RU

Sülhə gedən yol: Qəbələdə ictimai diplomatiya danışıqları

Qəbələdə keçirilən görüşlər Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında dialoqun genişlənməsi və qarşılıqlı etimadın gücləndirilməsi baxımından növbəti mühüm addım kimi qiymətləndirilir.

Qəbələ şəhərində "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş baş tutub.

H.Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqların ikitərəfli xarakter daşıdığı kimi, vətəndaş cəmiyyətləri arasındakı bu mübadilələrin və etimad quruculuğu tədbirlərinin də ikitərəfli xarakter daşıması vacibdir.

0d3285d9-fd66-42c0-a47b-c1b6409b8003.jpeg

Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a şərhində bildirib ki, “Sülh körpüsü” kimi xarakterizə edilən Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti institutları arasındakı qarşılıqlı səfərlər əslində real siyasi sülhə doğru gedən yolda ictimai əsasın hazırlanması məqsədini ehtiva edir:
“Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanması mərhələsindədir. Sülh müqaviləsi hüquqi, siyasi, diplomatik sənəddir. Ancaq bu sənədin ictimai zəmində də dəstəkçiləri olmalıdır. Bu, bir növ ictimai diplomatiya kimi səciyyələndirdiyimiz diplomatiyadır. Mənə elə gəlir ki, belə görüşlərin keçirilməsi faydalıdır. Ən azı ona görə ki, qarşılıqlı səfərlər nəticəsində ictimai dözümlülük, ictimai immunitet öyrənilir. Buna “nəbz yoxlaması” da demək olar. Bu da gələcək sülh üçün münbit sosial mühit yaradır”.
H.Babaoğlu hesab edir ki, bu dəfə Qəbələdə keçirilən görüş əvvəlkilərdən fərqli idi: “Bu dəfə məqsəd daha çox informasiya mühitində pozitiv mesajlar verməklə, qarşılıqlı şəkildə liberal və dözümlü ictimai əhval-ruhiyyə yaratmaq idi. Bu çox vacibdir. Nəticə etibarilə medianın ritorikası ictimai rəyi formalaşdırır. Bu kontent nə qədər yumşaq və pozitiv olarsa, qarşılıqlı ictimai reaksiya da elə olacaq. Yəni budəfəki görüşdə tərəflər daha çox informasiya mühitində ictimai dözümlülüyün formalaşdırılması və ictimai rəyin qarşılıqlı şəkildə radikal deyil, liberal mövqedən çıxış etməsinə fokuslanmışdılar”.

Nigar Həsənli
Musavat.com

Избранный
34
musavat.com

1Источники