RU

“DokuToor 002” sənədli film proqramı start götürür: ilk nümayiş Sumqayıtda olacaq

Bakı, 13 aprel, AZƏRTAC

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı, Gənc Film İstehsalçıları Assosiasiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən, Mədəniyyət Nazirliyinin dəstəyilə həyata keçirilən “Sənədli kino - uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə” layihəsi çərçivəsində “DokuToor 002” sənədli film nümayişləri proqramı təqdim olunur.

Azərbaycan Kinematoqrafçılar İttifaqından AZƏRTAC-a bildirilib ki, “DokuToor” proqramının ilk nümayişi Sumqayıt Gənclər Evində baş tutacaq və uşaq və gənclərin dünyasına işıq tutan filmlərlə start götürəcək.

“DokuToor” proqramı sənədli kino vasitəsilə regionlarda və eləcə də Bakıda mədəni dialoqu gücləndirməyi, gənclərin və geniş auditoriyanın dünyagörüşünü zənginləşdirməyi, eyni zamanda düşüncə sərhədlərini genişləndirməyi hədəfləyir. Proqram çərçivəsində təqdim olunan seçilmiş filmlər yerli və beynəlxalq kino mühitinin aktual və təsirli nümunələrini bir araya gətirərək tamaşaçılara müxtəlif və dərin baxış bucaqları təqdim edir.

Proqramın məzmun xətti xüsusilə aktual mövzulara fokuslanır: uşaq dünyasının formalaşması və inkişafı, insanın daxili aləminin araşdırılması, eləcə də ekoloji və tənqidi şüurun oyanışı. Bu yanaşma tamaşaçını yalnız müşahidəçi deyil, eyni zamanda düşünən, hiss edən və mövqeyini formalaşdıran aktiv iştirakçıya çevirir.

Eyni zamanda, proqram çərçivəsində “DokuBaku”nun son buraxılışında mükafat qazanmış qısa və tammetrajlı filmlər də nümayiş olunur. Bu seçim tamaşaçılara artıq yerli və beynəlxalq səviyyədə yüksək qiymətləndirilmiş, bədii və məzmun baxımından dəyərli ekran əsərləri ilə tanış olmaq imkanı yaradır. Filmlər müxtəlif yaş kateqoriyalarına uyğun şəkildə seçilərək, fərqli auditoriyaların dünyanı anlama, qavrama və yenidən dərk etmə prosesinə müsbət təsir göstərir.

Proqram çərçivəsində nümayiş olunan bütün filmlər Azərbaycan və ingilis dillərində subtitrlərlə təqdim olunur ki, bu da layihənin inklüzivliyini artıraraq müxtəlif dil və mədəniyyətlərdən olan tamaşaçılar üçün əlçatanlıq yaradır.

Избранный
18
2
azertag.az

3Источники