RU

Elman Nəsirov: “İstəmirik, müharibə uzansın, çünki Cənubda yaşayan azərbaycanlı soydaşlarımızın taleyi bizi narahat edir”

“Aprelin 11-də İsalamabadda baş tutan ABŞ-İran danışıqlarında heç bir nəticə əldə edilmədi. Xüsusilə, iki məsələ ətrafında mövqelərin 180 dərəcə fərqli olduğu üzə çıxdı. Bu, ilk növbədə İranın nüvə silahına malik olmaq istəyi, yəni nüvə proqramı ilə bağlı məsələdir. İkincisi isə Hörmüz boğazı ilə bağlıdır. Hər iki məsələdə Vaşinqton və Tehran tamamilə fərqli mövqelər ortaya qoydular. Nəzərə alsaq ki, İran 440 kiloqram uranı zənginləşdirib. Bu isə 60% uranın zənginləşdirilməsi deməkdir. ABŞ də tələb edir ki, MAQATE-yə verilsin. İran isə buna getmir, hesab edir ki, bütün bunlar üçün çox ciddi təhlükəsizlik təminatları almalıdır, bu təminatları ABŞ-nin verəcəyinə isə inamı yoxdur. Hörmüz boğazı ilə bağlı məsələdə isə heç bir razılaşmadan söhbət getmir. ABŞ hesab edir ki, bu, beynəlxalq boğazdır. İran isə hesab edir ki, bu ərazidə İranın suveren hüquqları var. Hər tankerden iki milyon dollar alınması məsələsini gündəmə gətirir. İndi isə məlum olur ki, ötən gün ABŞ Hörmüzü blokadaya almaq istəyib. Daxil olan və çıxan bütün gəmilər saxlanılacaq. Hətta belə mülahizələr var ki, quru əməliyyatları da olsun. Quru əməliyyatlarında xalq arasına qoşun yeridilə bilər. Xüsusilə, ABŞ hərbi hava qüvvələri vasitəsilə 440 kiloqramlıq uranı tapıb götürmək, yaxud məhv etmək istəyir. Bu kimi mülahizələr səslənir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, yenidən ABŞ-İran arasında müharibə alovunun baş verməsi istisna deyil: “Belə olacağı təqdirdə İranda yaşayan milyonlarla azərbaycanlının taleyi məsələsi bizi düşündürür. Çünki Təbriz də bombalanır. Nəzərə alsaq ki, Biləsuvar, Germi və digər ərazilərdə də strateji hədəflər müəyyən edilib. Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin müharibənin tezliklə dayandırılması, yenidən tərəflərin masa ətrafında oturmaları, kompromisə gəlmələri ilə bağlı mövqenin motivləri bəllidir. İstəmirik ki, bu müharibə uzansın. Çünki Cənubda yaşayan azərbaycanlı soydaşlarımızın taleyi bizi narahat edir. Azərbaycan İrana bu baxımdan humanitar yardım göstərir. Bu həm də soydaşlarımıza göstərilən dəstəkdir. Onlara diqqət və qayğıdır. Maksimum tez zamanda müharibənin bitməsini istəyirik. Bizi narahat edən digər məqam Buşehr Atom Elektrik Stansiyasıdır. Stansiya ilə bağlı fəlakət yaşansa, bu, ikinci Çernobıl deməkdir. Azərbaycanın İranla qonşu olduğunu nəzərə alsaq, bunun hansı təhlükələr yaratdığını proqnozlaşdırmaq elə də çətin deyil”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Aprel 2026, 09:00   
Избранный
21
pravda.az

1Источники