RU

Dövlətimiz çoxlarına örnək olacaq ləyaqətli və cəsarətli davranış sərgiləyir- ÖZƏL

"Sərhədlərimiz yaxınlığında son dərəcə mürəkkəb və təhlükəli proseslərin getdiyi bir dönəmdə Azərbaycan cəmiyyətinin və dövlətinin baş verənlərə yanaşmadakı davranışlarını sosial şəbəkələrdəki statuslara əsaslanaraq qiymətləndirməli olsaq, təəssüf ki, adekvat və Azərbaycanmərkəzli yanaşmalar elə də çox deyil". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "İstərdim ki, biz azərbaycanlılar suverenliyini pozub böyük bir ölkəni humanitar fəlakətlə üz-üzə qoyanların, yaxud da buna eyni cür, yəni yenə də beynəlxalq normaları tapdalamaqla cavab verənlərin, hətta savaşa qatılmayanların belə infrastrukturuna zərər yetirənlərin marağından çıxış etmək və tərəf tutmaq əvəzinə, dövlətimizin öz torpaqlarını işğaldan qurtararkən atdığı addımları xatırlayaq və xatırladaq.
 Ermənistanın hərbi cinayət xarakterli saysız-hesabsız pisliklərinə rəğmən Azərbaycan necə davrandı? Buna tam haqqı çatdığı və imkanı olduğu halda, hayların mülki infrastrukturuna zərbə endirdimi? Ağdama, 900-ə yaxın digər şəhər və kəndlərimizə etdiklərinin birini belə təkrarladımı, onlar kimi dinc əhalini hədəfə aldımı? Hazırda savaş aparanların hərəkətində bu ləyaqətli davranışın əlaməti varmı? 
Məncə, biz cəmiyyət olaraq diqqətimizi bunlara yönəltməliyik. Həm də ona görə ki, bizi əvəz edən nəsillər də kim olduğumuzu və hansı sınaqlardan necə üzüağ çıxdığımızı bilsinlər.
Dövlətimiz hazırda baş verənlərə yanaşmasına gəldikdə, qürurluyam ki, yenə də çoxlarına örnək olacaq ləyaqətli, məsuliyyətli və cəsarətli davranış sərgiləyir. Azərbaycan Prezidenti sülhün, suverenliyin, beynəlxalq hüququn yanında olduğumuzu bütün platformalarda, o cümlədən İran Prezidenti ilə telefon danışıqlarında da nəzərə çatdırır. Onun tapşırığı ilə xarici işlər nazirinin, qardaş Türkiyə başda olmaqla, Yaxın Şərqin bir sıra aparıcı ölkələrindəki həmkarları ilə davamlı əlaqə saxlaması, dövlətimizin mövqeyini açıqlaması onu göstərir ki, biz qonşuluğumuzdakı ölkələrin çoxundan fərqli olaraq baş verənləri passiv seyr etmirik. Proseslərin tam nəzarətdən çıxmaması üçün diplomatik səylərimizi və İrana edilən yardımları da xatırlatsaq, humanitar dəstəyimizi əsirgəmirik.
 Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana dövlət səfərinin ardınca, qardaş Qazaxıstanın xarici işlər nazirinin regionun hər üç ölkəsinə baş çəkməsi, aparılan danışıqlarda Orta Dəhlizin yükaşırma potensialının artırılmasının və təhlükəsizliyinin diqqət mərkəzində olması, əslində, antiimperiya və antixaos xarakterli asimmetrik addımlardır.
 İndiki  çətin dönəmdə açıq, eləcə də gizli təhdidləri dəf etməyin, qarşıdurmanın regionumuza sıçramasının önünü kəsməyin yolu savaş aparanların heç birinin yanında yer almamaq, türk dövlətləri arasında əməkdaşlığı daha da dərinləşdirmək, Cənubi Qafqazın geosiyasi subyektliyinin təmininə çalışmaqdır ki, rəsmi Bakının bu yöndə uğurlu fəaliyyətini görməmək və alqışlamamaq mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники