RU

"İxtisasa yönələnlər üçün riyaziyyat suallarının çətinlik səviyyəsi müəyyənləşdirilməlidir"

Elm və təhsil naziri Emin Əmrullayevin Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda səsləndirdiyi "səmimi olaraq, hələ də başa düşə bilmirəm ki, nəyə görə yaxşı hüquqşünas olmaq üçün tarixi riyaziyyatdan daha yaxşı bilmək lazımdır?” fikirləri müzakirələrə səbəb olub.

Nazirin fikirlərini Redaktor.az-a şərh edən Bakı Dövlət Universitetinin dosenti Rəşad Qardaşov bildirdi ki, şagird orta məktəbdə bütün fənləri oxumalıdır:

"Şagirdin gələcəkdə hansı fənlərə üstünlük verəcəyi, bu, sonradan formalaşan bir tendensiyadır. Ancaq orta məktəbdə gələcək üçün lazım olan fənlərə diqqət yetirmək, onlarla məşğul olmaq qəbul edilən deyil. Bütün fənləri oxumaq və müvəffəqiyyət qazanmaq lazımdır. Riyaziyyat fənni isə 9-cu sinif buraxılış imtahanında da var və gələcəkdə ixtisas seçimlərinin əksəriyyətində də var. Mənim bir təhsil adamı kimi şəxsi qənaətim odur ki, digər ixtisaslarda riyaziyyatdan olan sualların çətinlik səviyyəsi müəyyənləşməlidir. Məsələn, görürük ki, orta məktəbdə bir şagirdimiz Azərbaycan dilinə, ədəbiyyata, xarici dilə yüksək maraq göstərir. Bu balamızdan gözəl filoloq, gözəl ingilis dili müəllimi, gözəl xarici dil mütəxəssisi çıxar. Amma şagirdin riyazi bilikləri lazım olan səviyyədə deyil. Məsələ budur ki, ixtisasa yönələn adamlar üçün riyaziyyatdan düşəcək sualların çətinlik səviyyəsi müəyyənləşdirilməlidir. Təbii ki, riyaziyyatı hamı bilməlidir".

Dosent vurğuladı ki, riyaziyyat bütün elmlərin şahıdır.

"Riyazi biliklər hamıya lazımdır, həyatın bütün sahələrində riyazi biliklər hamıdan tələb olunur. Amma məsələ odur ki, bir texniki sahəyə gedən adamlara düşən riyaziyyat sualları var, bir də humanitar sahəyə gedən adamlara düşən suallar var. Təbii ki, Dövlət İmtahan Mərkəzi tərəfindən də buna diqqət yetirilir. Riyaziyyatdan savayı, qeyri-ixtisasa gedən adamlar üçün riyazi biliklərdən düşəcək sualların səviyyəsində müəyyən asanlıq olmalıdır ki, həmin adam cavabları bilsin. Humanitar sahədə oxuyan adamın da texniki sahədə oxuyan adam kimi riyaziyyatı bilməməsi normaldır. Çünki onun marağı bu sahədir, yoxsa elə hamı riyaziyyat oxuyarsa, hamı riyaziyyat müəllimi olmayacaq ki. Mənim şəxsi qənaətimdir ki, qeyri-ixtisasda olan riyaziyyat suallarının səviyyəsi bir az asan olmalıdır. Riyazi təfəkkür hamıya lazımdır, istər şəxsi həyatda, istər cəmiyyət üçün kadr kimi yetişməkdə. Bu fikrin mən də lehinəyəm. Bu doğru fikirdir, əbəs yerə buraxılış imtahanına, blok imtahanına riyaziyyatdan sualların salınması məqsədəuyğun hesab edilmir. Lakin şəxsi qənaətimdə humanitar sahəyə meyillənən insanlar üçün riyaziyyatdan olan sualların səviyyəsi bir az asan olmalıdır", - deyə R.Qardaşov qeyd etdi.

Aytəkin TOFİQQIZI

Избранный
15
1
redaktor.az

2Источники