RU

16 il sonra final fiti 2 nömrə gedir

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Macarıstanın Baş naziri Viktor Orban ötən gün keçirilən parlament seçkilərində müxalif Peter Madyarın liderlik etdiyi “Tisza” Partiyasına məğlub olub.

“Qafqazinfo” nə az, nə çox düz 16 il sonra siyasi arenanı tərk edən Viktor Orban haqda əsas detalları təqdim edir:

1963-cü ildə Budapeşt yaxınlığındakı kiçik bir kənddə, üçuşaqlı ailədə doğulan Orban kiçik yaşlarını atasının sərt intizamı altında keçib. Hətta, bəzi mənbələrdə onun həmin dönəmlər atasından tez-tez fiziki zorakılıq gördüyü də deyilir.

Maraqlısı budur ki, o, peşə fəaliyyətinə siyasət yox, futbolla başlayıb.

Yerli “Felcsut FC” klubunda 2 nömrə altında çıxış edən gənc Viktor üçün futbol siyasətdən daha öncəlikli yer kəsb edib.

Hətta Baş nazir olduğu ilk dönəmlərdə də peşəkar futbolçu kimi qeydiyyatdan keçməsi onun bu idman növünə olan bağlılığını müzakirə mövzusuna çevirmişdi.

Bu gün barəsində ziddiyyətli fikirlər səsləndirilən Orbanın ulduzu 1989-cu ildə Budapeştin Qəhrəmanlar Meydanında parlayıb.

26 yaşlı hüquq tələbəsi kimi bir milyon insanın qarşısında etdiyi yeddi dəqiqəlik çıxışda sovet qoşunlarının Macarıstandan çıxarılmasını tələb etməsi onu milli qəhrəmana çevirmişdi.

Maraqlıdır ki, həmin dövrdə o, milyarder Corc Sorosun təqaüdü ilə Oksfordda liberal fəlsəfə təhsili alırdı. Lakin ölkədəki seçkilərdə iştirak etmək üçün təhsilini yarıda qoyaraq vətəninə dönmüşdü.

1998-2002-ci illərdəki dördillik hakimiyyəti dövründə loyal olan Orbanın 8 il sonra təzədən geri qayıtması və 2010-cu ildən bəri hakimiyyətdəki idarəçilik üsulu beynəlxalq qurumlar tərəfindən ciddi tənqid olunurdu.

Xarici siyasətdə isə Orban “iki stulda oturmaq” taktikasını seçib.

Bir tərəfdən NATO və Aİ üzvü olan Macarıstan, digər tərəfdən, Vladimir Putinlə ən yaxın münasibətlər quran Avropa ölkəsi olub.

Analitiklər hesab edir ki, o, Ukrayna müharibəsi fonunda Kiyevə yardımları əngəlləməklə Brüssellə əlaqələrinə xələl gətirsə də, tərəfdarları yanında “Macarıstanı müharibədən kənarda tutan lider” imicini qorumağa çalışırdı.

Orbanın siyasətində ən diqqətçəkən məqamlardan biri də onun Türk Dövlətləri Təşkilatına (TDT) verdiyi önəmdir. Macarıstanın bu təşkilatda müşahidəçi statusu alması və Orbanın macarların qıpçaq köklərinə tez-tez vurğu etməsi Avropada təəccüblə qarşılanırdı. 

Buna baxmayaraq, Orbanın türkçülüklə bağlı ifadələri, o cümlədən türk dövlətləri ilə münasibətləri Macarıstanı TDT-də yüksək pilləyə çıxaran amillərdən biri oldu.

Aprelin 12-də keçirilən seçkilər isə Orban erasının ən ağır sınağına çevrildi. İllərdir sarsılmaz görünən Orban hakimiyyəti daxildən gələn bir hücumla – Peter Madyarın rəhbərlik etdiyi müxalifətin böyük üstünlüklü qələbəsi ilə sarsıldı.

Siyasi şərhçilər hesab edir ki, artıq Rusiyayönümlü siyasətindən, beynəlxalq təcriddən və yaxın çevrəsini hədsiz dərəcədə zənginləşdirməsindən təngə gələn xalq onun 16 illik ardıcıl hakimiyyətinə seçki qutularında son qoydu.

Əlavə edək ki, Avropada “Putinin adamı” kimi tanınan Orbanın hakimiyyətdən getməsi Rusiyanın Aİ daxilindəki təzyiq rıçaqlarına böyük zərbə kimi qiymətləndirilir.

Hazırladı: Rəfi Müslümov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
qafqazinfo.az

2Источники