RU

“Sülh Körpüsü”ndə fasilə götürüldü – Hər şey bu prosesdən asılıdır

“Ermənistan vətəndaş cəmiyyəti üzvlərindən ivarət nümayəndə heyətinin üzvlərinin fikirləri müxtəlifdir. Onların ümumi mövqeyi isə ondan ibarətdir ki, erməni xalqı sülhü dəstəkləyir və artıq müharibənin olmasını istəmirlər”.

Bu sözləri “Yeni Sabah”a “1news.az” saytının baş redaktoru, “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan nümayəndə heyətinin tərkibində yer alan Kəmalə Məmmədova deyib.

Onun sözlərinə görə, son görüşdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb:

“Bu, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında, “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində sayca 4-cü görüş oldu. Bundan əvvəlki görüşdə olduğu kimi, bu dəfə də nümayəndə heyətinin səfəri quru yolla reallaşdı.

Müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıldı. Müzakirələr zamanı sülhün nə dərəcədə vacib olduğu hər iki nümayəndə heyəti tərəfindən bir daha vurğulandı”.

Baş redaktor vurğulayıb ki, bu, Ermənistanda baş tutacaq parlament seçkiləri öncəsi, tərəflərin “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində son görüşü oldu:

“Dəyirmi masa çərçivəsində Prezidentinin köməkçisi – Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə də görüşümüz baş tutdu. Görüş 2 saatdan çox davam etdi. Ermənistan heyətinin nümayəndələri öz suallarını Hikmət Hacıyevə ünvanladı”.

K.Məmmədova qeyd edib, tərəflərin mövqeləri arasında üst-üstə düşən məqamlar xeyli çoxdur:

“Ermənistanda baş tutacaq seçkilər dəyirmi masanın əsas mövzularından biri idi. Çünki seçkilərin nəticələrindən asılı olaraq, bu təşəbüsün davam edib-etməyəcəyi məlum olacaq. Hazırda gözləmə rejimindəyik. Ermənistan cəmiyyəti sülhə səs verərsə, fəaliyyətimiz güman ki, davam edəcək.

Ermənistan vətəndaş cəmiyyəti nümayəndə heyətində ötən görüşdəki üzvlərdən heç biri dəyişməyib. Mövqelərimizin üst-üstə düşdüyü mövqelər isə əvvəlki görüşlərə nisbətən artıq daha çoxdur”.

Xatırlatma: aprelin 10-12-də Azərbaycanda “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçirilib.

Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
7
yenisabah.az

1Источники