RU

SİYASİ SAĞ VƏ SOLUN İDEOLOJİ TƏNƏZZÜLÜ

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sübhan PADARSOY

Çağdaş dünyada siyasi tükənmə prosesinin ən bariz manifestasiyası “Sağ” və “Sol” anlayışlarının mənasının aşınmasıdır. XIX əsrdən bəri demokratiyaya münasibət, hüquqların anlamı, fərdin statusu, cəmiyyətdə din və elmin rolu üzərində Sağ və Sol arasındakı konflikt siyasi həyata hökm edib. Sadəcə siyasi domen ilə məhdudlaşmayan bu konflikt, insan təbiəti – onun tərbiyə\təhsil (Sol) və ya təbiət (Sağ) tərəfindən müəyyən olunduğu, ənənə və əxlaq kimi təməl məsələlər xüsusunda da fərqli oriyentasiyanı ehtiva edib. Lakin bu gün qeyd olunan anlayışlar tarixi keçərlilik və uyğunluğunu itirib. Son Modern əsrdə Sağ və Solun klassik mənası ilə assosiasiya edilən fərdlər olsa da, siyasi proyektlər və hərəkatlar yoxdur.

Sağ və Sol siyasi ənənələrinin meydana çıxdığı Fransada 1980-ci ildə cəmi 30 % qeyd olunan konseptlərin artıq zamanının keçdiyini, partiyalar və siyasətçilərin doğru anlaşılmasına icazə vermədiyini deyirdisə, 2011-ci ildə bu göstərici 58 %, 2014-cü ildə Cevipof-un sorğusuna görə isə, 73 % təşkil edib. Sonuncu tədqiqata əsasən həm də, respondentlərin 60 %-i ölkənin idarə edilməsi ilə bağlı nə Sağa, nə də Sola etimad göstərdiyini söyləyib. (1) Bu rəqəmlər iki əsr boyu Fransa siyasi landşaftını strukturlaşdıran, Emmanuel Berl-in “Fransa elektoratının əksəriyyəti üçün ən həyati fərqlənmə”, Fransua Sirinelli-nin isə “böyük, essensial fransız bölünməsi” adlandırdığı Sağ və Sol arasındakı ziddiyyətin sürətlə əhəmiyyətini itirdiyinə dəlalət edir. Sağ və Sol konseptləri artıq seçkiləri strukturlaşdırmağa xidmət etmir.

Yaşadığımız əsrdə genişmiqyaslı etiraz hərəkatları “ideologiya” anlayışından qaçırlar və bu, dövrümüzün depolitisizasiya əhval-ruhiyyəsini əks etdirir. Onların dəstəkçiləri plürallığa dözüm, müxtəliflik və açıqlığı dəstəkləmələri ilə öyünürlər və təlqin edirlər ki, Sosial Forumda heç kimin bir aksiya yaxud təklifinin digərindən daha mühüm olduğunu demək hüququ yoxdur. Almaniyada Yaşıllar cəmiyyətin ideologiyadan təmizlənməsində mühüm rol oynayıbıar. Adıçəkilən ölkədə bu partiyanın qurucu üzvü, Bundestaqın sədr köməkçisi, Antye Folmer deyirdi: “Avropa dünyası daha almanlardan qorxmur, çünki biz bu ölkəni tam şəkildə sivilləşdirmişik.” (2)

Sosioloq E.Giddens bildirir ki, konservativ (mühafizəkar) düşüncə böyük ölçüdə aradan qalxıb. İngilis filosofu Con Qrey də iddia edirdi ki, koherant siyasi düşüncə və praktika kimi Konservatizmin mümkün olduğu şərtlər artıq mövcud deyil. (3) Siyasi olaraq mərkəzçi (sentrist) hərəkatlar sadəcə Sağ və Sol arasında balanslandırıcı aktı qorumağa cəlb olunmayıb, onlar özlərini istənilən spesifik siyasi assosiasiyalardan uzaqlaşdırmaqdadır. 40-50-ci illərdə Sağın mərkəzə dönüşü siyasi konfliktin təbiətini müəyyən qədər dəyişdirdi. Lakin 80-ci illərdə sol partiyaların mərkəzçi partiyalara transformasiyasıın daha kəskin və uzunvədəli nəticələri oldu, çünki o, güclü siyasi tükənmə əhvalı ilə üst-üstə düşürdü. Siyasətçilər artıq inandırma deyil, siyasətlərini satma işi ilə maraqlanırdılar. Riçard Rives qeyd edirdi ki, Britaniyada Yeni Leyborist çevrələrdə ideologiya kirli sözdür, lakin ideologiyasız siyasətçilərin rolu inandırmaq deyil, sadəcə satmaqdır. (4) Xüsusən də, Britaniya və ABŞ-də bir siyasi brendi satmaq reklama milyonların xərclənməsini ehtiva edir. O, ABŞ-də hətta siyasətlərini təşviq etmək üçün qəzet (köşə) yazarlarına ödəniş etmək anlamına gəlir.

