RU

Özəlləşdirmə çekləri: hüquq müdafiəçilərindən hökumətə müraciət

ain.az, Ayna portalına istinadən məlumat verir.

“Çek sahiblərinin əksəriyyəti aztəminatlıdır. Neyləsinlər, necə dolansınlar, nəyə ümid etsinlər? Onları çarəsiz buraxmaq olmaz”

Məlum olduğu kimi, SSRİ-nin dağılması ilə Azərbaycan sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etdi. Nəticədə Azərbaycan Respublikasında olan nəhəng dövlət əmlakının (mülkiyyətinin) onun həqiqi sahibi olan vətəndaşlara (xalqa) əvəzsiz qaydada verilməsi məsələsi gündəmə gəldi. Çünki SSRİ-dəki əmlak xalqın mülkiyyəti idi.

1990-cı illərin 1-ci yarısında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə payları kimi vətəndaşların mülkiyyətinə verilməsi qərara alındı. Tarixi ədalətin təmin olunması üçün qanunlar qəbul edildi və bu qanunla dövlət əmlakının, dövlət özəlləşdirmə payları kimi xalqa verilməsi mexanizmi quruldu.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında özəlləşdirmə qanunvericiliyi digər postsovet ölkələrində baş vermiş hüquqi pozuntular nəzərə alınmaqla daha yüksək hüquqi təminatlarla qəbul edildi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan qanunvericiliyi daha dəqiq və hüquqi baxımdan daha güclü şəkildə formalaşdırıldı və özəlləşdirmə haqqında qanunun özündə özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi olduğu birbaşa təsbit edildi.

Belə olan halda, qanunla vətəndaşlara verilmiş hüququn sonradan qanundan aşağı hüquqi qüvvəyə malik olan normativ aktlarla, xüsusilə icra hakimiyyəti orqanlarının fərmanları ilə faktiki olaraq ləğv edilməsi hüquqi dövlət prinsipinə ziddir. Sonradan həmin qanunvericiliyin icra olunmaması və icrasının aşağı hüquqi qüvvəli aktlarla məhdudlaşdırılması Konstitusiyanın aliliyi prinsipinin pozulmasıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən, Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir və qanunlar digər normativ aktlardan üstündür. İcra hakimiyyəti orqanlarının aktları qanunlara zidd ola bilməz. Dövlət Özəlləşdirmə Payları və Dövlət Özəlləşdirmə Çekləri ilə bağlı hüquqi gözləntinin kompensasiya ödənilmədən aradan qaldırılması mülkiyyət hüququnun pozulması hesab olunur və Konstitusiyanın 29-cu maddəsinə ziddir. Nəticə olaraq, dövlət tərəfindən verilmiş mülkiyyət hüququnun qanundan aşağı hüquqi aktlarla faktiki olaraq aradan qaldırılması hüquqi dövlət prinsipinin, Konstitusiyanın aliliyinin və mülkiyyət hüququnun pozulmasıdır.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan vətəndaşlar (686 iddaçı və 3500-dən çox 3-cü şəxs) 2024-2025-ci illərdə Bakı İnzibati Məhkəməsinə, sonradan Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə ərizə ilə müraciət edib. Lakin məhkəmələr qanunları və Konstitusiyanı pozaraq işi araşdırmaqdan imtina edib.

Gəlin QANUNla olan normalara baxaq:

İddia ərizəsinin predmetini mülkiyyət hüququnun pozuntusu təşkil edir və bu pozuntulara iddia müddəti şamil olunmur. Məhz Mülki Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri – iddia müddətinin şamil edilmədiyi tələblərdən biridir. Bu norma imperativ normadır.

Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsində deyilir ki, “maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır”.

Məhz həmin elan dərc olunandan sonra 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlayır. Lakin məlum olduğu kimi, bu barədə qanunla imperativ qaydada tələb edilən elan mətbuatda dərc olunmayıb. Hətta, 2017-ci ildə Qanunla özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasına cavabdeh dövlət orqanı olan AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən rəsmi olaraq bildirilib ki, 75 N-li Fərmanın 1.1 bəndinə uyğun olaraq 01.01.2011-ci ilə qədər özəlləşdirmədə ödəmə-tədiyyə vasitəsi kimi istifadə edilməyən çeklərin dövriyyədən çıxarılması qaydaları hazır olmadığı üçün gələcəkdə dövriyyədən çıxarılacaq. Və bu günə qədər bu barədə heç bir rəsmi ELAN olmayıb.

