RU

Media: İran-ABŞ danışıqlarının yeni mərhələsi Türkiyədə və ya Misirdə keçirilə bilər

Bakı, 14 aprel, AZƏRTAC

İranla ABŞ arasında münaqişənin həlli üzrə danışıqların növbəti mərhələsi Türkiyə və ya Misirdə keçirilə bilər.

AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Türkiyə və Misir rəsmiləri münaqişənin sona çatmasına kömək etmək üçün diplomatik səylər göstərir və bu da danışıqların iki ölkədən birində baş tutma ehtimalını artırır.

Xatırladaq ki, aprelin 11-də İran və ABŞ Pakistanın paytaxtı İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə Vitse-prezident Ceyms Devid Vens rəhbərlik edib. Tərəflər bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Hazırda Tehran və Vaşinqton arasında dialoqun inkişaf perspektivləri bəlli deyil. Ağ Ev aprelin 13-dən etibarən İrana qarşı dəniz blokadasına başlayıb.

Избранный
26
38
azertag.az

10Источники