Giddens bildirir ki, əgər Sağ və Sol anlayışlarının artıq əvvəlki anlamları yoxdursa və hər bir siyasi perspektiv tükənibsə, bu bizim (fərdlər və bəşəriyyət olaraq) modern sosial inkişafa münasibətimizin dəyişməsinə görədir. Biz ifrat qeyri-müəyyənlik və “yüksək nəticə riskləri” dünyasında yaşayırıq. (5) Buna görə də, daha ambisiyalı vizyon siyasəti ölümə məhkumdur. Digər kommentatorlar isə, qeyd olunan prosesin əsas hərəkətverici qüvvələri kimi informasiya texnologiyaları, İnternet, xidmət iqtisadiyyatının yüksəlişi və yeni istehlak formalarının meydana çıxmasına diqqət çəkirlər. Bəziləri də qloballaşma və milli hökumətlərin təsirinin zəifləməsini siyasətin və siyasi ideologiyaların qürubu ilə əlaqələndirir. Məsələn, Z.Baumana görə, siyasətin distinkt coğrafi ərazi ilə assosiasiyası getdikcə əhəmiyyətini itirir. Keçmişin territorial siyasəti sürətlə substansiyasından məhrum olur. (6) Sosial və iqtisadi strukturların xarakterinin dəyişməsinin insanların seçim etmək və ictimai həyatda varlığı üzərində mühüm təsirləri var. Lakin bu struktural və orqanizasional dəyişikliklərin siyasi tükənmənin birbaşa səbəbi olduğunu düşünmək yanlışdır. Dəyişiklik, qeyri-müəyyənlik son üç əsrdə norma olub. Dünya iqtisadiyyatındakı təlatümlər, iki dünya müharibəsi, nüvə müharibəsi təhdidi (habelə Soyuq Müharibə) göstərir ki, qeyri-müəyyənlik modern dünyada normadır.

Bu gün siyasəti iqtisadi və sosial dəyişikliyin qurbanı kimi görmək tendensiyası daha çox siyasi təsəvvürün itkisi olan şeyi obyektivləşdirməyə meyillənir. Xüsusən, qloballaşma prosesinin insan müdaxiləsinin fövqündə bir gücə yüksəldilməsi siyasi tükənmənin bir məhsulu olan fatalizm əhval-ruhiyyəsinin refleksiyasıdır. Fatalist şüur gələcəkdə ciddi siyasi alternativlərin yenidən oyanış mümkünlüyünü də əngəlləyir.

İkinci Dünya Müharibəsi Sağın intellektual cəbhədə müdafiə mövqeyinə keçməsinə səbəb oldu. Sağçı ideyaların faşizm və müharibənin qavranılan səbəbləri ilə assosiasiyası konservativ ideyaları sosial düşüncənin periferiyasına keçməyə vadar etdi. Daniel Bell də bildirirdi ki, İkinci Dünya Müharibəsindən bəri sağçı ideologiyalar qaçılmaz şəkildə diskreditasiya edilir və Avropada siyasi təsirini və etimadlılığını qoruyan sağçı fiqur(lar) olduqca azdır. Sağı nasist təcrübəsi ilə assosiasiyadan uzaqlaşdırmaq cəhdləri də var idi. Popper “Açıq Cəmiyyət və Onun Düşmənləri”ndə faşizmin böyüməsinə görə Marksizmin səbəb olduğu spiritual parçalanmanı təqsirləndirirdi. Hayek də, “Köləliyə Aparan Yol” adlı kitabında Nasizmi Sosializmin məntiqi intişarı kimi təsvir etməyə çalışırdı. Lakin bu cəhdlər Sağın məruz qaldığı tənəzzülün miqyasını kiçiltməkdən başqa bir şeyə nail olmadı. Pol Pikkone-nin qeyd etdiyi kimi, İkinci Dünya Müharibəsində faşizmin məğlubiyyəti və Nasizm sadəcə bu ideologiyaların deyil, ümumi olaraq Sağın kriminallaşdırılmasına səbəb oldu. (7)