Başqa bir ifadə ilə 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlamadığı kimi, heç 1 illik müddət də bitməyib. Məhkəmələr tərəfindən iddiaçıların 10 və ya 1 illik iddia müddətini ötürdüklərinin qəbul edilməsi - məhkəmənin işi obyektiv və hərtərəfli araşdırmadığını, qanuni və əsaslı məhkəmə qərarı qəbul etmədiyini, ədalətli məhkəmə araşdırması hüququnun və qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu təsdiq edir.

Məhz Ali Məhkəmənin qərarının 51-ci bəndində açıq aydın yazılır ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılması” Qaydalarının hüquqi normativ akt ilə təsdiqlənməməsi halında, eləcə də, həmin çeklərin dövriyyədə olması qəbul edilsə belə, onların istifadə müddətinin bitməsi barədə maddi hüquqi norması mövcuddur”.

Ali Məhkəmə öz qərarının 51-ci bəndi ilə dövlət özəlləşdirmə çeklərinin (DÖÇ) hələ də dövriyyədə olduğunu inkar etmədi, lakin Mülki Məcəllənin 384.0.5-ci madəsinin xüsusi hüquq norması olduğunu və bu normanın ümumi normadan üstün olduğunu bilə-bilə, vətəndaşlara qarşı ədalətsiz qərar çıxardı.

Bundan başqa, ərizəçilər məhkəmələrə vəsatət ilə bildiriblər ki, 2004-cü ilə qədər heç bir qanunvericilik aktı DÖÇ-lərin tədiyyə (ödəniş) vasitəsi kimi istifadə müddətini məhdudlaşdırmayıb, lakin Ulu Öndər Heydər Əliyevin vəfatından 6 ay sonra PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev və oliqarx məmurların xəyanət və cənab Prezidentin etibarından sui-istifadəsi nəticəsində, 2004-cü ildə qəbul edilən 75 saylı fərman ilə bu müddət məhdudlaşdırıldı. Həmin vaxt və bu gün də qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə görə, “Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi - manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur”.

Göründüyü kimi, 75 saylı Fərman 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə ziddir. Bunun Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılması və işin Konstitusiya Məhkəməsinə göndərilməsi tələb olundu. Lakin məhkəmələr bu ziddiyyəti və onun hüquqi nəticələrini araşdırmadığı kimi, işi Konstitusiya Məhkəməsinə də göndərmədi. Ancaq tək hakimlər deyil, bütün ziyalılar gözəl bilir ki, normativ aktların iyerarxiyası Konstitusiya ilə müəyyən olunub və bu gün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cu maddəsi ilə çeklər ödəmə vasitəsi olmalıdır – yəni özəlləşdirmə çekləri öz hüquqi quvvəsini itirməyib.

Bu fakt birmənalıdır ki, FƏRMAN QANUNU ləğv edə bilməz!

(HÜQUQİ ƏSASLANDIRMA VƏ FAKTLARA DİQQƏT)

Özəlləşdirmə çekləri istifadə edilmədən, 2011-ci ildən sonra milyonlarla dollar dəyəri olan iri müəssisələr özəlləşdirildi. Prosesin bu işdə maraqlı olan və Ramiz Mehdiyevə yaxın oliqarx məmurlar tərəfindən aparıldığı şübhə doğurmur.

Cənab Prezident hüquqşünas deyil. Çox maraqlı haldır ki, bütün deputatlar Qanun maddəsinin Fərmanla dayandırılmasının qanunlara və Konstitusiyaya TAM ZİDD olduğunu bildirirlər – ancaq bu barədə cənab Prezidentə birbaşa Milli Məclis adından müraciət etmirlər.

Bu səbəbdən Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan onminlərlə ailə adından Milli Məclisə çoxsaylı müraciətlər edilir. Çek sahiblərinin deputatlara müraciətlərində bildirilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım olunmalıdır. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərində özəlləşdirmə çeklərinin dövriyyədə ola-ola Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər. Qeyd edilir ki, Milli Lider Heydər Əliyev dəfələrlə AzTV-dən xalqa müraciət edərək Özəlləşdirmə Çeklərini Tədavül vasitəsi kimi satmamağı - onlardan Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdirmədə iştirak etməyi məsləhət görürdu. Hətta deyirdi ki, 10,15 -20 il kecməsindən aslı olmayaraq hər bir vətəndaş öz əmlak payını almalıdır. Deputatlardan xahiş olunur ki, Prezidentə məsələni doğru-düzgün formada çatdırsınlar, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər.

