Bakı, 14 aprel, AZƏRTAC
İntensiv yağıntılar zamanı bəzi magistral yollarda suyun yığılması nəqliyyatın hərəkət sürətini kəskin azaldır və qısa müddətdə sıxlığın yaranmasına səbəb olur. Bu isə onu göstərir ki, nəqliyyat infrastrukturu ilə yağış sularının ötürülməsi sistemləri arasında birbaşa funksional əlaqə mövcuddur. Son illərdə Bakıda sürətli urbanizasiya prosesi və sərt örtüklərin – asfalt və beton səthlərin genişlənməsi yağış sularının təbii şəkildə torpağa hopmasını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bu halda bütün yük mövcud drenaj və yağış-kanalizasiya şəbəkəsinin üzərinə düşür. Yağışların intensivliyi artığı zaman isə bu sistemlər tam gücü ilə işləyə bilmir və nəticədə lokal subasma halları baş verir. Bu cür hallar birbaşa olaraq nəqliyyat sisteminə təsir göstərir və yolların keçiciliyini azaldır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı, dosent Elgiz Həsənov deyib.
O qeyd edib ki, bəzi ərazilərdə yaranan subasma problemləri şəhərsalma yanaşmaları ilə də bağlıdır: “Aşağı relyefli sahələrdə tikintinin aparılması, təbii su axınlarının istiqamətinin dəyişdirilməsi və ya nəzərə alınmaması suyun müəyyən nöqtələrdə toplanmasına səbəb olur. Bu məsələlər artıq dövlət səviyyəsində də prioritet istiqamət kimi müəyyən olunub. Belə ki, “Bakı və Abşeron yarımadasının su təchizatı, tullantı və yağış suları sistemlərinin inkişafına dair 2026–2035-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqramda yağış sularının ayrıca toplanması, müasir kollektor sistemlərinin qurulması və mövcud infrastrukturun yenilənməsi əsas prioritetlər sırasındadır. Bu yanaşma şəhərin dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu istiqamətdə strateji yanaşmaların formalaşdırıldığını qeyd edən Elgiz Həsənov bildirib ki, iqlim dəyişiklikləri fonunda yağıntıların intensivliyinin artması şəhər infrastrukturu üçün yeni tələblər formalaşdırır: “Bu baxımdan, yağış və tullantı sularının ayrılması, suyun idarə olunmasında müasir texnologiyaların tətbiqi və sistemli yanaşma əsas prioritetlərdən biridir. Bu yanaşmalar həm subasma risklərini azaldır, həm də şəhər nəqliyyat sisteminin dayanıqlığını artırır”.