RU

Belə valideynlər cərimələnməlidir

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanda qohum evliliklərinin qarşısının alınması ilə bağlı tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, bu cür nikahların hələ də baş verməsi mövzunu yenidən gündəmə gətirib. Mövcud qadağaların effektivliyi və onların real təsiri müzakirə olunur. Bəzi hallarda bu məhdudiyyətlərin qeyri-rəsmi nikahların artmasına səbəb olub-olmadığı isə cəmiyyətdə suallar doğurur.Məsələ ilə bağlı sosioloq Hüseyn İbrahimov Demokrat.az-a bildirib ki, qohum evlilikləri ara-sıra baş tutur:"Bəziləri aşkar edilir, bəziləri isə ümumiyyətlə məlum olmur, çünki tərəflər qeyri-rəsmi şəkildə evlənirlər. Düzdür, bu zaman tərəflər rəsmi nikah münasibətlərinə daxil olmur, əsasən molla kəbini ilə kifayətlənirlər. Bəzi mollalar isə nikah kağızı tələb etdikdən sonra kəbin kəsirlər ki, bu da əslində adətimizə uyğun deyil.Ümumilikdə hüquqi baxımdan əsas olan rəsmi nikah münasibətləridir. Lakin tərəflər nikahsız şəkildə ailə və birgəyaşayış münasibətlərinə daxil olurlar. Bu isə müəyyən suallar yaradır. Əgər iki şəxs nikahsız yaşayırsa, bunu qadağan etmək mümkün deyil. Amma toy mərasimi keçirilirsə, burada qanunun rolu və əhəmiyyəti artır. Qohumlar arasında nikahların azalması əhalinin sağlamlığı baxımından vacib göstəricidir. Lakin bir çox insan bunu nəzərə almır və rəsmi nikah olmadan da toy edir".O bildirib ki, bu halda qeyri-rəsmi nikahların sayı artır:"Gələcəkdə belə münasibətlərin qeyri-rəsmi boşanmaları baş verdikdə, onların statistikasını aparmaq da çətinləşəcək. Burada həm valideynlər, həm də tərəflər, yəni oğlan və qız məsuliyyət daşıyır. Eyni zamanda şadlıq evlərinin də müəyyən məsuliyyəti olmalıdır. Onlar toy mərasimi keçirən şəxslərin nikahının olub-olmadığını və ya toy ərəfəsində bağlanıb-bağlanmayacağını dəqiqləşdirməlidirlər. Qız və oğlan tərəfdən bu barədə məlumat almalı, nikahın mövcud olub-olmadığını bilməlidirlər.Əgər nikah olmayacaqsa, şadlıq evləri belə toyların keçirilməsinə icazə verməməli və bu məsələdə məsuliyyət daşımalıdır. Bu halda qeyri-rəsmi evliliklərin artmasının qarşısını almaq mümkün olar. Çünki təmtəraqlı toy keçirmək artıq cəmiyyətimizdə geniş yayılmış ənənəyə çevrilib. Şadlıq evləri məsuliyyətlərini dərk etdikdə bu hallar daha az baş verər".Sosioloq deyib ki, nikahsız toyların keçirilməsinə görə restoran sahibləri və şadlıq evləri üçün cərimələr nəzərdə tutulmalıdır:"Eyni zamanda kənd yerlərində öz həyətində nikahsız toy təşkil edən valideynlər üçün də cərimələr tətbiq olunmalıdır. Belə hallarda kütləvi tədbir keçirilir, lakin hüquqi baxımdan tənzimlənmir. Tərəflər heç bir mərasim keçirmədən də birlikdə yaşamaq qərarı verə bilərlər və bu, onların hüququdur. Lakin belə münasibətlər rəsmi nikah olmadan baş tutur. Əgər söhbət kütləvi toy mərasimlərindən gedirsə, bu zaman nikahın olması vacibdir və bu qaydanın pozulmasına görə həm valideynlər, həm də şadlıq evləri məsuliyyət daşımalıdır.Ümumilikdə isə bu istiqamətdə cəmiyyət səfərbər olmalı, ictimai qınaq və nəzarət gücləndirilməlidir ki, qəbul edilmiş qanunlar daha effektiv şəkildə icra olunsun", - deyə o bildirib. Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
demokrat.az

1Источники