Milli Məclis üzvləri də vətəndaşların müraciətlərinə reaksiya verir, əhalinin tələbini haqlı sayır, insanların pozulan hüquqlarının bərpasının vacibliyini bəyan edirlər. İndiyədək haqq-ədaləti dəstəkləyən, hökuməti qanunun aliliyinin təmin edilməsinə çağıran və haqlı vətəndaşların mövqeyini müdafiə edən deputatların sayı 60 nəfərdən çoxdur.

Ümumiyyətlə, çek sahiblərinin tələblərinin tam qanuni olması və haqlarının bərpasının vacibliyi barədə illər boyu müxtəlif sahələr üzrə tanınmış şəxslər - elm və mədəniyyət xadimləri, hüquqşünaslar, iqtisadçılar, siyasətçilər, ictimaiyyət fəalları tərəfindən fikirlər səsləndirilib, müvafiq qurumlara çağırışlar edilib. Son illər ərzində mövzuya dair mövqelərini AYNA.AZ-a açıqlayan bir sıra hüquq müdafiəçilərinin fikirlərindən xülasələri təkrar oxucuların diqqətinə çatdırırıq.

İnsan Hüquqları və Demokratiya İnsitutunun rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə:

“Özəlləşdirmə çekləri illər əvvəl dövriyyədən çıxarılsa da, hələ də öz aktuallığını qoruyub saxlayır. Bu prosesdə iştirak edə bilməyən və özəlləşdirmə paylarından istifadə etməyən əhalinin tələbləri nəzərə alınmalıdır. Hesab edirəm ki, bununla bağlı qanunun özündə zidddiyyətli məqamlar var və ilk növbədə buna aydınlıq gətirilməlidir.

“Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları haqqında” əsasnamənin beşinci bəndində qeyd olunur ki, çeklərin istifadə müddəti qeyri-məhduddur. Lakin digər yandan konkret müddət qoyulur ki, 2011-ci ildən özəlləşdirmə çeklərinin tədavül müddəti başa çatıb. Ortada olan zidiyyətli məqamlar aradan qaldırılmalıdır.

Əgər qanunvericilikdə çeklərin istifadə müddəti qeyri-məhdud göstəririlibsə, hansı səbəbdən tədavül müddəti başa çatmış elan edilib? Bir daha qeyd etmək istəyirəm ki, bu məsələlərə aydınlıq gətirilməlidir. Bu mənada vauçerləri əllərində qalan vətəndaşların tədavül müddətinin artırılması ilə bağlı tələbləri əsaslıdır.

Digər tərəfdən, Konstitusiyanın tələbidir ki, fərman qanunun önünə keçə bilməz, hansısa fərmanla qanun qüvvədən salına bilməz. Çeklər də əhaliyə qanunla paylanılıb və fərmanla qanunun tələbini pozmaq olmaz.

Konstitusiya Məhkəməsi səviyyəsində məsələyə baxılmasına, hüquqi qiymət verilməsinə ehtiyac var. Nəzərə almaq lazımdır ki, çekləri əllərində qalan vətəndaşların böyük bir qismi aztəminatlı insanlardır. Onların hüquqlarının pozulması yolverilməzdir və məsələyə mütləq yenidən baxılmalıdır. Unutmayaq ki, narazıların sayı yüz deyil, min deyil, yüzminlərlədir”.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı:

“Sovet İttifaqından qalmış dövlət mirasının bölüşdürülməsi qaçılmaz idi. O dövrdə postsovet dövlətlərinə rəhbərlik edən şəxslər də bunu anlayırdılar. Bu səbəbdən bütün keçmiş İttifaq dövlətlərində bu proses həyata keçirildi. Çünki başqa yol yox idi.

Ən dəhşətli məqam odur ki, bu prosesi elan etdilər. Lakin prosesi o qədər sürətlə təşkil etdilər ki, əhali bir də onda ayıldı ki, “lələ köçüb, yurdu qalıb”. Əslində isə bu prosesə başlamazdan əvvəl geniş maarifləndirmə işləri aparılmalı idi. Vətəndaşlar bilməli idilər ki, bu vauçerlərin mahiyyəti nədir. Amma heç kim bilmirdi. Baxmayaraq ki, kifayət qədər savadlı və anlayışlı adamam, mən də bunun mənasını bilmirdim.

