RU

Yaponiyadan kripto bazarında yeni addım - Nələr dəyişəcək?

Yaponiya hökuməti kriptovalyutaları rəsmi olaraq maliyyə məhsulları kimi təsnif edib. Yeni qərara əsasən, bitkoin kimi rəqəmsal aktivlər ölkədə səhmlər və digər qiymətli kağızları tənzimləyən "Maliyyə Alətləri və Birjalar haqqında Qanun" çərçivəsində tənzimlənəcək.

Mövzu ilə bağlı kriptovalyuta eksperti, UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev Day.Az-a danışıb.

O qeyd edib ki, indiyə qədər Yaponiya kriptovalyutaları "Ödəniş Xidmətləri Qanunu" əsasında ödəniş aləti kimi qəbul edirdi və əsas diqqət aktivlərin saxlanması, çirkli pulların yuyulmasına qarşı mübarizə və birjalarda qeydiyyat məsələlərinə yönəlmişdi.

Ekspertin sözlərinə görə, yeni yanaşma ilə kripto bazarında insayder ticarətinin qadağan edilməsi, layihələr üçün maliyyə hesabatlılığının sərtləşdirilməsi və qayda pozuntularına görə daha ciddi hüquqi məsuliyyətlərin tətbiqi nəzərdə tutulur.

O vurğulayıb ki, bu addım kriptovalyutaların yalnız texnoloji aktiv deyil, tam hüquqlu investisiya aləti kimi qəbul edilməsinə doğru mühüm mərhələ hesab olunur.

Elnur Quliyev əlavə edib ki, Yaponiyanın bu qərarı kriptovalyutaların legitimliyini gücləndirir və xüsusilə Bitcoin kimi əsas rəqəmsal aktivlər üçün müsbət siqnal kimi qiymətləndirilə bilər.

Onun fikrincə, hüquqi çərçivənin dəqiqləşməsi institusional investorların bazara girişini asanlaşdıraraq kapital axınını artıra bilər.

Ekspert qeyd edib ki, bu proses Asiya regionundan başlayaraq digər bazarlara da təsir göstərə bilər və qlobal səviyyədə vahid kripto tənzimləmə standartlarının formalaşmasına təkan verə bilər.

Избранный
12
day.az

1Источники