orada radiasiya fonunun nisbətən yüksək olması ehtimalı yarana bilər. Lakin bizim son dövrlərdə apardığımız tədqiqatlar, eləcə də uzun illər ərzində Azərbaycanın geniş ərazisi boyunca aparılmış müşahidələr göstərir ki, ölkə üzrə xüsusi təhlükə yaradan, yüksək risk formalaşdıran radiasiya fonuna malik ərazilər yoxdur. Ayrı-ayrı lokal çirklənmiş nöqtələrdə bəzi hallarda yüksək radiasiya fonu müşahidə olunsa da, ümumilikdə Azərbaycan ərazisində təhlükə və risk yaradan geniş çirklənmiş, yaxud yüksək radiasiya fonuna malik ərazilər qeydə alınmayıb.

-   İctimaiyyətin radiasiya təhlükəsi barədə məlumatlılıq səviyyəsi nə yerdədir?

-   Radiasiya təhlükəsizliyi və ya təhlükəsi barədə məlumatlar, adətən, iki istiqamətdə ictimaiyyətə çatdırılır. Birinci istiqamət rəsmi qurumların öz fəaliyyətlərinin nəticələrini hesabat şəklində təqdim etməsidir. Bu məlumatlar açıq mənbələrdə yerləşdirilir və hər kəs üçün əlçatandır. İstənilən şəxs Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq nəticələri ilə, eləcə də tədqiqat institutlarının müəyyən hesabatları ilə tanış ola bilər. İkinci istiqamət isə daha çox media nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının, elmi işçilərin üzərinə düşür. İnsanların bu sahədə məlumatlandırılması, onlara mövcud vəziyyətin sadə dildə izah olunması, hər hansı şübhə yarandıqda kimə və necə müraciət etməli olduqlarının çatdırılması vacib məsələdir. Əgər bu fəaliyyətlər sistemli şəkildə qurularsa, düşünürəm ki, əhali arasında radiasiya təhlükəsi, yaxud radiasiya təhlükəsizliyi ilə bağlı yetərli məlumatlılıq formalaşa bilər.

Azərbaycanda bu mövzunun xüsusi şəkildə qabardılmamasının əsas səbəbi də ondan ibarətdir ki, ölkəmizdə atom elektrik stansiyaları və nüvə reaktorları yoxdur. Təbii radiasiya fonunun da ciddi təhlükə yaratdığı görünmür. Buna görə də bu mövzu gündəlik həyatda çox qabarıq hiss olunmur. Amma vaxtaşırı, xüsusilə Azərbaycan ətrafında baş verən proseslər fonunda bu kimi məsələlər yenidən gündəmə gəlir. Çünki Azərbaycanın özündə atom elektrik stansiyası olmasa da, qonşu ölkələrin əksəriyyətində nüvə reaktorları və ya atom enerjisindən istifadə ilə bağlı fəaliyyət mövcuddur. Rusiyada çoxsaylı AES-lər var, Türkiyədə “Akkuyu” AES inşa edilir, Ermənistanda riskli ərazidə “Metsamor” AES fəaliyyət göstərir, cənubda isə İran ərazisində AES mövcuddur. Dəniz sərhədimiz olan Qazaxıstanda və digər qonşu ölkələrdə də atom enerjisindən istifadə olunur. Buna görə də Azərbaycan hər zaman monitorinqlər aparmağa və radiasiya şəraitini qiymətləndirməyə hazır olmalıdır. Bu işlər də periodik şəkildə icra olunur. Bizim əməkdaşlarımız da hazırda həmin ərazilərə cəlb olunublar, onlar işğaldan azad edilmiş ərazilərdən tutmuş Salyanədək monitorinqləri icra etməkdədirlər. 

-   Son dövrlər beynəlxalq aləmdə nüvə silahı ilə bağlı gərginliyin yenidən artdığı müşahidə olunur. Bu prosesi necə qiymətləndirirsiniz?

