RU

Müştərilər süni qiymət artımından şikayətçidir- Bolt-dan narazılıq

Paytaxtın taksi bazarında fəaliyyət göstərən Bolt xidmətinin tətbiq etdiyi yeni “Priority” (üstünlük) kateqoriyası istifadəçilərin ciddi etirazına səbəb olub. Müştərilər bu sistemin xidmət keyfiyyətini artırmaq deyil, qiymətləri dolayı yolla qaldırmaq məqsədi daşıdığını iddia edirlər.

“Ekonom” sinfi sıradan çıxarılır?

AzPost xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirə olunan şikayətlərə görə, əvvəllər mövcud olan “Econom”, “Comfort”“Business” siniflərinə əlavə edilən “Priority” bölməsi süni maneələr yaradır. Müştəri Afet Qayıbovanın bildirdiyinə görə, yaxınlıqdakı (6-7 dəqiqəlik məsafə) sürücülər sistem tərəfindən yalnız “Priority” sifarişi kimi göstərilir. Bu da büdcəsinə qənaət etmək istəyən sərnişinlər üçün “Ekonom” seçimini faktiki olaraq əlçatmaz edir.

Sürücülərin “imtina” taktikası və qiymət manipulyasiyası

Şikayətdə qeyd olunan əsas məqamlardan biri də sürücülərin davranışıdır. Belə ki, sürücülər daha bahalı “Priority” sifarişi tutmaq məqsədilə adi sifarişləri qəbul etmir və ya müştəriyə “imtina edin” deyərək təzyiq göstərirlər. Nəticədə sərnişin çarəsiz qalaraq daha baha ödəniş etməyə məcbur olur. Bəzi hallarda “Priority” qiyməti “Comfort” sinfindən belə baha başa gəlir. Həftədə bir neçə dəfə taksi xidmətindən istifadə edən vətəndaşlar üçün ciddi əlavə xərclər yaranır.

Narazı müştərilər mövcud vəziyyətdən çıxış yolu kimi iki əsas təklif irəli sürürlər. “Priority” kateqoriyasının tamamilə ləğv edilərək əvvəlki şəffaf bölgü sisteminə qayıdılması, müştəridən sifarişi ləğv etməyi istəyən sürücülərə qarşı xüsusi penalti tətbiq edilməsi və onların reytinqinin aşağı salınması.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Избранный
21
1
azpost.info

2Источники