RU

İran son kozırını işə saldı: ABŞ-a TƏRS SİLLƏ

“ABŞ-ın Hörmüz boğazını və İran limanlarını blokadaya alma ehtimalı regionda gərginliyi kəskin şəkildə yüksəldə və onu strateji böhran səviyyəsinə çatdıra bilər. Çünki bu boğaz qlobal enerji daşımalarının əsas arteriyalarından biridir və burada hər hansı məhdudiyyət təkcə İranı deyil, beynəlxalq bazarları da birbaşa təsir altına salır”.

Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib:

ABŞ

“Belə bir addım Tehran tərəfindən iqtisadi mühasirə və faktiki müharibə aktı kimi qəbul oluna bilər və nəticədə İranın asimmetrik cavab mexanizmləri – dəniz təhlükəsizliyinə təhdidlər, regiondakı müttəfiqlər üzərindən təzyiq və ya lokal hərbi addımlar ativləşəcək. Bu isə gərginliyi yalnız ikitərəfli çərçivədən çıxararaq daha geniş regional qarşıdurmaya çevirəcək”.

Politoloq qeyd edir ki, bununla belə, mövcud vəziyyətin tammiqyaslı müharibəyə çevrilməsi hələ də məhdud ehtimal kimi qiymətləndirilir.

“Həm ABŞ, həm də İran belə bir ssenarinin yüksək iqtisadi, hərbi və siyasi xərclərini anlayır. ABŞ üçün geniş müharibə regionda nəzarəti çətinləşdirə və qlobal enerji bazarlarında qeyri-sabitlik yarada bilər, İran üçün isə bu, dövlət infrastrukturu və daxili sabitlik baxımından ciddi risklər deməkdir. Buna görə tərəflər daha çox “idarə olunan eskalasiya” modelinə üstünlük verəcək. Yəni gərginlik yüksək səviyyədə saxlanılır, lakin tammiqyaslı toqquşmadan qaçılır. Bu isə riskin tam aradan qalxmadığını, sadəcə nəzarətdə saxlandığını göstərir”.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
26
1
konkret.az

2Источники