Vətəndaşlar bu barədə proses bitəndən sonra məlumatlı oldular. Demək olar ki, əhalinin mütləq əksəriyyəti vauçerləri satmışdı. Az sayda insanda qalmışdı ki, onlar da gözləmə mövqeyi tuturdu. Mənim qonşum həmin vauçeri satıb, özünə televizor aldı. Təsəvvür edin, adamın ata-babası illərlə tər töküb, Sovet dövlətinə xidmət edib, nəticədə bir televizorla bunun qarşılığı verilir.

Təəsüf ki, vətəndaşlar bu məsələdə də aldadıldılar. Təbii ki, proses şəffaf aparılsaydı, çox şeylər qazanardıq. Sovetdən qalma müəssisələrdə pay sahibi olardıq, səhmdarı olduğumuz müəssisələrin fəaliyyətində yaxından iştirak edərdik, özümüz, övladlarımız iş-güc yiyəsi olardı. Yeni-yeni mütəxəssislər yetişərdi. Bunlar olmadı. Heç olmasa, kimin əlində vauçerləri qalıbsa, onların hüquqlarına hörmətlə yanaşsınlar və tədavül müddətini artırsınlar”.

Azərbaycan İnsan Haqları Mərkəzinin sədri Zalihə Tahirova:

“Özəlləşdirmə çeklərinin çoxu aztəminatlı əhalidə qalıb. Onları Allahın ümidinə buraxmaq olmaz. İnsanları sosial problemlərlə yükləmək olmaz, onlar bunu qaldıra bilmirlər. Axı, bu insanlar yazıqdırlar. Neyləsinlər, necə dolansınlar, nəyə ümid etsinlər? Koronavirus pandemiyası zamanı hər yerdə kütləvi işsizlik oldu. Çoxlu sayda müəssisələr, şirkətlər çökdü. Digər yandan da bahalaşma dalğası.

Heç olmasa, müəyyən imtiyazlar verilməlidir. Özəlləşdirmə çekləri vətəndaşların halal haqqıdır. Nəyə görə sual olunmalıdır ki, “niyə indiyə qədər satmamısan?” Axı, bu, onun hüququdur. O zaman satmayıb, indi satmaq istəyir - bu, məsələnin mənəvi və iqtisadi tərəfidir.

Amma hüquqi tərəfləri də var, axı. Əvvəla, bu çeklər vətəndaşlara qanunla verilib və onun imkanlarını qanundan aşağı qüvvəyə malik hansısa hüquqi aktla məhdudlaşdırmaq qanunvericiliyə ziddir. Həmçin, çeklər verilərkən qeyd olunurdu ki, əvəzsiz və müddətsizdir. Sonradan tədavül müddəti məsələsini ortaya atdılar. Birdəfəlik deyərdiniz ki, “vermirik” də! Daha bu boyda həngaməyə nə ehtiyac vardı?!

Sözsüz ki, yüzminlərlə vətəndaşın hüquqları bərpa edilməlidir. Onlara şərait yaradılmalıdır ki, əllərində qalan özəlləşdirmə paylarını istifadə etsinlər. Ya tədavül müddətini artırsınlar, ya növbəti özəlləşmədə iştiraklarına şərait yaratsınlar, ya da kompensasiya ödəsinlər. Bunun bir formatını tapmaq lazımdır. Bu formatın necə olacağına gəldikdə isə, bu, artıq hökumətin məsuliyyətidir. Bütün hallarda qanuna istinad olunmalıdır”.

Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, “Şöhrət” ordenli Səadət Bənənyarlı:

“Müvafiq qurumlar özəlləşdirmə çekləri əllərində qalan vətəndaşlarla bağlı araşdırmalara başlamalıdır. O zaman bu fərman cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılandı. Çünki bir sistemdən digər sistemə keçid edirdik və özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faiz payçısı vətəndaşlar olmalı idi. Həmin dövrdə qəbul edilən qanunlarda özəlləşdirmə çekləri üçün inflyasiyadan qorunan məbləğ də müəyyən edilmişdi.

