Uroloq, androloq və onkouroloq Mark Qadziyan bildirib ki, bir çox ölümcül xərçəng halları insanın özünün təsir edə biləcəyi amillərlə bağlıdır.
Ölkə.Az xəbər verir ki, o, xərçəngin əsas yaranma səbəblərini öz "Telegram" kanalında sadalayıb.
Qadziyan xərçəngin inkişafının əsl səbəbləri arasında siqaret çəkməyi, alkoqoldan sui-istifadəni, piylənməni və aşağı fiziki aktivliyi qeyd edib. Onun sözlərinə görə, xərçəngdən ölüm hallarının təxminən üçdə biri məhz bu amillərlə əlaqəlidir. Həmçinin onkoloji xəstəliklərin inkişafına qeyri-sağlam qidalanma, havanın çirklənməsi, bəzi infeksiyalar, ultrabənövşəyi şüalanma, ionlaşdırıcı şüalanma və radiasiya, irsiyyət, yaşlılıq, xroniki iltihabi proseslər və xroniki stres təsir göstərir.
Həkim əlavə edib ki, risk faktorları nə qədər çox olarsa, gec-tez xərçəngə tutulma ehtimalı da bir o qədər yüksək olar.
"Profilaktika üçün ən faydalı addımlar — siqaret çəkməmək, alkoqolu məhdudlaşdırmaq, normal çəkini qorumaq, daha çox hərəkət etmək, günəşdən qorunmaq və göstəriş varsa, HPV (insan papiloma virusu) və hepatit B-yə qarşı peyvənd olunmaqdır", — deyə Qadziyan fikrini tamamlayıb.