Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2 mindən artıq ev və ictimai binanın üzərində damüstü günəş panelləri quraşdırılıb. Energetika Nazirliyindən verilən məlumata görə, bu obyektlərdə ümumi gücü 7 min kVt-dan artıq olan günəş panelləri istifadəyə verilib.
Qeyd olunub ki, müasir şəhərsalmanın əsas elementlərindən sayılan damüstü günəş panelləri bölgənin “yaşıl enerji” zonasına çevrilməsində mühüm rol oynayır. Bu yanaşma enerji səmərəliliyinin artırılmasına, eyni zamanda ərazilərin daha dayanıqlı və ekoloji cəhətdən təmiz inkişafına töhfə verir.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri çərçivəsində alternativ və bərpaolunan enerji mənbələrinin tətbiqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə günəş və digər “yaşıl enerji” layihələrinin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, damüstü günəş panellərinin quraşdırılması elektrik enerjisinə olan tələbatın yerində qarşılanmasına imkan yaradır və enerji itkilərinin azaldılmasına xidmət edir. Bu da uzunmüddətli perspektivdə regionun enerji müstəqilliyinin güclənməsinə şərait yaradır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”