-   Ümumilikdə nüvə silahının tətbiqi həm insanlıq, həm də onun mümkün mənfi fəsadları baxımından arzuolunan hal deyil. Yaxın gələcəkdə müasir dünya dövlətlərinin belə bir addım atacağı inandırıcı görünmür. Sadəcə olaraq, nüvə silahının tətbiqi ilə bağlı müxtəlif təhdidlər vaxtaşırı səsləndirilir və son zamanlar təəssüf ki, qonşuluğumuzda yerləşən şimal və cənub ərazilərimizlə bağlı da belə risklərin ola biləcəyi barədə fikirlər də söylənir. Ancaq indiyə qədər atom silahı yalnız Xirosima və Naqasakidə tətbiq olunub və onun fəsadları bu günə qədər də davam etməkdədir. Hesab edirəm ki, müasir dünyada belə bir silahın tətbiqi ilə bağlı qərarların verilməsi ehtimalı çox aşağıdır. BMT və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik həm nüvə silahının nəzarətdə saxlanılması, eləcə də atom, nüvə enerjisinin yalnız dinc məqsədlərlə istifadəsinin tənzimlənməsi üçün çalışır. Ehtimal olunur ki, gələcəkdə də razılaşmalar əldə olunarsa, nüvə silahlarının azaldılması istiqamətində təşəbbüslər olacaq və nüvə enerjisindən daha çox dinc məqsədlərlə istifadə ön plana çıxacaq.

-   Bəzən qeyd olunur ki, əvvəlki dövrlərlə müqayisədə bu sahədə qlobal nəzarət mexanizmləri zəifləyib. Sizcə, bu fikirlər nə dərəcədə əsaslıdır?

-   Əslində beynəlxalq nəzarət mexanizmlərinin zəiflədiyini söyləmək doğru olmazdı. Əksinə, son dövrlərdə yaranmış texnoloji imkanlar bu sahədə həyata keçirilən fəaliyyətin daha dəqiq izlənməsinə şərait yaradır. Xüsusilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müxtəlif bölgələrə göndərdiyi missiyalar, onların apardığı qiymətləndirmələr və təqdim etdiyi rəylər nəzarət mexanizmlərinin hələ də işlək olduğunu göstərir. Sadəcə olaraq, bəzi dövlətlərin fəaliyyətlərini məhdud insan qrupları ilə qapalı şəkildə həyata keçirməsi və həmin ərazilərə beynəlxalq missiyaların buraxılmaması kimi hallar ziddiyyətli fikirlərin yaranmasına səbəb olur. Bu da həmin ölkələrin qanunsuz şəkildə nüvə silahı əldə edə biləcəyi ilə bağlı fikir formalaşdırır. Amma sonda bu məsələlərə BMT və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəyi əsasında yanaşılır. Zənnimcə, dünyanın sivil şəkildə idarə olunması və bəşəriyyətin təhlükəsizliyi üçün bu qanun və qaydalara ciddi riayət olunmalıdır. Əks təqdirdə, yaranacaq nizamsızlıq bütün dünya üçün bir riskə çevrilə bilər.

-   Dünyada nüvə texnologiyalarının əldə olunması prosesi hansı mərhələlərdən ibarətdir və necə tənzimlənir?

-   Nüvə texnologiyaları deyəndə əslində bir çox istiqamətlər nəzərdə tutulur. Bu anlayış həm nüvə enerjisindən istifadəni, həm nüvə silahı ilə bağlı texnologiyaları, həm də müxtəlif tədqiqat obyektlərində, müalicə mərkəzlərində və istehsalat sahələrində tətbiq olunan kiçik nüvə texnologiyalarını əhatə edir. Azərbaycanda da, digər ölkələrdə olduğu kimi, nüvə təhlükəsizliyini təmin etmək üçün ölkəyə daxil olan bütün nüvə avadanlıqları, hətta kiçik radioaktiv izotoplar belə qeydiyyata götürülür və onların istismarı dövründə mütəmadi yoxlamalar aparılır. Dünyada isə bu proses daha genişdir. Bütün addımlar beynəlxalq qanunvericiliyə əsasən müxtəlif mərhələlər üzrə həyata keçirilməlidir. Hazırlıq mərhələsi, ərazi seçimi, mütəxəssis hazırlığı, beynəlxalq qiymətləndirmə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin missiyalarının rəyləri nəzərə alındıqdan sonra bu fəaliyyətə icazə verilə bilər. Yəni nüvə enerjisindən dinc məqsədlərlə istifadə prosesi çox mərhələli, vaxt və zəhmət tələb edən bir prosedurdur. Adi atom elektrik stansiyalarının tikintisi üçün belə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 19 əsas tələbi var və onların hər biri yerinə yetirilməlidir.

