RU

Aleksandr Şarovski: “Bernarda Albanın evi” həbsxanaya çevrilmiş ev haqqında hekayədir

Bakı, 13 aprel, AZƏRTAC

“Bernarda Albanın evi” tamaşasının premyerası aprelin 25-26-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçiriləcək. Federiko Qarsiya Lorkanın məşhur pyesini tamaşaçılara Azərbaycanın Xalq artisti, rejissor Aleksandr Şarovski təqdim edəcək.

O, AZƏRTAC-ın müxbiri ilə söhbət əsnasında qeyd edib ki, bu tamaşanın ana xətti hisslərin boğulmasının mümkün olmadığıdır.

“Bu, heyrətamiz bir pyesdir! O, sevgi və nifrət, qadın təbiətinin boğulması haqqındadır. Bu hekayə həbsxanaya çevrilmiş ev haqqındadır – axı evin xanımı həbsxana gözətçisi kimi çıxış edir. O, qızlarının sevməsinə imkan vermir və bütün bunlar faciə ilə başa çatır”, - deyə rejissor bildirib.

Tamaşada Azərbaycanın Xalq artisti Natalya Şarovskaya, Əməkdar artist Mələk Abbaszadə, eləcə də Olqa Arsentyeva, Dilarə Nəzərova, Səbinə Məmmədova, Səma Vəliyeva və Tamilla Abutalıbova rol alıblar.

Bu dramın janrını öz vətənində “Fotorealizm” adlandırıblar. Burada sənədli dəqiqlik ədəbi bir üsul deyil, həyatın acı həqiqətidir: Lorka bu gün də rast gəlinən əxlaqi dəyərləri təsvir edib. Yüz il sonra da bu hekayə aktuallığını itirmir.

Müəllif – Anara Axundova

Избранный
20
1
azertag.az

2Источники