RU

Humanitar məsələlər Azərbaycan-İran münasibətlərində mühüm yer tutur - ŞƏRH

Bakı, 14 aprel, AZƏRTAC

Regiondakı gərginlik fonunda Azərbaycanın nümayiş etdirdiyi mövqe milli maraqlara əsaslanan praqmatik və balanslaşdırılmış xarici siyasət kursunun məntiqi davamı kimi çıxış edir. Ölkəmizin İran ilə ABŞ arasında əldə edilmiş müvəqqəti atəşkəs razılaşmasını operativ şəkildə müsbət dəyərləndirməsi və İran tərəfinə ünvanlanan təbrik mesajı regionda gərginliyin azaldılmasına yönəlmiş ardıcıl və prinsipial siyasətin göstəricisidir. Bu yanaşma isə yalnız diplomatik nəzakət çərçivəsində deyil, eləcə də eskalasiya risklərinin minimallaşdırılmasına xidmət edən strateji xətt kimi nəzərdən keçirilməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, Azərbaycan–İran münasibətləri tarixi, mədəni və coğrafi amillərlə şərtlənən çoxşaxəli əməkdaşlıq modelinə əsaslanır. Ölkəmiz heç vaxt qarşıdurma siyasətinə üstünlük verməyib, əksinə, hər zaman qarşılıqlı hörmət və konstruktiv dialoq prinsiplərinə sadiq qalıb. Xüsusilə mürəkkəb dövrlərdə nümayiş etdirilən siyasi davranış modeli Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş imicini daha da möhkəmləndirir. Regional geosiyasi proseslərin mürəkkəbləşdiyi bir şəraitdə Azərbaycanın “təhlükəsiz qonşu” statusunu qoruyub saxlaması xüsusilə vurğulanmalıdır. Manipulyativ iddialara baxmayaraq, Azərbaycanın öz ərazisinin üçüncü dövlətlər tərəfindən qonşu ölkələrə qarşı istifadə olunmasına heç vaxt imkan verməməsi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də mehriban qonşuluq siyasətinə sadiqliyin bariz nümunəsidir. Bu yanaşma, eyni zamanda, ölkəmizin milli təhlükəsizlik strategiyasının mühüm tərkib hissəsi kimi çıxış edir.

“Humanitar məsələlər Azərbaycan-İran münasibətlərində mühüm yer tutur. Azərbaycanın İran ilə bağlı çətin dövrlərdə nümayiş etdirdiyi humanitar dəstək və həmrəylik addımları münasibətlərin yalnız siyasi deyil, eyni zamanda, insani dəyərlər üzərində qurulduğunu bir daha təsdiqləyir. Belə təşəbbüslər isə, öz növbəsində uzunmüddətli perspektivdə qarşılıqlı etimadın möhkəmlənməsinə və ictimai əsasların güclənməsinə xidmət edir. Bununla yanaşı, İranın ali dini lideri Əli Xamneinin vəfatı ilə bağlı Azərbaycanın başsağlığı verən ilk dövlətlərdən biri olması diplomatik protokol çərçivəsini aşaraq siyasi və mənəvi həmrəyliyin ifadəsidir. Ona görə də hadisələrin inkişaf xronikası və qeyd olunan amillər göstərir ki, Azərbaycan–İran münasibətləri situativ xarakter daşımır, əksinə, aydın strateji prinsiplər üzərində qurulmuş ardıcıl siyasətin nəticəsidir. Bu siyasətin əsasını qarşılıqlı olaraq suverenliyə hörmət, daxili işlərə qarışmamaq, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, eləcə də, regional sabitliyin təmin olunması təşkil edir”,- deyə A.Qurbanova deyib.

Politoloq, həmçinin əlavə edib ki, İranda müəyyən dairələr tərəfindən vaxtaşırı formalaşdırılan anti-Azərbaycan ritorikasının obyektiv əsaslara söykənmədiyi aydın görünür. Mövcud geosiyasi şəraitdə bu reallıqların daha geniş qəbul olunacağı və destruktiv yanaşmaların tədricən zəifləyəcəyi istisna olunmamalıdır.

Избранный
13
1
azertag.az

2Источники