Keçən əsrin 80-ci illərinin sonunda Soyuq müharibənin bitməsinin mühafizəkarlığın (konservatizm) və sağ siyasətinin yenidən canlanmasına töhfə vermiş olduğu qısamüddətli anı göstərdi. Etimadı artırmaq əvəzinə, Qərbin qələbəsi sadəcə olaraq məqsəd və vizyon yoxluğunu aşkara çıxardı. Post-müharibə onilliklərinin “anti-kommunist xaç yürüşləri”ni əvəzləmək üçün aparıcı Qərb siyasətçilərinin “böyük ideya” axtarışı heç nə ortaya qoya bilmədi. Müşahidəçilər və kommentatorlar Qərb liberalizminə alternativlərin siyasi olaraq tükəndiyini qeyd etsələr də, “Qərb ideyası”nın süqutuna diqqət çəkə bilmirdilər. Tetçer-Reyqan illəri Sağ qanad ideologiyasının zəfəri ilə əlaqələndirilsə də, iqtisadi sferada neoliberal konsensusun meydana çıxması siyasətdə oxşar proses ilə uzlaşma təşkil etmirdi. Kültür və siyasət sferalarında ənənə, ailə, cinsiyyət və əxlaq xüsusunda ənənəvi konservativ ideallar özünümüdafiə mövqeyinə keçməli olmuşdu. Paradoksal şəkildə, bu neoliberal triumfalizm Kultural Sol ilə assosiasiya edilən əksər dəyərlərin institusionallaşması ilə üst-üstə düşürdü. Mədhiyyəsi edilən bir “Qərb ideyası” deyil, müxtəliflik, çeşidlilik və multikulturalizm kimi nisbi (relativistik) “fəzilətlər” idi. Adam Meyerson “90-lar üçün Bir Konservativ Tədqiqat Agendası”ında yazırdı: “Kommunizmin kollapsından sonra, Qərb sivilizasiyasına ən böyük təhdid Qərbin özünün kultural institutlarından – universitetlərdən, kilsələrdən, hüquq sistemi və tibb sahəsindən, hər şeydən əvvəl, dezinteqrasiyaya uğrayan ailədən qaynaqlanır.” (8)

1980-ci illərin Kültür Müharibələri göstərdi ki, siyasi bölünmədə heç bir tərəf intellektual tükənmişlik halından çıxa bilməyə qadir deyil. Sağ Solu etibarsızlaşdıra bilsə də, özü barəsində keçərli bir alternativ təmin edəcək pozitiv bir diskurs meydana çıxara bilmədi. Sol da, Sağ ilə assosiasiya olunan dəyərlər və ənənələrin əksəriyyətini etibarsızlaşdıra bilsə də, dünyaya pozitiv bir baxışı formalaşdıra bilməkdən uzaq idi və dominant apatiya və sinizm əhval-ruhiyyəsini əks etdirir və gücləndirirdi. (Yeni) Sol hakim çaşqınlıq hissini qidalandırmaqla yanaşı, heç bir idealın universal keçərliliyi olmadığını və Həqiqət iddialarına şübhə ilə yanaşmağı təşviq edirdi. Kultural Solun sinizm, relativizm və böyük ideyalara qarşı skeptizmi populyarlaşdırmaqda uğuru ona işarə edir ki, bu ideologiya siyasi tükənmişlik prosesinin əsas benefisiarıdır.

