Azərbaycan futbolunda ciddi sponsor problemi var. Nə qədər şablon görünsə də, bu fikir 2026-cı ildə də aktuallığını qoruyur.
Böyük iş adamları futbola yatırım etməkdən çəkinir, klublara yaxın durmur. Təbii ki, anlaşılandır. Heç kəs qazandığını havaya sovurmaq istəməz. Bəllidir ki, hələlik liqamızdan ciddi gəlir əldə etmək mümkünsüzdür.
Amma əsas səbəb bu deyil. Məsələ Azərbaycan futbolunun daxilində gedən iyrənc oyunlardır. Kənardan baxan azarkeş durumun nə yerdə olduğunu görürsə, biznesmenlər bunu çoxdan bilirlər. Belə yerdə riskə getmək isə hər kəsin bacaracağı iş deyil.
İllər öncə Ehtiram Quliyev adlı iş adamı bu bataqlığa girmək cəsarətini göstərdi. Həm də yola Bakıda yox, öz doğma şəhəri Tovuzun klubu ilə başladı. “Turan Tovuz”un prezidenti kimi gördüyü işlər də göz önündədir.
Klubun Bakıda bazası yaradıldı, təbii ot örtüyünə malik meydançası fəaliyyətə başladı. Tovuz şəhər stadionunu öz vəsaiti hesabına təmir etdirdi. Meydançanın örtüyünü sünidən təbiiyə dəyişdirdi. İlk etapda tələssələr də, nəhayət bu ay komanda tam hazır qazonda oyuna da çıxdı.
Bu futbol fədaisi verdiyi bir açıqlamaya görə AFFA tərəfindən cərimə olundu. Səbəb kimi də AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verməsi göstərildi. Qısacası, AFFA-nın "qırmağına" keçən növbəti rəhbər şəxs Ehtiram Quliyev oldu.
Burada paradoks yaranır. Çünki etibarlılığın alçaldılması deyilən şey hakimlərin dəfələrlə yanlış qərarlar verməsidir. Həmin epizodlarda Əliyar Ağayevin səhv qərarlar verdiyini AFFA-nın Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da təsdiqləyib. Deməli Quliyev dediklərində haqlıdır. Bəs niyə cərimələnir?
Yəqin ki, AFFA bu addımı ilə öz hakimlərini cərimələmək əvəzinə doğruları deyən klub rəsmisinə “sus!” mesajı ötürür. Qurum klublar üzərində ədalət tərəzisi olmaq əvəzinə diktator rolunu oynayır. Yaxşı edirsiniz.
Bəs bu iş adamlarını futboldan küsdürərək nə qazanacaqsınız? Sabah Ehtiram Quliyev futboldan iyrənib getsə, yerinə gələ biləcək hansısa şəxs bilirsiniz?
Yox, məqsədiniz elə onları futboldan uzaqlaşdırmaq, Azərbaycan futbolunu şəxsi maraqlarınıza xidmət edən vasitəyə çevirməkdirsə, bu başqa məsələ - doğru yoldasınız. Amma tarix unutmur, biləsiniz...
“Neftçi”nin həsrəti sona çatdı: 1294 gün sonra gələn seriya!
Misli Premyer Liqasının XXVIII turu rəqəmlərin gözü ilə
"Sabah" üçün yubiley qolu
Mikelsdən 70-ci qol
Ozobiçdən yeni rekord - Kvaratsxeliyanı geridə qoydu