Lakin özəlləşdirmə prosesi ciddi qüsurlarla müşayiət olundu. Oliqarx məmurlar və işbazların marağında idi ki, proses sürətlə yekunlaşsın. Bu səbəbdən üzərlərinə düşən funksiyanı yerinə yetirmədilər, təbliğat işi aparmadılar və əhalinin əksər hissəsi öz vauçerlərini dəyər-dəyməzinə satışa çıxardı.

Bu gün çekləri əllərində qalan vətəndaşlar üçün “qapıları bağlamaq” doğru yanaşma deyil. Çünki bu, vətəndaşların konstitusion hüququdur. Onlara təqdim olunan çeklərin ya tədavül müddətini artırmaqla bazara çıxarılmasına şərait yaradılmalı, ya da müvafiq kompensasiya ödənilməlidir.

Bildiyim qədər, çek sahibləri bu məsələyə etiraz nümayiş etdirirlər. Onlar sistemli şəkildə öz hüquqlarını tələb etsələr, biz də onların yanında olacağıq. Onsuz da bu məsələyə məntiqi yekun vurulmalıdır. Yaxşı olardı ki, hökumət bunu nəzərə alsın və özəlləşdirmə payları əllərində qalan vətəndaşların taleyinə aydınlıq gətirsin”.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu:

“Hökumət təcili olaraq vəziyyətə müdaxilə etməlidir. Mərhum Prezident Heydər Əliyevin bununla bağlı imzaladığı fərmanda və qanunvericilikdə açıq şəkildə qeyd olunur ki, özəlləşdirmə çekləri dövlət qiymətli kağızıdır. Qiymətli kağızlar üçün isə tədavül müddəti qoyula bilməz. Bu proses fərmanda qeyd olunan səviyyədə icra edilməyib və yalnız bir qrup işbaz bundan faydalanıb. Hansı ki, özələşdirmə çekləri vətəndaşları pay sahibinə çevirməli, dədə-babalarından qalan əmlakın bölüşdürülməsində onların iştirakını təmin etməli idi.

Göründüyü kimi, bunların heç biri baş verməyib. Prosesi icra etməyə məsul dövlət qurumları heç bir statistika açıqlamayıb ki, nə qədər dövlət müəssisəsi və ya şirkəti özəlləşdirmə çekləri vasitəsilə hərraca çıxarılıb. Bütün bunlar həyata keçirilməyibsə, tədavül müddətini bitirməklə, qiymətli dövlət kağızını əhəmiyyətsiz kağız parçasına çevirmək yolverilməzdir.

Ortada yüzminlərlə vətəndaşın hüquqları pozulub, onlara məxsus özəlləşdirmə çekləri əlində qalıb. Bu gün onlar həmin vauçerləri nə sata bilir, nə də buna görə kompensasiya əldə edirlər. Hökumətin başçısı, Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyasının sədri Əli Əsədov buna aydınlıq gətirməlidir. Nazirlər Kabineti müraciətləri cavabsız qoymaq, üzərindən sükutla ötmək ənənəsindən imtina etməldir. Əgər bu dövlətin başçısı vətəndaşlardan daxil olan müraciət və şikayətlərə reaksiya verirsə, heç bir məmur da bundan yayınmamalıdır”.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı:

“Hökumət rəsmilərinin özələşdirmə çekləri ilə bağlı müzakirələrə laqeyd yanaşması təəssüf doğurur. Sosial şəbəkələrdə özəlləşdirmə çeki əlində qalan vətəndaşlar tərəfindən səhifələr, qruplar yaradılıb. Həmin səhifələrdə özəlləşdirmə çekləri ilə bağlı ətraflı informasiyalar yerləşdirilir. Digər sosial məsələlərdə olduğu kimi, bu məsələdə də qanun vətəndaşdan yanadır. Çünki fərmanda və qanunda nəzərdə tutulan müddəalar yerinə yetirilməyib.

Günün birində, heç bir əsas olmadan elan ediblər ki, tədavül müddəti başa çatıb. Heç hesabat verən oldumu ki, nə qədər müəssisə özəlləşdirməyə çıxarılıb, proses necə yekunlaşıb?! Tələm-tələsik prosesi bitirdilər. Bu gün yüzminlərlə vətəndaş hüquqsuz durumda qalıb. Onların əlində olan özəlləşdirmə çekləri dəyərsiz kağız parçasına çevrilib. Nəhayət, bu məsələyə məntiqi yekun vurulmalıdır. Müvafiq qurumlar bu istiqamətdə hərəkətə keçməli və qəti addımlar atmalıdır”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəbəri Sahib Məmmədov:

“Özəlləşdirmə çeklərinin paylanması tam şəffaf formada həyata keçirilsə də, proses uğurla başa çatmadı. Bu, çox ciddi bir fərman idi. Ölkə vətəndaşlarının da qarşısında geniş imkanlar açırdı. Lakin maariflənmə səviyyəsinin aşağı olması, işbazların müdaxiləsi nəticə etibarilə prosesin uğurla yekunlaşmasına mane oldu. Bu gün yüzminlərlə vətəndaş çekləri əllərində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Azərbaycan hökuməti bu istiqamətdə araşdırmalara başlamalıdır.

