RU

Zəngəzur dəhlizi - TRIPP həm regional, həm də beynəlxalq ticarət üçün yeni imkanlar yaradacaq

Son vaxtlar Cənubi Qafqaz artan geosiyasi diqqət mərkəzinə çevrilib. Şübhəsiz, bu prosesdə əsas rol Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsinə, eləcə də regionun iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətinə töhfə verəcək "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu"na (TRIPP) məxsusdur. 

Xatırladaq ki, Zəngəzur dəhlizi ideyası Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərinin nəticəsi olaraq meydana çıxıb. Belə ki, bu, müharibənin yekunlarını təsdiqləyən və Ermənistan üçün kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda öz əksini tapıb.  Ermənistan uzun müddət dəhlizin reallaşması üçün min hoqqadan çıxıb. Amma ABŞ Prezident Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Ağ Evdə görüşü və bu görüşün nəticəsi olaraq Birgə Bəyannamənin, eləcə də hər iki ölkənin xarici işlər nazirlərinin “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflaması Zəngəzur dəhlizi məsələsini daha da aktuallaşdırıb. Ölkəmizi Naxçıvanla, eyni zamanda, Türkiyə və bütövlükdə Avropa ilə birləşdirəcək bu marşrut rəsmi Bakının təşkil etdiyi bütün tədbirlərdə prioritet təşkil edir.

Bəs regionda baş verən olaylar fonunda TRIPP layihəsi ABŞ üçün prioritetlərdən biri olaraq qalırmı? 

Bəri başdan qeyd edək ki, son günlər bəzi ekspertlər, xüsusilə Ermənistanın revanşist dairələri bu layihənin icrasının qeyri-mümkünlüyünü və ya uzanacağını söyləyirlər. Hətta vurğulayırlar ki, Yaxın Şərqdəki genişmiqyaslı böhran ABŞ-ın diqqətini TRIPP kimi infrastruktur layihələrindən uzaqlaşdıra bilər. Həm də bunu ABŞ, İsraillə müharibədən sonra güclənmiş İran faktoru ilə əlaqələndirirlər. Bildirilir ki, Ərəb ölkələrində ABŞ obyektlərini vuran İran TRIPP-i də hədəfə ala, yaxud da İran diplomatiyası bu marşrutun açılmasına daha sərt formada mane ola bilər.  Halbuki, Zəngəzur dəhlizinin tərkib hissəsi olan və təkcə Cənubi Qafqazı deyil, daha geniş Avrasiya məkanını əhatə edən qlobal layihə hesab edilən TRIPP iqtisadi layihədir və o heç bir hərbi elementə malik deyil. Elə bu səbəbdən TRIPP İrana heç bir təhdid yaratmır. Bu mənada belə fikirlərin səsləndirilməsi sadəcə cəfəngiyatdır. Şübhəsiz, bütün bunlar hakimiyyət iddiasında olan revaşistlərin layihəni ləngitmək istəyi ilə bağlıdır. 

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda keçirilən panel müzakirəsində demişdi ki, "TRİPP layihəsi - Donald Trampın adını daşıyır:  “Bu o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün və ondan sonra da vacib olacaq. Əgər belə olmasaydı, prezident öz adını verməzdi. Onun adının verilməsi o deməkdir ki, bu icra olunacaq. Biz tamamilə əminik ki, ABŞ bunun hissəsi olacaq".

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ABŞ ümumiyyətlə, geoiqtisadi maraqlara üstünlük verən ölkədir: “Bu mənada ABŞ-in investisiysı ilə inşa olunacaq və bu istiqamətdən bir sıra addımlar atılmış 42 kilometrlik “Tramp yolu” (Zəngəzur dəhlizi) layihəsinin ikinci plana keçirdiyini söyləmək doğru deyil. Yəni, TRIPP layihəsi ABŞ üçün prioritetlərdən biri olaraq qalmaqdadır. Mənim fikrimcə, bu hələ aktuallığını itirməyib. Unutmayaq ki, ABŞ superdövlətdir. Onun İranla apardığı müharibənin əsas səbələrindən biri də regionda öz maraqlarını həyata keçirmək istəyidir. Doğrudur, ABŞ İranla müharibədə planlaşdırdığı hədəflərinə çata bilməyib. Bu mənada indiki halda demək olar ki, elə bu da ABŞ -ın Cənubi Qafqaza o cümlədən TRIPP -ə aktualığını bir az da artıracaq. Hətta deyərdim ki, belə bir vəziyyətdə ABŞ TRIPP-ə daha çox diqqət yetirəcək. Unutmayaq ki, ABŞ-ın 2 qitə arasında mühüm nəqliyyat və tranzit funksiyasını yerinə yetirən Orta Dəhlizə nəzarət etmək istəyi açıq-aydın görünməkdədir. Bu yol isə Orta dəhlizin tərkib hissəsidir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
20
ikisahil.az

1Источники