10 il ərzində ümumilikdə 11 mindən çox ailə mənzillə təmin olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyətə başlamasının 10-cu ildönümü ilə əlaqədar qurumun inzibati binasında keçirililən tədbirdə məlumat verilib.
Tədbirdən öncə Dövlət Agentliyinin rəhbərliyi və kollektivi tərəfindən əlamətdar gün münasibətilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Bununla yanaşı, qurumun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.
Daha sonra ölkə vətəndaşlarının mənzil-məişət şəraitini yaxşılaşdırmaq, güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış binalarının tikilməsini təmin etmək məqsədilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin 10 illik fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan iclas baş tutub.
İclası giriş sözü ilə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov açıb. O bildirib ki, Azərbaycan vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim ölkə başçısının diqqət mərkəzindədir. Əhalinin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə Prezident tərəfindən ayrılan xüsusi diqqətin daha bir göstəricisi 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması olub.
Qeyd olunub ki, Agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Prezidentinin tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil etmişdir. Sadiq Sadıqov qeyd edib ki, əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədiilə 10 illik fəaliyyəti dövründə Agentlik Bakıda və regionlarda ümumilikdə 19 layihəyə başlayıb. Bunlardan 16-sı güzəştli mənzil layihəsi, 3-ü isə Qarabağa "Böyük Qayıdış" çərçivəsində icra olunan layihələrdir.
Güzəştli mənzil layihələrindən 8-nin inşası tamamlanıb, 8 layihənin icrası isə hazırda davam etdirilir. Tamamlanmış layihələr - Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt şəhərində 2 layihə, Gəncə Yaşayış Kompleksi, və Lənkəran Yaşayış Kompleksidir.
İnşası tamamlanmış layihələrdə 12 000-ə yaxın mənzil, 5 məktəb, 9 uşaq bağçası, 1 müasir tibb mərkəzi və 1 ticarət mərkəzi tikilib.
Bu komplekslərdəki mənzillər həm "Güzəştli mənzil" sistemi vasitəsilə, həm də dövlət sifarişi əsasında vətəndaşlara təqdim edilib. Beləliklə, 10 il ərzində Agentliyin layihələrindən ümumilikdə 11 mindən çox ailə mənzil əldə edib.
Vurğulanıb ki, vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilir. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə həyata keçirilir. Mənzillərin satışı prosesində güzəştli ipoteka kreditlərinin verilməsi "MİDA" MMC ilə əməkdaşlıq müqaviləsini bağlamış agent banklar vasitəsilə həyata keçirilir. Hazırda güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 12 agent bank ilə əməkdaşlıq edilir.
Çoxmənzilli binaların layihələndirilməsi və tikintisi Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) və qanunvericiliyinin tələblərinə uyğun, həmçinin bu sahədə aparıcı beynəlxalq təcrübə nəzərə alınmaqla reallaşdırılır.
Qeyd olunub ki, yaşayış komplekslərinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması məqsədilə geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur (məktəb, uşaq bağçası və s.) obyektlərinin layihələndirilməsi və tikintisi həyata keçirilir. Eyni zamanda, müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat infrastrukturu yaradılır, ictimai nəqliyyat sisteminə inteqrasiyası təşkil edilir, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin olunur. Sakinlərin avtomobillərinin saxlanması üçün parklanma yerləri də ayrılır. Fiziki imkanları məhdud insanların rahat hərəkətini təmin etmək üçün zəruri infrastruktur yaradılmasına və sakinlərin sağlam həyat tərzini təmin etmək üçün velosiped yollarının salınmasına xüsusi diqqət yetirilir.
İcrası davam etdirilən 8 layihədən Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərinin tikintisi isə artıq başa çatmaq üzrədir. Saray, Hövsan (2,31), Hövsan (5,83) layihələri isə hazırda icra edilir. Naxçıvan Yaşayış Kompleksinin layihələndirilməsi tamamlanmaq üzrədir, Şəmkir yaşayış kompleksinin layihələləndirilməsi isə davam edir. Bu layihələrdə 6 mindən çox mənzilin, 2 məktəbin və 5 uşaq bağçasının tikilməsi nəzərdə tutulub.
Həmçinin, güzəştli mənzillərin tikilməsi məqsədilə Salyan şəhərində yeni torpaq sahəsi Agentliyin sərəncamına verilib.
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ölkənin regionlarında güzəştli mənzillərin tikintisi məqsədilə əhalinin mənzil ehtiyacının öyrənilməsi və müvafiq torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirilir.
