RU

Sosial şəbəkələr dil normalarının ən çox pozulduğu məkandır MÜTƏXƏSSİS

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Son illərdə Azərbaycan dilinin qorunması və düzgün istifadəsi məsələsi yenidən diqqət mərkəzinə çevrilib. Xüsusilə media mühiti, televiziya proqramları və sosial şəbəkələrdə dil normalarına əməl olunmaması tez-tez müzakirə olunur.

Efirlərdə aparıcıların nitqi, istifadə olunan ifadələr və sualvermə tərzi dil mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi hallarda məişət üslubunun publisistik dilə təsiri, qeyri-dəqiq ifadələr və norma pozuntuları diqqətdən qaçmır. Bu isə geniş auditoriyaya təsir göstərərək dilin düzgün istifadəsi ilə bağlı problemlər yaradır. Rəqəmsal platformaların geniş yayılması ilə dilə münasibətdə yeni çətinliklər ortaya çıxıb. Sosial şəbəkələrdə orfoqrafik və qrammatik səhvlər, durğu işarələrinin düzgün işlədilməməsi və yad sözlərin çoxluğu dilin saflığına mənfi təsir göstərir. Bu mühitdə yayılan yanlış nümunələr xüsusilə gənc nəsil üçün risk yaradır.

Mövzu ilə əlaqədar Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan dilinin saflığı hər zaman aktuallığını qoruyan bir məsələdir. Dilin saflığı onun zənginliyini, orijinallığını qorumaq və xarici sözlərin qarşısını almaq, dil normalarına əməl etmək məqsədi daşıyır:

“Ana dili ilk növbədə öz daxili imkanları hesabına inkişaf etdirilməli və zənginləşdirilməlidir. Alınma sözlərə ehtiyac minimuma azalmalıdır.  Canlı efirdə aparıcıların nitq mədəniyyəti və ədəbi dil normalarına əməl etməsi mühüm əhəmiyyət daşıyır. Burada sualvermə mədəniyyəti, məişət üslubun publisistik üsluba təsiri əsas məsələdir. Müasir dövrdə rəqəmsal mühit və sosial şəbəkələr əsas ünsiyyət vasitəsinə çevrilib. Lakin bu platformalarda Azərbaycan dilinin düzgün tətbiqi və istifadəsi ilə bağlı bəzi problemlər mövcuddur. Rəqəmsal mühitdə ana dilinin qorunması üçün hər kəs məsuliyyətli davranmalı, dilimizin inkişafına və zənginləşməsinə töhfə verməlidir. 

Qloballaşma və rəqəmsallaşma şəraitində xarici təsirlər get-gedə artıb və normadan yayınmalar çoxalıb. Sosial media normativ pozuntuların sürətlə yayıldığı məkana çevrilib. Mediada alınma terminlərin və yeni ifadələrin qeyri-dəqiq işlənməsi funksional dəqiqliyi zəiflədir. Sosial şəbəkələrdə və bəzi media resurslarında orfoqrafiya və sintaktik normalara, durğu işarələrinin işlənməsinə riayət səviyyəsi o qədər də qənaətbəxş deyil. Bəzən də qrammatik səhvlərə yol verilir. Bu isə gələcək nəsillərin dil biliklərinin zəifləməsinə səbəb ola bilər”.

Nurcan Babək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
avtosfer.az

1Источники