RU

Tramp Ağ Evi “geopolitik intihara” sürükləyir: ABŞ Yaxın Şərqin “savaş bataqlığı”nda təkbaşına “boğulur"

Tramp administrasiyasının “əkdiyi hərbi-siyasi problemləri” indi ABŞ özünün ən ağır dövründə təkbaşına “biçmək” məcburiyyətində qalıb... Pakistanda “sülh masası”ndan əliboş qalxan ABŞ üçün Yaxın Şərqdə savaş meydanına qayıtmaq ehtimalı artıq qaçılmaz xarakter daşıyır...

ABŞ-ın Yaxın Şərqdə “savaş bataqlığı”na düşdüyü artıq inkaredilməz reallıqdır. Belə ki, prezident Donald Tramp savaşa başlayarkən, ABŞ-ın İranı cəmisi bir neçə həftə ərzində məğlum edəcəyinə əmin olduğunu vurğulamışdı. Ancaq bu, baş vermədi. Əksinə, Tramp adıministrasiyası israrla sülh danışıqlarına başlanılmasını təklif etdi. Və Pakistanın vasitəçiliyi ilə İslamabadda qurulmuş “sülh masası” 21 saatlıq gərgin danışıqlardan sonra nəticəsiz qalaraq, dağıldı.

Onu da qeyd etmək lazımdır ki, indi Ağ Ev çıxılmaz duruma düşüb. Prezident Donald bir tərəfdən, hələ də ABŞ-ın savaşda qalib gəldiyini iddia edir. Digər tərəfdənsə, İranın yenidən “sülh masası”na geri dönəcəyinə əmin olduğunu vurğulayır. Halbuki, ABŞ-ın Yaxın Şərq savaşında qalib gəldiyini təsdiqləyə biləcək heç bir real faktor mövcud deyil. Çünki Ağ Ev savaşa məhz İranın nüvə proqramının ləğv edilməsi məqsədilə başlamışdı. Və bu məsələ ilə bağlı “sülh masası” arxasında da heç bir real irəliləyiş baş verməyib.

93714015-f2dd-4015-b71c-a50084a13f48.jpg

Maraqlıdır ki, ABŞ-ın başlatdığı savaş ucbatından dünya iqtisadiyyatı üçün daha təhlükəli bir problem də yaranıb. Belə ki, indi özünü qalib elan edən ABŞ-ın savaşa başlamasından əvvəl Hörmüz boğazı tamamilə açıq idi. Ancaq indi İran bu boğazı bağlayıb və dünya iqtisadiyyatını enerji resurslarından məhrum buraxıb. Pakistanın vasitəçiliyi ilə qurulmuş “sülh masası”nda da bu məsələ ilə bağlı heç bir anlaşma mümkün olmayıb. Və indi Ağ Ev ABŞ-ın ucbatından yaradılmış bu yeni, həm də dünya iqtisadiyyatı üçün dağıdıcı problemdən çıxış yolu tapmaq məcburiyyətindədir.

Məsələ ondadır ki, Tramp administrasiyasının yürütdüyü ifrat aqressiv və təhdidkar xarici siyasət kursu ucbatından ABŞ Yaxın Şərq savaşı ətrafında baş verən hərbi-siyasi proseslərdə təklənmiş duruma düşüb. Belə ki, ABŞ-ın sərhəd qonşusu və Bayden administrasiyası dönəmində ən yaxın müttəfiqlərindən biri Kanada Ağ Evin Hörmüz boğazı ilə bağlı atacağı addımlara, eləcə də, prezident Donald Trampın digər hərbi-siyasi avantüralarına heç bir halda, dəstək verməyəcəyini rəsmən bəyan edib. Və prezident Donald Tramp tərəfindən ABŞ-ın ştatına çevrilməklə təhdid olunan Kanadanın bu mövqeyi qətiyyən gözlənilməz deyil.

Digər tərəfdən, ABŞ-ın ənənəvi hərbi-siyasi müttəfiqləri də Ağ Evdən tədricən üz çevirməyə başlayıb. İspaniya, İtaliya, Fransa, Böyük Britaniya və s. kimi Avropa dövlətləri də öz ərazilərində olan hərbi bazaları ABŞ-ın üzünə tamamilə qapadıb. Yəni, indi Ağ Ev həmin ölkələrdəki hərbi bazalardan Yaxın Şərq savaşı ətrafında yaranmış qəliz situasiyanı ABŞ-ın xeyrinə dəyişmək üçün istifadə etmək imkanından məhrum olunub. Və bu, ABŞ-ın ənənəvi müttəfiqlərini itirməkdə davam etdiyini göstərir.

