RU

“Yaz yorğunluğu bədənin mövsüm dəyişikliyinə verdiyi təbii reaksiyadır” -KÖŞƏ

Təbiət oyanır. Ağaclar çiçəkləyir, günəş daha isti gülümsəyir, küləklər belə daha yumşaq əsir. Amma qəribədir… insan bədəni sanki bu gözəlliyə uyğunlaşmaqda gecikir. Yaz gəlir, amma içimizdə bir ağırlıq qalır.

Səhərlər oyanmaq çətinləşir. Gözümüzü açırıq, amma ruhumuz hələ yuxudadır. Gün boyu səbəbsiz yorğunluq, bitməyən əsnəklər, diqqətin dağılması… Sanki heç nə etməsək belə yoruluruq. Bu hiss bizə tanışdır , yaz yorğunluğu.

Əslində isə bu, zəiflik deyil. Bu, bədənimizin dəyişən mövsümə uyğunlaşmaq üçün verdiyi sakit bir siqnaldır. Qışın ağırlığından çıxıb yazın enerjisinə keçmək asan olmur. Günəşin artan işığı, temperaturun dəyişməsi, hormonlarımızın yenidən “tənzimlənməsi” hamısı birlikdə bizi yorur.

Amma bəlkə də problem təkcə fiziki deyil…

Bəlkə də biz də təbiət kimi yenilənməkdən qorxuruq. Yeni başlanğıcların gətirdiyi məsuliyyət, dəyişiklik hissi, içimizdəki gizli narahatlıq… Bəzən yorğunluq sadəcə bədənin deyil, ruhun da səsini ifadə edir.

Yaz bizdən tələsməyi yox, uyğunlaşmağı istəyir. Özümüzə bir az daha anlayış göstərməyi, bir az daha yavaşlamağı, bir az daha nəfəs almağı…

Bəlkə də bu yaz, sadəcə çiçəklərin deyil, bizim də içimizdə nəyinsə oyanması üçün bir fürsətdir.

Müəllif: Günay Hacıyeva
Избранный
13
1
sia.az

2Источники