RU

İranın əsas problemi teokratiyadır

İrana münasibətdə istər Tehran rejimini dəstəkləyənlər, istərsə də əleyhdarları bir neçə məsələni bir-birindən ayırmalıdırlar.

Birincisi, Azərbaycan əhalisinin (həm Quzeydə, həm də Güneydə) böyük əksəriyyəti- biri də mən özüm olmaqla- şiədir. Biz azərbaycanlılar islamı və onun bir məzhəbi olan şiəliyi tarixi proseslərin nəticəsində qəbul etmişik. İran rejimi istəyir qalsın, istəyir getsin, biz cəmiyyət olaraq öz dini dünyagörüşümüzdən imtina edəcək deyilik. Azərbaycanda mövcud olan heç bir ənənəvi dini cərəyan ölkəmiz üçün təhdid yaratmır. İran üzərindən təhdid yaradan, ölkəmizə ixrac olunan və fars şovinizminə xidmət edən Xomeyniçilik ideologiyasıdır. Biz bu ideologiyanı qəbul etmirik, etməyəcəyik də. İnkişaf etmiş xalqlar məsələnin həllini çoxdan tapıblar- dini ideologiya kimi istifadə etmirlər, sekulyar rejimlər qurublar. Azərbaycan da dini ideologiyaya çevirmir, sekulyar respublikadır. Bizim respublikamızda etiqad azaddır, dövlət heç bir ənənəvi cərəyanı dışlamır. İranın problemi şiəlik deyil, onun siyasi rejim tərəfindən istismar edilməsi, orada teokratik rejim qurulmasıdır.Teokratik rejimlər hansı dini, hansı məzhəbin üzərində qurulmasından asılı olmayaraq pisdir, geriçidir, o cümlədən bizim konstitutsion fəlsəfəmizə ziddir. İranda və ya başqa br yerdə buddist tekoratiya qurulması yenə eyni nəticələr verəcəkdi. Odur ki, süqut etməkdə olan İran rejimini bəhanə edib heç kim bizim tarixən formalaşmış etiqad dünyamıza qəsd etmək fikrinə düşməsin.

İkincisi, Səfəvilər bir İran yox, Azərbaycan imperiyası idi. 1722-ci ildə tarix səhnəsindən çıxdı. Bu gün İranda hakim olan teokratik rejimin meydana çıxmasının əsas səbəbləri Səfəvilərə bağlı deyil. Prosesin kökündə dayanan ən prinsipial məqamlardan biri 1908-ci ildə Qacarların İran parlamentini bombalatmasıdır. İrandakı məşrutə hərəkatının boğulması Pəhləvilərin iqtidara gəlməsi ilə nəticələndi. Pəhləvilər dövründə İranın modernləşməsi digər xalqların, o cümlədən 1000 il ərzində İrana hökm edən türk mənşəli xanədanların əsas sosial bazası olan azərbaycanlıların diskriminasiyaya məruz qalması ilə gerçəkləşdirildi. İrana şovinist fars millətçiliyi hakim oldu. Pəhləvilər modernləşmə hərəkatının siyasi cərəyanlarını məhv etdikləri üçün meydan dini seqmentlərə qaldı və onlar 1979-cu ildə inqilab edərək teokratik rejim qurdular. Bu rejim dünyagörüş olaraq Səfəviliyi nəinki qəbul etmir, hətta ona qarşı çıxır.

Üçüncüsü, İranda bu gün "Yaşıl inqilab" məğlub olur, daha öncə "Ağ inqilab" məğlub olmuşdu. Bu isə o deməkdir ki, istər sekulyar olsun, istər teokratik; istər monarxiya olsun, istər respublika, İRAN və İRANÇILIQ sıradan çıxmağa məhkumdur. Prosesin açar sözü xalqların öz müqəddəratını təyin etmək hüququdur. Bu hüququ tanımamaq, qəbul etməmək və onu gündəmdən çıxarmağa çalışmaq nə insani, nə milli, nə də bəşəri düşüncə tərzidir və tarixin dialektikasına ziddir. Milli müqəddərat hüququ yalnız etnik mənşə amili üzərindən gerçəkləşə bilməz, bu, həm də coğrafi identifikasiya tələb edir. Odur ki, Güneydə yaşayan azərbaycanlılar öz milli müqəddəratını təyin etmək haqqı danılmazdır və onu gerçəkləşdirmək potensialına sahibdirlər.

Избранный
12
aznews.az

1Источники