RU

"Kapital Bank" özündən özünə köçürməyə görə də faiz tuturmuş...

"Kapital Bank" özündən özünə köçürməyə görə də faiz tuturmuş...

İqtisadçı ekspert Samir Əliyev ölkənin aparıcı maliyyə institutlarından olan “Kapital Bank”ın fəaliyyətindəki ciddi çatışmazlıqlar və müştəri hüquqlarının pozulması ilə bağlı növbəti dəfə sərt ittihamlarla çıxış edib.

AFN.az xəbər verir ki, ekspert bankın öz daxili köçürmə əməliyyatları zamanı tətbiq etdiyi qanunsuz komissiya və faiz mexanizmlərini kəskin tənqid edərək, bunu müştəriləri aldatmaq üçün istifadə edilən yeni metod kimi qiymətləndirib.

Samir Əliyevin sözlərinə görə, “Birbank” tətbiqi üzərindən həyata keçirilən daxili əməliyyatlar zamanı absurd bir texniki boşluq mövcuddur. Belə ki, müştəri səhvən kredit kartından elə həmin kredit kartının özünə vəsait köçürdüyü halda, bank bunu “nağdılaşdırma” əməliyyatı kimi qeydə alır. Nəticədə daxili köçürmədən həm 4 faiz komissiya tutulur, həm də həmin məbləğə illik 35 faiz dərəcəsi ilə gündəlik faiz hesablanmağa başlanılır.

İqtisadçı bu vəziyyəti kəskin tənqid edərək bildirib: “A kartından A kartına, yəni özünə pul köçürməyə görə müştəridən komission haqq tutmaq və üstəlik buna görə gündəlik faiz tətbiq etmək... Bu həqiqətən də anormallıq və müştəridən haqsız pul qopartmaqdır”.

Məsələ ilə bağlı bank təmsilçilərinə müraciət edən ekspertə bu problemin gələcəkdə nəzərə alınacağı deyilsə də, dəymiş ziyanın taleyi barədə heç bir məlumat verilməyib. Samir Əliyev vurğulayır ki, problem yalnız bir neçə manatlıq komissiyada deyil, yüz minlərlə müştərinin bənzər mexanizmlərlə və aşağı xidmət keyfiyyəti ilə maliyyə itkisinə uğradılmasındadır.

Ekspert həmçinin Azərbaycanda maliyyə xidmətləri alan geniş əhali kütləsininin faktiki olaraq müdafiəsiz qaldığını diqqətə çatdırıb. Onun fikrincə, banklar əhalinin maliyyə savadlılığının aşağı olmasından istifadə edərək, səhv və yarımçıq məlumatlarla vətəndaşları kredit bataqlığına salırlar.

S.Əliyev tənzimləyici qurum olan Mərkəzi Bankı da tənqid edərək bildirib ki, qurum baş verən hüquq pozuntularına qarşı seyrçi mövqedə durur və konkret tədbirlər görməyə tələsmir. İqtisadçı xatırladıb ki, banklar lisenziya əsasında fəaliyyət göstərən və əhali qarşısında məsuliyyət daşıyan təşkilatlardır, buna görə də özbaşına standartlarla müştəri hüquqlarını tapdalamamalıdırlar.

"Kapital Bank"dan S.Əliyevə cavab verilib. Həmin cavabda bildirilir ki, kredit kartında mövcud olan vəsait şəxsi vəsait deyil, kredit xətti çərçivəsində təqdim olunan bank vəsaitidir: "Bu səbəbdən kredit xəttindən edilən bəzi əməliyyatlar (məsələn, köçürmə və ya nağdlaşdırmaya bərabər əməliyyatlar) bankın tarif və şərtlərinə uyğun olaraq komissiya və faiz hesablanması ilə müşayiət oluna bilər.

Kredit xəttindən kredit xəttinə və ya digər karta edilən köçürmələr şəxsi vəsaitlə aparılan ödəniş kimi deyil, kredit vəsaitindən istifadə əməliyyatı kimi qiymətləndirilə bilər və bu halda komissiya və faiz tətbiq oluna bilər. 

Eyni karta köçürmə funksiyasının tətbiqdə mövcud olması isə müxtəlif texniki və əməliyyat halları ilə bağlıdır. Məsələn, bəzi hallarda kart hesabına şəxsi vəsait əlavə edildikdə və ya kartda şəxsi və kredit vəsaiti birlikdə olduqda, istifadəçilər bu vəsaitləri hesablar arasında idarə edə bilirlər. Buna görə də sistem texniki olaraq belə köçürmələri tam məhdudlaşdırmır.

Bununla yanaşı, qeyd etdiyiniz məqamlar və təklifləriniz bizim üçün önəmlidir. Müştərilərimizin təcrübəsini yaxşılaşdırmaq məqsədilə bu məqamlar xidmətlərimizin təkmilləşdirilməsi zamanı nəzərə alınır".

Избранный
14
afn.az

1Источники