-   Əksər ölkələrin nüvə sahəsində daha “qapalı” fəaliyyət göstərməsi nə ilə bağlıdır? Təhlükəsizlik amilləri, yoxsa siyasi maraqlar?

-   Əslində nüvə texnologiyalarının inkişaf etdirilməsi və nüvə enerjisindən dinc məqsədlərlə səmərəli istifadə şəffaf şəkildə həyata keçirildikdə daha faydalı olur. Bu zaman dünya təcrübəsindən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə formalaşmış təcrübədən, texniki imkanlardan və təhlükəsizlik üzrə tövsiyələrdən istifadə etmək mümkün olur. Bu da dinc məqsədlərlə nüvə enerjisindən daha təhlükəsiz və etibarlı şəkildə istifadə etməyə imkan verir. Lakin vaxtaşırı mətbuatda da səsləndirilir ki, ayrı-ayrı dövlətlərdə və ya müəyyən ərazilərdə nüvə tədqiqatlarının nisbətən qapalı, gizli formada həyata keçirilməsinə təşəbbüslər olur. Bu isə görünür, daha çox həmin ölkələrin mövcud şəraitdə öz təhlükəsizliklərini təmin etmək, yaxud dünya üzərində daha çox söz sahibi olmaq iddiaları ilə bağlıdır. Yəni burada məsələ daha çox siyasi qərarlara dayanır.

-   Hazırda regionda geosiyasi gərginlik müşahidə olunur. Mövcud gərginlik fonunda Azərbaycanı nüvə təhlükəsi ilə bağlı risklər gözləyirmi?

-   Hazırda regionda, xüsusilə cənub qonşumuz istiqamətində müəyyən arzuolunmaz proseslər müşahidə olunur. Ümumi mənzərəni qiymətləndirərkən nəzərə almaq lazımdır ki, İranda nüvə tədqiqatları və nüvə infrastrukturu ilə bağlı müəyyən zəncir mövcuddur. Buraya uranın yerin təkindən çıxarılması, onun zənginləşdirilməsi mərkəzləri, təcrübə nüvə reaktorları və atom elektrik stansiyası daxildir. İranda Buşehr AES fəaliyyət göstərir. Eyni zamanda İran ərazisində Natanz və Fordo kimi uranın zənginləşdirilməsi mərkəzləri mövcuddur. Bu mərkəzlərdə uranın həm dinc məqsədlər, həm də strateji ehtiyatlar baxımından zənginləşdirilməsi həyata keçirilir. Son hadisələr fonunda vaxtaşırı yayılan məlumatlar radiasiya riskləri ilə bağlı narahatlığı artırır. Amma nəzərə almaq lazımdır ki, İran ərazisində reaktor olan əsas məntəqə Buşehr AES-dir. Əgər reaktorda qəza baş versə və ya zədələnmə olarsa, bu zaman ətraf ərazidə radiasiya sızması və çirklənmə ehtimalı baş verə bilər. Tez-tez adlarına rast gəlinən Natanz və Fordo isə adından da göründüyü kimi uranın zənginləşdirilməsi mərkəzləridir. Burada əsasən təbii urandan Uran-235 izotopunun ayrılması prosesi həyata keçirilir. Atom elektrik stansiyalarında istifadə olunan nüvə yanacağı adətən 3-5 faiz zənginləşdirilmiş Uran-235 ehtiva edir və bu dinc məqsədlər üçün yetərlidir. Sadəcə son dövrlərdə İranın daha yüksək faizlə zənginləşdirmə apardığı barədə məlumatlar yayılırdı ki, bu da beynəlxalq aləmdə narahatlıq yaradırdı.

