RU

Məhkəmə bitdi, SUALLAR qalır… - XƏSTƏ uşaqların müalicə pulunu kim verəcək?

Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə “Urmedhelp” və “My Doc Tour” şirkətlərinin sahibi Nuridə Seyidova və onunla əlbir olan Aynur Bayramova, Aysel Məmmədovanın işi üzrə zərərçəkmiş şəxslərin kasasiya şikayətlərinə baxılıb.

Musavat.com xəbər verir ki, müttəhimlər talassemiyadan əziyyət çəkən azyaşlıların müalicəsi adı ilə milyonluq vəsaitləri mənimsəməkdə ittiham olunublar. Ali Məhkəmədə keçirilən iclasda zərərçəkmişlərin kasasiya şikayətləri təmin olunmayıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nuridə Seyidova 8 il 6 ay, Aynur Bayramova 7 il 6 ay, Aysel Məmmədova isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apelyasiya Məhkəməsi də bu hökmü dəyişmədən saxlamışdı. İndi isə Ali Məhkəmənin qərarı ilə proses hüquqi baxımdan yekunlaşmış sayılır.

İttihama görə, Nuridə Seyidova və onun ətrafındakı şəxslər talassemiyadan əziyyət çəkən uşaqların valideynlərini hədəf seçiblər. Onlara Türkiyədə, xüsusilə Antalya və Samsun şəhərlərində yüksək səviyyəli müalicə və ilik transplantasiyası vəd edilib. Çıxılmaz vəziyyətdə olan valideynlər ya uşaqlarını xilas etmək üçün son ümidə sarılmalı, ya da heç nə etmədən gözləməli olduqlarını nəzərə almaqla bu gün dustaq statusunda olan şəxslərə külli miqdarda vəsait veriblər. Və nəticədə pullar getdi, ümidlər isə dağıldı.

İstintaqın müəyyən etdiyi faktlar şok effekti yaradır. Ümumilikdə 36 ailə aldadılıb, təxminən 1 milyon manata yaxın vəsait mənimsənilib. Ayrı-ayrı valideynlər on minlərlə dollar və manat ödəyiblər. Bəzi hallarda valideynlər evlərini satıb, borca girib və son qəpiklərini belə veriblər. Məsələn, Tural Nəsmiyev iki övladının müalicəsi üçün 35 min dollar ödəyib, sonra isə Türkiyədə aylarla gözlədikdən sonra aldadıldığını anlayaraq geri qayıdıb. Üstəlik, xaricdə qalmaq üçün əlavə minlərlə manat xərc çəkib. Zərərçəkmiş valideynlərdən Vüqar İsayevə isə “sponsor tapılıb” deyərək 20 min dollar alınıb. Amma nə donor olub, nə də əməliyyat. Məhkəmə hökm çıxarıb, təqsirləndirilən şəxslər cəzalarını alıblar. Amma əsas məsələ talassemiyalı uşaqların müalicəsidir. Məhkəmə isə yalnız nəticəni cəzalandırır...

E.Məmmədəliyev,
Musavat.com

Избранный
33
musavat.com

1Источники