Bu məsələyə məntiqi yekun vurmaq istəyiriksə, araşdırmalar vətəndaşların maraqları nəzərə alınaraq aparılmalıdır. Bütün hallarda vətəndaşların hüquqları qorunmalıdır. Onları Allahın ümidinə buraxmaq olmaz. Ya tədavül müddəti artırılmalı, ya da dəyən zərər hansısa formada kompensasiya edilməlidir. Bunu necə həyata keçirmək isə, söylədiyim kimi, müvafiq qurumların səlahiyyətinə aid olan məsələdir. Onlar da bu məsələyə aydınlıq gətirməlidirlər”.

Müstəqil Ekspertiza İnstitutunun direktoru Şükür Hüseynov:

“Ölkəboyu həyata keçirilən kompleks islahatlar özəlləşdirmə çekləri əlində qalan vətəndaşlara da şamil olunmalıdır. Son Prezident seçkilərindən sonra andiçmə zamanı cənab Prezident İlham Əliyev bəyan etdi ki, ölkədə hərtərəfli islahatlar həyata keçiriləcək. Ötən dövr ərzində çox ciddi islahatlar aparıldı. Hakimiyyət qolları yeniləndi, idarəetməyə yeni nəfəs gətirildi. Tarixi Zəfər əldə etdik, torpaqlarımız işğaldan azad edildi. Açıq şəkildə söyləmək olar ki, son illərdə Azərbaycan regionda və beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, əhəmiyyətli dəyişikliklərə və uğurlara imza atdı.

Bu islahatlar davam edir və nəticələrini hər bir ölkə vətəndaşı öz gündəlik həyatında hiss edir. Yaxşı olardı ki, bu islahatlar prosesinin əhatə dairəsi genişləndirilsin. Millət vəkilləri, tanınmış ziyalılarımız rəsmi qurumlara müraciət edirlər ki, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilsin. Faktiki olaraq onlar dövlətin ayırmış olduğu imtiyazdan istifadə hüququndan məhrum olublar.

Düzdür, iddia oluna bilər ki, bunun üçün zamanları olub. Amma bu proses obyektiv şəkildə aparılmayıbsa və vauçer sahibləri də bunun fonunda nəyəsə ümid ediblərsə, buna görə onları ittiham etməyə dəyməz. Bu adamları Allahın ümidinə buraxmaq olmaz. Hökumət öz vətəndaşlarına sahib çıxmalıdır. Nəhayət, bu məsələyə məntiqi yekun vurulmalı və vauerləri əlində qalan vətəndaşlarla bağlı tarixi qərar elan olunmalıdır”.

“MBA” konsaltinq hüquq şirkətinin baş direktoru Nüsrət İbrahimov:

“Ötən əsrin 90-cı illərində vətəndaşlara əvəzsiz olaraq özəlləşdirmə çekləri paylanılsa da, sonradan proses yarımçıq saxlanıldı. Bu, çox mütərəqqi bir qərar idi. Çünki Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi. Sovetdən qalma dövlət əmlakının vətəndaşlar arasında bölüşdürülməsi ən optimal variant idi. O zaman bununla bağlı verilən fərman cəmiyyətdə böyük sevinclə qarşılandı.

Əslində, özəlləşdirməyə çıxarılacaq müəssisələrdə əsas payçılar da vətəndaşlar olmalı idi. Bu, həm də keçid dövründə olan ölkəmizin vətəndaşları üçün bir imtiyaz demək idi. Nəticədə yeni-yeni fəaliyyət sahələri formalaşmalı, əhali bazar iqtisadiyyatına transformasiya etməli idi. Çox təəssüf ki, bu proses məlum səbəblərdən sona qədər aparılmadı.