Bununla belə, baş verən hadisələr fonunda hələlik Azərbaycan üçün konkret risk görünmür. Nə baş verən proseslər belə bir təhlükənin artıq yarandığını söyləməyə əsas verir, nə də aparılan ölçmələr bunu təsdiqləyir. Mütəxəssislərimizin cəlb olunduğu istiqamətlər üzrə aparılan müşahidələrin nəticələri göstərir ki, təbii radiasiya fonunda ciddi dəyişiklik yoxdur. Bundan əlavə, Azərbaycanda Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq çərçivəsində əvvəllər 17, sonradan isə daha 3 olmaqla əlavə avtomatik nəzarət sistemi quraşdırılıb. Bu sistemlərin bir hissəsi işğaldan azad olunmuş ərazilərdə yerləşir. Həmin sistemlər atmosfer havasındakı radiasiya fonunu ölçür və onlayn rejimdə ETSN-yə, həmçinin Nüvə və Radioloji fəaliyyətin Tənzimlənməsi Agentliyinə ötürür. Paylaşılan məlumatlar da göstərir ki, hazırda Azərbaycan üçün təhlükə yarada biləcək hər hansı məqam, yacud yüksək radiasiya fonu qeydə alınmayıb.

-   Azərbaycanda nüvə və radiasiya təhlükəsizliyi ilə bağlı elmi və texniki baza yetərlidirmi?

-   Azərbaycanda mövcud qurumlar təbii radiasiya fonunun ölçülməsi, onun yarada biləcəyi risklərin qiymətləndirilməsi, parallel müxtəlif tədqiqat obyektlərinə ionlaşdırıcı radiasiyanın təsirinin öyrənilməsi ilə məşğuldurlar. Eyni zamanda bioloji obyektlərə təsir, onun mənfi və müsbət nəticələrinin elmi izahı da bu fəaliyyət sahələrinə daxildir. Radioaktiv izotopların tibbdə və ayrı-ayrı istehsalat sahələrində tətbiqi də həyata keçirilir.Lakin müasir dünyanın tələbləri göstərir ki, Azərbaycanın bu günə qədər nüvə enerjisindən istifadə etməməsi o demək deyil ki, gələcəkdə buna ehtiyac olmayacaq. Son illərdə nüvə enerjisi beynəlxalq səviyyədə yaşıl enerji mənbələri siyahısına daxil edilib. Yəni bu, ətraf mühitə daha az zərər verə bilən enerji növlərindən biri kimi qiymətləndirilir. Bu baxımdan Azərbaycanda da müəyyən təşəbbüslər var. Kiçik modul reaktorların inkişaf etdirilməsi ilə bağlı fikir mübadilələri və qiymətləndirmələr aparılır. Əgər Azərbaycan gələcəkdə belə bir enerjidən istifadəyə qərar versə, paralel olaraq bu prosesləri beynəlxalq standartlara uyğun idarə edə biləcək mütəxəssislərə ehtiyac yaranacaq. Hazırda bu istiqamətdə də müəyyən müzakirələr də aparılır.

-   Azərbaycanda bu sahə üzrə mütəxəssis hazırlığı mövcuddurmu və hansı səviyyədədir?

-   Azərbaycanda mütəxəssis hazırlığını həyata keçirmək üçün Elm və Təhsil Nazirliyinin müəyyən təşəbbüs və fikirləri artıq müzakirə olunmaqdadır və real qiymətləndirmələr də aparılır. Yəni hazırda ölkədə nə qədər mütəxəssis var, onlar hansı istiqamətlər üzrə çalışırlar, gələcəkdə dinc məqsədlərlə nüvə enerjisindən istifadə imkanları yaranarsa, hansı ixtisaslar üzrə nə qədər kadra ehtiyac olacaq - bütün bunlar təhlil edilir. Mənə elə gəlir ki, bəzi hallarda nüvə enerjisini gələcəyin enerjisi adlandırırlar. Bu baxımdan biz də gələcəyin enerjisindən istifadə etməyə hazır olmalıyıq. Qısaca desəm, bu gün üçün mövcud olan mütəxəssislərimiz bugünkü problemləri həll etməyə hazırdırlar. Amma biz gələcəyi və inkişafı hədəfləyiriksə, onda bu istiqamətdə daha sürətli inkişafa nail olmalyıq.

-   Son illər Türkiyənin atom enerjisi və nüvə texnologiyaları sahəsində fəallığı artıb. Bu prosesi necə qiymətləndirirsiniz, sizcə, Türkiyə hansı mərhələyə çatıb?