Son 70-80 ilin təcrübəsinin kumulyativ effekti odur ki, o, Sağı keçmişdən vaz keçməyə, Solu isə gələcəyə bəslədiyi ümidi tərk etməyə vadar edib. Ailə həyatı, şəxsi münasibətlər və fərdi davranış ilə assosiasiya edilən qədim konvensiyalar və ənənələrin “istismarçı, qəddar, qərəzli, maço və ya emosional olaraq duyarsız” olduğu bildirilir. Dünənin iyerarxiyalarının deferensial yanaşma və davranışları “daha çağdaş” inklüziv və emosional baxımdan “bilikli cəmiyyət” naminə rədd edilir. Fransa inqilabı “Holokostun müjdəçisi”, Amerikanın demokratik konstitusiyası “quldarlar üçün bir xartiya” olaraq təsvir edilir.

Cəmiyyətin keçmişdən uzaqlaşması ənənələrin gündəlik həyat üçün çox az anlamının olduğu bir situasiyaya yol açıb. Ənənələrin mədh edilməsinə əsaslanan bir mühafizəkar hərəkatı yenidən canlandırmaq cəhdləri uğursuzluğa məhkumdur. Buna cavab olaraq, konservativ modernləşdiricilər “yumşaq konservatizm”in qəbulunu tərcih edirlər. Norbert Lexner bildirir ki, getdikcə artan konservasiya qayğısı var, lakin bu, təbiətə münasibətdə konservasiyadır. “Dini Sağ” adlandırılanların mühüm seqmentləri envayronmentalizm (environmentalism - ətraf mühitin qorunması tədbirlərinin möhkəmləndirilməsinə yönəlmiş ideoloji və sosial hərəkat) və “yaradılışa qayğı”nı özlərinin “dəyər məsələləri” arasında müəyyən ediblər. Nəticədə, ənənələri qorumağa yönəldilən enerji bu gün təbiəti qorumağa yönəldilir. Tarix şüuruna əsaslanmayan çağdaş permanentlik arzusu qorxu mühafizəkarlığının səciyyələrindən biridir. Onun təsəvvürü indiyə bağlıdır və həm keçmiş, həm də gələcək barəsində dərin diskomfort hiss edir. Onun keçmişə duyduğu ikrah gələcək xüsusunda qorxu ilə bütövləşib.

Sağın keçmişi tərk etməsi Solun gələcəyi dəstəkləməyi rədd etməsi ilə uzlaşır. Klassik olaraq dəyişiklik və tərəqqi ilə assosiasiya edilən Sol gələcəyə inanmaq gücünü itirib.

Amerikalı sosioloq Alan Volfenin XX əsrin sonunun münaqişələri ilə bağlı gəldiyi qənaət bu günə qədər aktualdır. O qeyd edirdi ki, Sağ iqtisadi müharibəni, Sol kultural müharibəni, Mərkəz isə siyasi müharibəni uddu”. (9) Bu üç sferada fərqli nəticələr coşğulu ictimai həyatın simptomları olaraq intepretasiya edilməməlidir. Başqa sözlə, bu əsr siyasi həqiqətlər və ictimai həyatda alternativlərin rəqabəti əsri deyil, siyasi olaraq tükənmiş fatalizmin hökmüdür.

Sol ilə əlaqələndirilən çağdaş hərəkatlar dəyişikliyə düşmən olmasa da, onunla bağlı ciddi şəkildə rahatsızdır. Anti-kapitalist və anti-qloballaşma hərəkatları tarixən gələcəyə istiqamətlənən Solu müəyyən edən ideallara düşməndir. Maarifçiliyin irsi lənətlənir və dəyişiklik tərəqqi ideyasından qoparılır. Giddens də “dəyişikliyin artıq tərəqqi anlamına gəlmədiyi” bir dünyadan bəhs edir.

Maarifçilik Sağ və Sol arasındakı müxtəlifliyi ayırd etməkdə mühüm rol oynayırdı. Sol entuziastik şəkildə rasionalizm, tərəqqi və universalizm ideallarını dəstəkləyərkən, Sağ onlara qarşı çıxırdı. Lakin Bronner qeyd edir ki, Maarifçilik artıq Sağ və Solu ayıran ülgüc deyil. (10)

Götürək anti-kapitalizmi. Kapitalizmin radikal tənqidi sistematik şəkildə produktiv qüvvələr inkişaf etdirə edə bilmədiyi və buna görə də, sadəcə hər kəs üçün yaxşı yaşam standartları təmin etmək iqtidarında olmadığı prezumpsiyasına əsaslanırdı. Belə iddialar kommunistlər və sosialistlər tərəfindən irəli sürülən radikal şəkildə fərqli cəmiyyət üçün arqument kimi təqdim edilirdi. Sol ideologiyaya görə, bir rifah cəmiyyətinin qorunması üçün sərvət yaratmada kapitalizmə etibar edilə bilməzdi. Qlobal Cənub cəmiyyətlərinin inkişafına əngəl kimi kapitalizmi tənqid edən Sol Üçüncü Dünyanın inkişafının kapitalist cizgilər boyu baş verə bilməyəcəyini iddia edirdi.

