RU

Azərbaycanda Çin dilinə maraq artır: Konfutsi İnstitutunda növbəti beynəlxalq imtahanlar

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 13 aprel, AZƏRTAC

Ölkəmizdə Çin dili üzrə rəsmi imtahan mərkəzi olan Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunda bu il ilk dəfə olaraq Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) səviyyə imtahanları keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, imtahanlarda Azərbaycan ali məktəblərinin 160-dan çox tələbəsi və Konfutsi İnstitutunun tələbələri iştirak ediblər. Ana dili Çin dili olmayanlar üçün nəzərdə tutulmuş bu imtahanlar HSK-nın 1-5-ci səviyyələri üzrə yazılı, həmçinin HSKK-nın başlanğıc, orta və yüksək səviyyələri üzrə şifahi mərhələlərini əhatə edib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, hazırda üç mərhələ və doqquz səviyyəni özündə birləşdirən, dinləmə, oxuma, danışıq və yazılı tərcümə bacarıqlarını yoxlayan yeni imtahan formatı -HSK 3.0 qəbul edilib. İmtahanda həm lüğət, həm də şifahi ünsiyyət bacarıqları qiymətləndirilir, situasiya tipli çalışmalar və tapşırıqlar təqdim olunur. Yekunları bütün dünyada tanınan yeni HSK imtahanı dilçilik, psixologiya və Çin dilinin tədrisi metodları sahələrində çinli mütəxəssislərin birgə işinin nəticəsidir. Yeni test formatı Çin dilinin inkişafının ən son tendensiyaları və xarici tələbələrin xaricdə dil biliklərinin yoxlanılması metodologiyası nəzərə alınmaqla hazırlanıb. Azərbaycanda beynəlxalq Çin təhsilinin keyfiyyətli inkişafına təkan vermək məqsədilə ADU-nun Konfutsi İnstitutunun imtahan mərkəzi “Beynəlxalq Çin Təhsili üzrə Çin Dili Yetərlilik Standartları”nın tələblərinin səmərəli həyata keçirilməsi, o cümlədən müəllimlər üçün metodiki seminar və treninqlərin, imtahanqabağı məsləhətlərin və tələbələr üçün simulyasiya dərslərinin təşkili istiqamətində fəal iş aparır. Bu tədbirlərdə Konfutsi İnstitutunun müəllimləri iştirakçıları Çin dili imtahanlarının məzmunu və dinləmə, oxuma, qrammatik strukturlarda bacarıq, əsas lüğət və heroqliflər sahəsində tələblər ilə tanış edir.

İnstitutun direktoru onu da vurğulayıb ki, Dillər Universitetində yeni HSK imtahanlarının təşkili və təhlili zamanı innovasiyaların və rəqəmsal texnologiyaların cəlb edilməsi, HSK adaptiv (uyğunlaşdırılan) təlim sisteminin təşviqi, Çində HSK Study platformasından istifadə və yeni HSK tədris materialları da daxil olmaqla, HSK imtahanları sahəsində beynəlxalq təcrübə və nailiyyətlər nəzərə alınır. HSK/HSKK imtahanından müvəffəqiyyətlə keçmək və əldə edilən beynəlxalq sertifikat tələbələrə ÇXR-də təhsil almaq üçün Konfutsi İnstitutunun təqaüd proqramı müsabiqəsində iştirak etmək imkanı, eləcə də Çin şirkətlərində işləmək üçün üstünlüklər verir. HSK/HSKK imtahanının keçirilməsi Azərbaycanda Çin dilinin öyrənilməsinə marağın və Çin dili biliklərinin artdığını göstərməklə yanaşı, bu dilin ölkəmizdə tədrisinin daha da inkişafına və Konfutsi İnstitutu tərəfindən göstərilən təhsil xidmətlərinin keyfiyyətinə töhfə verir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
azertag.az

1Источники