-   Türkiyənin atom və nüvə enerjisindən dinc məqsədlərlə istifadə ilə bağlı təşəbbüsləri hələ ötən əsrin 50-60-cı illərindən başlayır. Lakin hazırlıq səviyyəsi, ölkədaxili siyasi və iqtisadi proseslərdən asılı olaraq bu istiqamətdə fəaliyyət müxtəlif dövrlərdə ertələnib. Hazırda isə artıq Türkiyədə Akkuyu ərazisində atom elektrik stansiyasının tikintisi aktiv şəkildə davam edir. Bu proses Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti, onun tələblərinə və standartlarına riayət olunmaqla həyata keçirilir. Tikintini “Rosatom” şirkəti icra edir və proses kifayət qədər sürətlə gedir. Bizim Radioekologiya laboratoriyası da Azərbaycanda yeganə laboratoriyalardan biridir ki, “Akkuyu” AES ətrafında radiasiya fonunun ölçülməsi və risklərin qiymətləndirilməsi prosesində iştirak edib. Bu istiqamətdə bizim də müəyyən təcrübəmiz var. Türkiyədə artıq bir reaktor üzrə işlər yekunlaşmaq üzrədir. Hətta ora nüvə yanacağının yerləşdirilməsi prosesi də aparılır. Amma ümumi proses hələ davam edir və yekun mərhələyə çatması üçün daha bir neçə ilə ehtiyac ola bilər.

-   Türkiyənin bu istiqamətdə atdığı addımlar regionda yeni güc balansının formalaşmasına təsir göstərə bilərmi?

-   Türkiyə regionda artıq gücdür. Bu məsələ daha çox siyasi yanaşma tələb edir. Ancaq Türkiyə nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək istiqamətində fəaliyyətini davam etdirir. Təbii ki, bu onun iqtisadi və enerji gücünü artıracaq, istehsal imkanlarını genişləndirəcək. Bu da daha güclü Türkiyənin formalaşmasına təkan verən amillərdən biri olacaq.

-   Radiasiya məsələsi cəmiyyətdə daha çox qorxu ilə qarşılanır. Real mühitdə radiasiyanın insan sağlamlığına təsiri nə qədər təhlükəlidir?

-   Bilirsiniz, böyük şairimiz Nizami Gəncəvinin məşhur bir kəlamı var: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Yəni həyatda tam zərərli və ya tam zərərsiz anlayışı çox nisbi məsələdir. Mövcud olan bütün maddələr, qida məhsulları, elementlər və digər vasitələr müəyyən həddə qədər insan sağlamlığı üçün problem yaratmır. Amma yol verilən hədd keçildikdə təhlükə meydana çıxır. Radiasiya da eynilə belədir. Əslində radiasiya dünyada hər yerdə var. Hətta oturduğumuz otaqda, ətraf mühitdə müəyyən radiasiya fonu mövcuddur. Sadəcə bu fon yol verilən həddədir. Azərbaycan kimi, süni radioizotoplardan geniş istifadə olunmayan, nüvə enerjisi tətbiq edilməyən ölkələrdə radiasiya fonunu əsasən yer səthindəki süxurların mineral tərkibində olan radioaktiv izotoplar formalaşdırır. Bunlara təbii mənşəli radionuklidlər deyilir. İnsan orqanizmi də yaşadığı ərazidəki təbii radiasiya fonuna uyğunlaşır. Buna görə də bu, normal şəraitdə risk yaratmır. Təhlükə o zaman yaranır ki, təbii fondan əlavə, radiasiya səviyyəsini dəyişə biləcək başqa mənbələr ortaya çıxır və əlavə şüalanma dozası formalaşdırır. Məsələn, tibbi müayinələr zamanı biz əlavə şüalanma dozası alırıq. Ona görə də tibb müəssisələrində xüsusi prosedurlar mövcuddur və bir insanın ardıcıl şəkildə rentgen və oxşar şüalara məruz qalması məhdudlaşdırılır. Xüsusi şəraitdə işləyən insanlar da radiasiya riski olan sahələrdə çalışa bilərlər. Belə hallarda onların şüalanma müddəti tənzimlənir, uzun müddət həmin mühitdə qalmasına imkan verilmir. Bütün bunlar da insan sağlamlığının qorunmasına xidmət edir.

