RU

"Bu hadisə illərlə yığılan şəhərsalma və idarəetmə problemlərinin üzə çıxmasıdır" - Deputatdan AÇIQLAMA

"Bu məsələ əslində çox ciddi sistem probleminə toxunur və təkcə bir qurumla izah olunacaq deyil. Qısa desək, kollektorların üzərində ev tikilməsinə normal halda icazə verilməməlidir, çünki bu cür ərazilər həm mühəndis-kommunikasiya xətləri sayılır, həm də təhlükəli və hüquqi baxımdan tikinti üçün qadağan olunmuş zonalardır".

Bu fikirləri Redaktor.az-a Bakıda kollektorların üzərinə tikilən evlərdən danışan deputat Vasif Qafarov bildirdi. O əlavə etdi ki, praktikada belə halların baş verməsi bir neçə səbəblə bağlıdır.

"Əvvəla, bəzi hallarda nəzarət zəif olur və tikinti ilkin mərhələdə dayandırılmır; yerli icra strukturları və digər qurumlar vaxtında müdaxilə etmədikdə insanlar tikintini davam etdirə bilir. Digər tərəfdən, sənədləşmədə ziddiyyətlər yaranır. “22 sənədli ev” faktı göstərir ki, ya torpaq üçün sənəd verilərkən məhdudiyyətlər düzgün yoxlanmayıb, ya da müxtəlif qurumlar arasında koordinasiya olmayıb. Yəni bir qurum torpaq ayırır, amma digər qurum həmin ərazinin təhlükəli olduğunu nəzərə almır. Bununla yanaşı, uzun illər davam edən qeyri-rəsmi tikinti və sonradan leqallaşdırma praktikası da bu vəziyyətə gətirib çıxarıb: əvvəl ev tikilir, sonra müxtəlif yollarla sənədləşdirilir və nəticədə riskli ərazilərdə belə “rəsmi evlər” yaranır. Eyni zamanda məsuliyyətin bir neçə qurum arasında bölünməsi də problemi dərinləşdirir, çünki sonradan konkret cavabdeh qurumu müəyyənləşdirmək çətinləşir və idarəetmə boşluğu yaranır. Bu məsələyə yanaşarkən həm dövlət, həm də sosial tərəfi nəzərə almaq lazımdır. Dövlət baxımından belə evlərin tikilməsinə yol verilməsi bu sahədə ciddi idarəetmə səhvidir və əgər rəsmi sənəd verilibsə, bu artıq nəzarət sistemində problem olduğunu göstərir. Gələcəkdə bunun qarşısını almaq üçün daha şəffaf və vahid tikinti nəzarət mexanizmi qurulmalıdır. İnsanlar baxımından isə çox vaxt onlar riski bilərək etmir, sadəcə alternativləri olmur, buna görə də zərər çəkənlər cəzalandırılmamalı, əksinə kompensasiya, köçürülmə və sosial dəstək kimi tədbirlər görülməlidir. Nəticə olaraq, bu hadisə yalnız təbii fəlakət deyil, həm də illərlə yığılan şəhərsalma və idarəetmə problemlərinin üzə çıxmasıdır", - deyə millət vəkili qeyd etdi.

NURİYYƏ

Избранный
11
1
redaktor.az

2Источники