“Anti-kapitalizm” anlayışı artıq nadir şəkildə inkişafa doğru dinamikanın çatışmadığı istehsal sistemi olduğu iddiası ilə assosiasiya edilir. Radikal solçu aktivistlərin fokusu artıq kapitalizmin həddən ziyadə çox və sürətlə inkişaf etdiyi və bunun da destruktiv nəticələrinin olduğu üzərindədir. Tanınmış alman sosial nəzəriyyəçisi Y.Habermas bildirirdi ki, bu gün kapitalizmin disfunksional yan təsirləri ilə birlikdə, onun təhlükələrinin fərqindəyik. İstehsal qüvvələrinin qarşısıalınmaz inkişafını və Qərb sivilizasiyasının qlobal ekspansiyasını təhdidlər kimi yaşayırıq. Artıq istehsal mərkəzli kapitalist proyektdən yerinə yetirilməmiş bir vədi qoparmaq mümkün deyil. İşçilərin sosial utopiyası tükənib. (11)

Uzun illər ərzində reaksiyonar hərəkatlar ilə assosiasiya edilən ideyalar – ağıl üzərində yaşantının, fərd üzərində topluluğun, elm üzərində mifin imtiyazlandırılması – çağdaş Amerikan Solunun düşüncəsinə dərindən nüfuz edib. Siyasət filosoflarına görə, XIX və XX əsrlər boyu Maarifçiliyə münasibət Sağ və Sol arasındakı əsas bölgünü qeyd edirdi. Lakin əsrimizdə Maarifçiliyin sağçı tənqidi özünü Sola aid edənlər arasında nəzərəçarpan dərəcədə güclənib. Universalist ideyalara düşmənçilik ən çox kultural Sol arasında ifadə edilir. Tərəqqi, elm, Modernlik və kollektiv aksiyadan qorxu və ona ikrah bu gün leftist - solçu intellektualların baxışları ilə sıx bağlıdır. XX əsrin əvvəllərində Sağın böyük filosofu olan F.Nitzşe indi kultural Sol və postmodernist intelligentsiya arasında xüsusilə populyardır.

Sonda onu vurğulamaq gərəkdir ki, Sağ və Solu bir-birindən ayıran Maarifçiliyin liberal siyasi nəzəriyyəsi idi. Bu bölünməni aşmağa çalışmaq bütövlükdə siyasət fenomenindən vaz keçməyi, Maarifçilik siyasəti ilə bağlı olan ambisiyalardan qurutulmaq aspirasiyasını ifadə edir.

Ədəbiyyat və istinadlar

1. De Benoist, Alain. Populismo. La fine della destra e della sinistra, Kindle edition, 2017

2. Der Spiegel, 21 February 2005, p.24

3. Gray, J. Enlightenment’s Wake: Politics and Culture at the Close of the Modern Age, Routledge, London, 1995

4. New Statesman, 24 September 2004

5. Giddens, A., Beyond Left and Right: The Future of Radical Politics, Stanford University Press, 1994

6. Bauman, Z. Utopia with Topos, History of the Human Sciences, vol,16, no.1, 2003

7. Piccone, P. XXI Century Politics, Telos, Fall, no.117

8. Meyerson., Adam, The Vision Thing, Continued, The Policy Review, Summer, 1990, p.2

9. https://www.sublationmag.com/post/the-future-and-how-to-get-there#:~:text=In%20the%20late%201990s%2C%20political,of%20cultural%20criticism%20worth%20considering.

10. Bronner, S.E. Reclaiming The Enlightenment: Toward A Politics of Radical Engagement, NY, 2004

11. Habermas, J. Popular Sovereignty as Procedure, in Bohman and Regh, p.37, 1999

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
azpolitika.info

1Источники