“İslamabadda ABŞ-İran danışıqları uğursuz olsa da, yaxın zamanda yenidən genişmiqyaslı müharibənin başlanması ehtimalı arxa plana keçib”.
Bu sözləri politoloq Asif Nərimanlı “Cebheinfo.az” – a şərhində ABŞ-nin İranı dənizdən blokadaya almaq strategiyasının riskləri və nəticələri barədə fikirlərini bölüşərkən bildirib.

Onun sözlərinə görə, ABŞ-nin blokada taktikası müəyyən hədəflərə söykənib:
“ABŞ və İran hərbi ritorikadan istifadə etsələr də, genişmiqyaslı müharibədə maraqlı görünmürlər. Bu prosesdə həlledici qüvvə olan ABŞ artıq İranla 40 günlük müharibədə böyük və uğurlu hərbi əməliyyatlar həyata keçirib.
ABŞ Hərbi Hava Qüvvələrinin hücumları nəticəsində İranda bir çox strateji əhəmiyyət kəsb edən obyektlər məhv edilib və sabiq ali rəhbər Seyyid Əli Xameneyi daxil olmaqla, bir sıra yüksək rütbəli şəxslər öldürülüb.
Demək olar ki, İran bu müharidə çox böyük itkilərə məruz qaldı. Amma ABŞ-nin hücum əməliyyatları nə qədər dağıdıcı və sarsıdıcı olsa da, İranda hakimiyyət dəyişiklikliyi baş tutmadı. Yaxın zamanda da buna nail olmaq mümkün görünmür.
Bu müharibədə bəlli oldu ki, İranda mövcud hakimiyyət təslim olmaq niyyətində deyil. Bu səbəbdən atəşkəsin elan olunmasından, eləcə də İslamabadda danışıqların uğursuz olmasından sonra Vaşinqton fərqli bir taktikaya əl atmaq qərarına gəlib. Bu da İranı dənizdən blokadaya əl almaq taktikasıdır.
Ağ Evin burada əsas məqsədi İranın neft ixracatının qarşısını almaq, yəni İranın iqtisadiyyatına ağır zərbə vurmaqdır”. A.Nərimanlı bildirib ki, ABŞ Hörmüz boğazı üzərində təsir imkanlarını artırmaq istəyir:
“İran hakimiyyəti Hörmüz boğazından təsir və təzyiq rıçaqı kimi istifadə edir. Buna görə də Vaşinqton bu boğazın ətrafını blokadaya almaqla Tehranın bu kartını sıradan çıxarmağı qarşısına məqsəd qoyub. Təbii ki, bu blokada qlobal neft bazarında qiymətlərə öz təsirini göstərəcək və bir çox ölkələr bundan zərər görəcəklər”.
Ekspert əlavə edib ki, müharibədə İranın Hörmüz boğazını bağlaması özünü müdafiə kimi xarakterizə edilirdi:
“Belə bir halın baş verməsində əsasən Amerika günahlandırılırdı. İndi isə Vaşinqton Hörmüz boğazını blokadaya almaqla bir tərəfdən məsuliyyəti İranın üzərinə atmağa çalışır. Müharibənin yenidən başlanmasına gəlincə, bunun genişmiqyaslı hal almaq ehtimalı zəif görünür.
Amma bir məsələ var ki, tərəflər müharibədə maraqlı görünməsələr də, buna gətirib çıxardacaq hər hansı insidentin baş verməsi istisna deyil. Hörmüz boğazı ətrafındakı vəziyyət kifayət qədər risklidir.
Orada İranın istənilən Amerika gəmisinə, yaxud Amerikanın İran gəmisinə müdaxiləsi müharibə riskini artıra bilər. Bölgədə mövcud vəziyyəti nəzərdən keçirdikdə, müharibə təhlükəsinin aktual olduğunu görərik”.