Sadiq Sadıqov əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur tamamilə yenidən qurulur, ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları tikilir, ağıllı kəndlər, qəsəbələr və şəhərlər salınır. Qarabağa və Şərqi Zəngəzura "Böyük Qayıdış" çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarında daimi məskunlaşması üçün ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaşayış kompleksləri inşa olunub, Xocalı şəhərindəki yaşayış binaları isə əsaslı təmir edilib.
Ümumi sahəsi 8,9 hektar təşkil edən Füzuli Yaşayış Kompleksi 38 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 846 mənzil var. İnşası başa çatmış Füzuli Yaşayış Kompleksində artıq ailələrin daimi məskunlaşması təmin edilib. 2023-cü il avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər, həmçinin mənzillərə baxış keçiriblər.
Cəbrayıl Yaşayış Kompleksinin də inşası başa çatdırılıb və 2024-cü ilin oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarları təqdim olunub. 7,87 hektar torpaq sahəsində yerləşən Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil var.
Həmçinin, Agentlik tərəfindən Xocalı şəhərində 3,34 hektar ərazidə yerləşən 180 mənzildən ibarət 15 ədəd 3 mərtəbəli yaşayış binası əsaslı təmir edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva 2024-cü il may ayının 28-də yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşlar.
Bununla yanaşı, Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçün yeni məhəllə tikintisinə dəstək verib. Türkiyə Hökumətinin dəstəyi ilə layihə ərazisi "Azərbaycan məhəlləsi" adlandırılıb. Azərbaycan Respublikasının icraçı qurumu qismində Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyət göstərir. Agentlik tərəfindən "Azərbaycan məhəlləsi"ndə ibtidai məktəb və uşaq bağçası binası, həmçinin 4 yaşayış məhəlləsi inşa edilərək təhvil verilmişdir. 2025-ci il iyun ayının 19-da "Azərbaycan" məhəlləsində yerləşən mədəniyyət mərkəzinin təməli qoyulmuşdur.
Agentliyin fəaliyyəti ilə bağlı önəmli hadisələrdən biri də mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılması və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək elektron sistemin yaradılması olub. Bu məqsədlə "Elektron hökumət" portalında "Güzəştli mənzil" sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb. Ötən müddət ərzində 45 000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün elektron kabinetlərin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.
Bildirilib ki, Agentlik öz fəaliyyətində qabaqcıl beynəlxalq təcrübənin nəzərə alınmasına xüsusi əhəmiyyət verir. Bununla əlaqədar olaraq uyğun qiymətə mənzillərin tikintisi sahəsində çoxillik təcrübənin öyrənilməsi məqsədilə Agentliyin nümayəndələrinin 2016-cı ildə Türkiyə Respublikasına, 2019-cu ildə İsveçrə Konfederasiyasına, 2020 və 2023-cü illərdə Amerika Birləşmiş Ştatlarına, 2017 və 2026-cı illərdə isə Sinqapur Respublikasına işgüzar səfəri təşkil edilmişdir. 2020-ci ildə Nyu-York şəhərində keçirilən "Evsizliyin aradan qaldırılması məqsədilə hər kəs üçün uyğun qiymətə mənzil təminatı və sosial müdafiə sistemləri" mövzusuna dair BMT-nin Sosial İnkişaf üzrə Komissiyasının 58-ci sessiyasında Agentliyin iştirakı təmin edilmişdir. Sessiyadakı çıxışda Azərbaycan hökumətinin sosial yönümlü siyasəti, habelə MİDA-nın bu siyasətin həyata keçirilməsində fəaliyyəti, icra olunan layihələri, "Güzəştli mənzil" elektron sistemi barədə məlumatlar verilmişdir.
"Ötən müddət ərzində Agentlik ictimaiyyətin dəqiq, ətraflı və operativ məlumatlandırılmasını təşkil etmək məqsədilə media ilə sıx və səmərəli əməkdaşlıq etmişdir. Həmçinin, Agentliyin rəsmi internet səhifəsi və sosial şəbəkələrdə olan səhifələri vasitəsilə məlumatlar paylaşılmış, inşa olunan layihələrə mediaturlar təşkil olunmuşdur.
Fəaliyyəti dövründə Agentlik tərəfindən müxtəlif sosial və ekoloji aksiyalar da təşkil edilib. Bu tədbirlər çərçivəsində dövlətin sosial siyasətinə dəstək məqsədilə xeyriyyə fondlarına ianələr edilmiş, şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrə yardımlar paylanılmışdır. Bununla yanaşı müxtəlif vaxtlarda ağacəkmə aksiyaları keçirilib", - iclasda qeyd olunub.
Tədbirdə hesabat məruzələri ilə çıxış edən Agentliyin digər vəzifəli şəxsləri də 10 il ərzində müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.