-   Radiasiya təhlükəsi yaradan şüalanma dozası varmı? Azərbaycandakı vəziyyəti necə qiymətləndirirsiniz?

-   Radiasiya təhlükəsi yaradan kritik şüalanma dozası yoxdur. Ölkə üzrə orta radiasiya fonu saatda təxminən 14 mikrorentgen civarındadır ki, bu da insan sağlamlığı üçün ciddi risk yaradan səviyyə sayılmır. Ümumilikdə, Azərbaycan radiasiya təhlükəsizliyi baxımından əlverişli ərazi hesab oluna bilər və söyləyə bilərik ki, biz təhlükəsiz mühitdə yaşayırıq.

-   Nüvə texnologiyaları ətrafında dolaşan “sirli” və ya qeyri-elmi iddialar nə dərəcədə əsaslıdır?

-   Bu məsələdə əsas diqqət nüvə materiallarının əldə olunması prosesinə yönəlir və bu, heç də sadə deyil. Radioaktiv maddələr təbiətdə - torpaqda, suda, ətraf mühitdə müəyyən miqdarda mövcuddur. Lakin onların nüvə materialına çevrilməsi mürəkkəb texnoloji prosesdir. Adətən söhbət uranın zənginləşdirilməsindən gedir. Təbii uranın böyük hissəsini 99,3 faizini Uran-238 təşkil edir, Uran-235 isə cəmi 0,7 faizdir. Məhz Uran-235 parçalanmaya daha həssas olduğu üçün əhəmiyyətlidir. Bu izotopun ayrılması və zənginləşdirilməsi isə yüksək texnologiya, xüsusi avadanlıq və kompleks proseslər tələb edir. Məhz buna görə də ayrı-ayrı şəxslərin və ya kiçik qrupların bu işi gizli şəkildə həyata keçirməsi real deyil.

-   Türkiyə uzun illər sonra ilk dəfə nüvə silahı əldə edə biləcəyini istisna etmədi. Qardaş dövlətin nüvə perspektivini necə qiymətləndirirsiniz?

-   Türkiyədə nüvə fəaliyyəti beynəlxalq nəzarət, xüsusilə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin monitorinqi altında həyata keçirilir. Bu ölkənin nüvə silahı üzərində işlədiyinə dair hər hansı təsdiqlənmiş məlumat yoxdur. Türkiyə ərazisində tədqiqat reaktorları fəaliyyət göstərir və elmi təcrübə genişləndirilir. Gələcək barədə konkret fikir söyləmək çətindir, lakin indiki mərhələdə prioritet enerji məqsədləridir.

-   Azərbaycan Atom Elektrik Stansiyası inşa edə bilərmi? Bu enerji təhlükəsizliyinə hansı töhfəni verə bilər? 

-   Bu istiqamətdə müzakirələr artıq başlanıb. Xüsusilə COP 29 Beynəlxalq İqlim Konfransı tədbirləri çərçivəsində və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbərliyinin Bakıya səfərindən sonra bu mövzu gündəmdədir. Hazırda əsas diqqət böyük stansiyalar deyil, kiçik modul reaktorların tətbiqinə yönəlib. Bu prosesə isə Energetika Nazirliyi rəhbərlik edir. Qeyd edə bilərik ki, belə layihələrin reallaşması enerji təhlükəsizliyinin güclənməsinə və təbii resurslardan daha səmərəli istifadəyə töhfə verə bilər.

-   Nüvə enerjisi doğrudan da ən qənaətcil enerji növüdür, yoxsa bu sadəcə mifdir?

-   Elm və son dövrlərin təcrübəsi göstərir ki, nüvə enerjisi formalaşdırılmış təhlükəsizlik protokol və standartlara uyğun istifadə olunduqda ən təhlükəsiz enerji növlərindən biri hesab edilə bilər. Müasir atom elektrik stansiyalarında təhlükəsizliyin təmin olunmasının elmi əsasları işlənib hazırlanıb, nəzarət və istismar mexanizmləri isə ətraf mühitə təsirlərin minimuma endirilməsinə imkan verir. Bu baxımdan nüvə enerjisi mövcud enerji növləri ilə müqayisədə ətraf mühitə daha az zərər vuran mənbələrdən biri kimi qiymətləndirilir. Hazırda dünyada külək, günəş və su enerjisi ilə yanaşı nüvə enerjisi də “yaşıl enerji” növü kimi qəbul olunur.