Bu məsələnin yenidən gündəmə gəlməsi prosesin bitmədiyini söyləməyə əsas yaradır. Əvvəla, o zaman məsələyə məsul qurumlar maarifləndirmə işini yüksək səviyyədə aparmadı. Əhalinin əksər hissəsi ümumiyyətlə, bilmədi ki, bu vauçerlərin mahiyyəti nədir. Hesab etdilər ki, bu çekləri satışa çıxarmaq daha məqbul yoldur. Təbii ki, gözləyənlər və gözləmə mövqeyində qərarlaşıb, bu çekləri itirənlər də oldu. Əhalinin xeyli hissəsi öz vauçerlərini, belə desək, “əritdi”.

Lakin bütün bunlarla yanaşı bu gün də çekləri əllərində qalan vətəndaşlarımız var. Məlumatlara görə, onların sayı yüz minlərlədir. İmkan vermək olmaz ki, onlar dövlətin ayırdığı halal haqlarından məhrum olsunlar. Bu baxımdan məsələyə yenidən qayıtmağa - ya tədavül müddətini artırmağa, ya da müvafiq kompensasiya ödəməklə çek sahiblərinin hüquqlarını bərpa etməyə ciddi ehtiyac var.

Hökumət bununla bağlı müvafiq araşdırmalara başlamalıdır. Əvvəlcə müəyyən olunmalıdır ki, əllərdə nə qədər çek var. Buna müvafiq olaraq kompensasiya mexanizmləri hazırlanmalıdır. Hər hansı komissiya və ya qurum yaradıb, bu məsələyə birdəfəlik son qoymaq lazımdır”.

“Prospekt” Vəkil Bürosunun rəhbəri Həbib Əliyev:

“Əllərindəki özəlləşdirmə payları qiymətsiz hala salınan vətəndaşlar haqlıdırlar. Onların hüquqları növbəti dəfə pozuldu. Məlumdur ki, vətəndaşlara verilən çeklərin üzərində müddət qeyd olunmayıb. Eyni zamanda, vauçerlərlə bağlı qanunvericilikdə xeyli göstərişlər var ki, onlar çek sahiblərinin haqlı olduğunu, bunun dövriyyədən çıxarılmasının qanunsuz olduğunu göstərir. Mən həmin qanunları bir-bir sadalamaq istəmirəm. Amma aidiyyəti dövlət qurumları o qanunlara nəzər salmalıdır.

Mməsələ ilə bağlı vətəndaşların xeyirinə qərar verilməlidir. Dövlət iradə nümayiş etdirməli və illərdir davam edən bu problemə birdəfəlik nöqtə qoymalıdır. Vətəndaşın haqqı-hüququ pozulubsa, hansısa dövlət orqanı, məmur bu qanunsuzluğa yol veribsə, dövlət məsələyə, necə deyərlər, “əl qoymalıdır”. Bu insanlar dövlətin verdiyi qiymətli kağızdan istifadə edə bilməyiblər. Onların dövlətin payından yararlanmasına şərait yaradılmalıdır. Qanunun tələb etdiyi formada qərar verilməli, hüquqlar bərpa olunmalıdır”.

QEYD

Ötən əsrin sonunda - Özəlləşdirmə Payları (çekləri) 29 sentyabr 1995-ci il 1120 nömrəli Qanunla qəbul olunmuş Dövlət  Proqramı ilə verilmişdir və Qanunun icrasını təmin etmək ücün  AR Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə"yə uyğun olaraq (verilmişdir) paylanmışdır. Qanunla vətəndaşlara mülkiyyət sahibi olmaq üçün verilmiş qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Eyni zamanda dövriyyədə Tədiyyə-Özəlləşdirmə vasitəsi kimi istifadəsi də Qanuna və Konstitusiyaya zidd olaraq Fərmanla məhdudlaşdırılıb. Əllərində qiymətli kağız olan çekləri qalmış yüzminlərlə vətəndaş Tədiyyə-Ödəmə müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir. Çünki vətəndaşlar üçün çeklərin dövriyyədə tədavül vasitəsi ( alqı-satqı, banka girov və s.) olması vacib deyil. 100 minlərlə vətəndaş Heydər Əliyevin məsləhətinə uyğun olaraq öz çeklərindən dövriyyədə Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdiriləcək iri müəsisələrdə pay sahibi olmaq və divident almaq ümüdi ilə öz çeklərini satmayıb – saxlayıblar.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 15 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
3
ayna.az

10Источники