eec9a606-ba1f-45a2-b527-f5a8891effb3.jpg

Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Ağ Evə dəstəkdən imtina edən Avropa ölkələri həm də ABŞ-ın NATO üzrə hərbi müttəfiqləridir. Ümumiyyətlə, Tramp administrasiyası Yaxın Şərq savaşı başlandıqdan sonra NATO-nu da israrla hərbi əməliyyatlara cəlb etməyə cəhd etsə də, buna nail ola bilməyib. Əksinə, NATO açıq şəkildə ABŞ-ın hərbi-siyasi avantüralarına qarşı olduğunu biruzə verməyi üstün tutub. Və bu səbəbdən də, NATO-dan umduğu hərbi-siyasi dəstəyi almağa nail olmayan Ağ Ev ABŞ-ın bu alyansdan çıxması ilə bağlı mövzunu sərt şəkildə qlobal gündəmə daşımağa çalışır.

Əslində, bütün müşahidələr onu göstərir ki, ABŞ-ın belə ciddi şəkildə təklənməsində Tramp administrasiyasının davranışlarının inkaredilməz rolu mövcuddur. Belə ki, prezident Donald Tramp hakimiyyətə gəldikdən dərhal sonra ABŞ-ın bütün istiqamətlər üzrə “hücum taktikası”na keçirilməsinə üstünlük verdi. İlk olaraq, Avropa Birliyi hədəfə alındı, vitse-prezident Ceyms Devid Vens “qoca qitə” ölkələrinin öz dəyərlərindən uzaqlaşdıqlarını, avtoritarizmə yönəldiyini açıq mətnlə bəyan etdi. Və bununla da ABŞ-Avropa Birliyi münasibətlərində “dərin qopmalar” mərhələsinə start verilmiş oldu.

Ancaq prezident Donald Trampın sonrakı davranışları ümumiyyətlə, ABŞ və Avropa Birliyi arasında “dərin uçurum” yaratdı. Belə ki, Ağ Ev sahibi hər imkanda Avropa Birliyini maliyyə və iqtisadi-ticari faktorlar üzərindən təhdid etməklə, münasibətləri daha da gərginləşdirdi. Xüsusilə də, Ağ Evin Avropa ölkələrini Rusiya qarşısında hərbi cəhətdən müdafiəsiz buraxmaq siyasəti ABŞ-a olan etimadı tamamilə sarsıtdı. Və indi ABŞ Tramp administrasiyasının buraxdığı kobud hərbi-siyasi səhvlərin girovuna çevrilməyə başlayıb.

13c4e18e-d7bb-4c27-8cf9-6e46b342b2f1.jpg

Məsələ ondadır ki, ABŞ hazırda Yaxın Şərqdə “savaş bataqlığı”na düşüb. Ancaq hələ də formal olaraq, NATO üzrə müttəfiq hesab edilən ölkələr ABŞ-a həmin “savaş bataqlığı”ndan çıxması üçün yardım etməyə qətiyyən həvəs göstərmirlər. Əksinə, “qoca qitə” ölkələri həm Yaxın Şərq savaşına bulaşmaq təhlükəsindən yayınmağa, həm də ABŞ-dan mümkün qədər məsafə saxlamağa üstünlük verirlər. Və bu, Pakistandakı “sülh masası”nın dağılmasından, eləcə də Ağ Evin isə Hörmüz boğazı ilə bağlı problemi həll etmək məcburiyyətində qalmasından sonra ABŞ-ın həm də “geopolitik labirintə” düşmə təhlükəsini göstərir.

Göründüyü kimi, Tramp administrasiyasının “əkdiyi problemləri” indi ABŞ özünün ən ağır dövründə təkbaşına “biçmək” məcburiyyətində qalıb. Pakistanda “sülh masası”ndan əliboş qalxan ABŞ üçün savaş meydanına qayıtmaq ehtimalı artıq qaçılmaz xarakter daşıyır. Hər halda, ABŞ Hörmüz boğazını təkbaşına açmaq niyyətinə düşüb. Üstəlik, Ağ Ev bu boğazı ABŞ hərbi gəmiləriylə bağlayaraq, açmaq planı qurub və İranı dəniz blokadasına salmaq niyyətinə düşüb. Və ABŞ-ın bu yeni hərbi taktikasının necə nəticələnəcəyi, eləcə də, Yaxın Şərqdəki hərbi böhranın nizamlanmasına təsiri olub-olmayacağı yəqin ki, tezliklə aydınlaşmağa başlayacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Избранный
13
musavat.com

1Источники