-   İran nüvə silahı əldə etməkdə ittiham olunur. Şimali Koreya və İsrail isə qeyri-rəsmi nüvə ölkəsi statusuna malikdir. Daha hansı ölkələr nüvə silahı əldə edə bilər? Bunun doğuracağı təhlükələr nələrdir?

-   İranda nüvə silahı istehsal imkanlarının mövcudluğu ilə bağlı iddialar tam təsdiqini tapmasa da, bu məsələ daha çox ehtimallar üzərində qurulmuş müzakirədir. Cənub qonşumuzda baş verən xaotik proseslər də əsasən bu məlumatlar fonunda cərəyan edir. Əslində İranın da nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququ vardır. Lakin atom elektrik stansiyaları üçün 3-5 faiz zənginləşdirilmiş uran kifayət etdiyi halda, daha yüksək səviyyədə zənginləşdirmə suallar doğurur. Son dövrlərdə İranın 440-480 kiloqrama qədər yüksək zənginləşdirilmiş uran ehtiyatına malik olduğu ilə bağlı məlumatlar səsləndirilir. Bu isə 60-80 faiz arası zənginləşdirmə deməkdir və nəzəri hesablamalara görə, bu həcmdə materialdan bir neçə nüvə başlığı hazırlamaq mümkündür. Zənginləşdirmə səviyyəsi bir qədər də artırılaraq, 80-90 faizə çatarsa, bu, artıq silah məqsədli istifadə üçün uyğun hesab olunur. Bununla belə, İran qanunvericilik səviyyəsində nüvə silahı istehsal etmək niyyətində olmadığını bəyan edib və əsas məqsədin strateji ehtiyatların formalaşdırılması olduğunu bildirib. Lakin beynəlxalq təşkilatlarla əməkdaşlıqdan imtina, şəffaflığın tam təmin olunmaması bu istiqamətdə şübhələri artırıb. Razıyam ki, ayrı-ayrı ölkələrin nüvə silahı əldə etməsi faktı mövcuddur, lakin belə fəaliyyətlər ciddi nəticələr doğurur. Nümunə olaraq, Şimali Koreyanın dünyadan təcrid olunması bu proseslərin hansı nəticələrə gətirib çıxardığını göstərir. İsrail və digər bəzi ölkələrlə bağlı isə rəsmi təsdiq yoxdur, bu daha çox ehtimallar üzərində qurulmuş fikirlərdir. Dünyada baş verən hadisələrin əsaslandırılması kimi, əsas arqument nüvə silahlarının yayılmasının qarşısını almaq və təhlükəsizlik mexanizmlərini gücləndirməkdir. Ümid etmək olar ki, yaxın gələcəkdə nəzarətsiz və qanunsuz nüvə fəaliyyətlərinin qarşısı alınacaq, bununla bağlı təşəbbüslər olmayacaq.

-   Gələcək 5-10 il ərzində radiasiya təhlükəsizliyi sahəsində əsas prioritetlər nələr olacaq?

-   Radiasiya təhlükəsizliyi dedikdə, radiasiyanın insan sağlamlığına zərər vermədən, dinc məqsədlərlə istifadəsi nəzərdə tutulur. Radiasiya təsir mexanizminə görə ionlaşdırıcı və qeyri-ionlaşdırıcı olmaqla iki yerə bölünür. Bu gün də, gələcəkdə də əsas hədəf insanların ionlaşdırıcı radiasiyanın zərərli təsirlərindən maksimum qorunmasını təmin etməkdir. Eyni zamanda radiasiyanın müxtəlif sahələrdə effektiv tətbiqi imkanları mövcuddur. Nümunə olaraq, beynəlxalq layihələr çərçivəsində pambıq toxumlarının şüalandırılması yolu ilə daha yüksək məhsuldarlıq əldə olunub. Bu artıq radiasiyanın faydalı tətbiq istiqamətlərindən biri kimi formalaşıb. Gələcəkdə prioritetlər həm insanların sağlamlığının qorunması, həm də radiasiyanın həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edən sahələrdə səmərəli istifadəsi üzərində qurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
modern.az

1Источники