RU

Azərbaycana qarşı mina terroru – İrəvandan SƏRT tələb

Xəbər verildiyi kimi, aprelin 14-də işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Musavat.com-a verilən məlumata görə, agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş həyatını itirib.

Ermənistanın

Qeyd edək ki, Vətən müharibəsindən sonra 422 nəfər minadan zərər çəkib, onlardan 72-si həlak olub, 349-u ağır yaralanıb. Rəsmi məlumata görə, 1991-ci ildən 3401 nəfər mina qurbanı olub. Onlardan 362-si uşaqlar və gənclər, 38-i qadınlardır. Azərbaycan Xarici İşlər Nazirliyi “X”də paylaşım edərək həyatının itirən ANAMA əməkdaşının ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı verib. Paylaşımda qeyd edilib ki, bu faciə minaların yaratdığı davamlı insan itkilərini və azad olunmuş ərazilərin təhlükəsiz edilməsi üçün çalışan insanların hər gün üzləşdiyi riskləri bir daha açıq şəkildə göstərir. Qeyd olunub ki, minalardan təmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin təcili şəkildə artırılmasına ciddi ehtiyac var. 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan əraziləri 1,5 milyondan çox mina ilə çirkləndirilib. Bu isə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa işlərinə, həmçinin keçmiş məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə qayıdışına mane olur. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsinə qarşı Mübarizə Günü ilə bağlı yaydığı bəyanatda qeyd olunub ki, Azərbaycan müharibənin partlayıcı qalıqları və kustar üsulla hazırlanmış partlayıcı qurğular səbəbindən yaralanma, ölüm və ya əsas xidmətlərə çıxışın məhdudlaşdırılması riski ilə üzləşən milyonlarla insanın qarşılaşdığı təhlükələrdən ən çox əziyyət çəkən ölkələr sırasındadır və ərazisinin 13 %-dən çoxu mina ilə çirklənib.

Bildirilib ki, genişmiqyaslı mina çirklənməsi digər fəsadlarla yanaşı, iqtisadi dirçəliş, yenidənqurma və reabilitasiya səylərinə mane olur, eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tam icrası üçün ciddi maneə törədir.

“Azərbaycan mina təmizləmə fəaliyyətini dayanıqlı inkişafın mühüm amili kimi təşviq və icra edir, yenidənqurmanı dəstəkləyir, icmaların dayanıqlılığı üçün kritik olan torpaqlara və resurslara çıxışı bərpa edir. Mina təmizləmə səylərinin davamlı və qalıcı inkişafla bağlılığını, eləcə də təmizlənmiş ərazilərin əhalinin rifahına, ölkənin tərəqqisinə və inkişafına mühüm təsirini nəzərə alaraq Azərbaycan humanitar mina təmizləməni rəsmən 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib”, bəyanatda qeyd olunub. Mətndə həmçinin, Azərbaycanın BMT-nin mina aksiyasını prioritet məsələ kimi irəli sürməyə və beynəlxalq konfranslar keçirməyə davam etdiyi vurğulanıb.

Zəfər

Hüquqşünas Polad Mehdiyev Musavat.com-a bildirib ki, münaqişə bitsə də, humanitar nəticələri hələ də davam edir. Onun sözlərinə görə, mina təhlükəsi artıq təsadüfi risk deyil, sistemli və uzunmüddətli təhlükədir: “Bu vəziyyət mülki şəxslərin həyat və sağlamlığına birbaşa təhdid yaradır və insanların doğma torpaqlarına təhlükəsiz qayıdışını ciddi şəkildə ləngidir. Beynəlxalq humanitar hüquqa görə, münaqişə başa çatdıqdan sonra tərəflər mina və partlamamış sursatlarla bağlı məlumatları, xüsusilə xəritələri təqdim etməli, mülki əhali üçün riskləri minimuma endirməlidir. Bu öhdəliklər həm 1949-cu il tarixli “Cenevrə Konvensiyası”, həm də 1977-ci il tarixli “Cenevrə Konvensiyaları”na I Əlavə Protokol çərçivəsində formalaşmış prinsiplərdən irəli gəlir. Mina xəritələrinin təqdim olunmaması və ya qeyri-dəqiq verilməsi isə humanitar nəticələrin qəsdən uzadılması kimi qiymətləndirilə bilər. Mina çirklənməsi insanların yaşamaq hüququnu, sərbəst hərəkətini və mülkiyyət hüquqlarını pozur. Eyni zamanda, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışına maneə yaradır. Bu baxımdan məsələ, təkcə texniki deyil, həm də insan hüquqları pozuntusu kimi qiymətləndirilə bilər”.

Hüquqşünas qeyd edib ki, hüquqi müstəvidə Azərbaycan bir neçə istiqamətdə addım ata bilər: “Birincisi, Ermənistanın beynəlxalq öhdəlikləri yerinə yetirməməsi faktı üzrə dövlət məsuliyyəti məsələsini qaldırmaq mümkündür. Bu çərçivədə kompensasiya tələbi və zərərin ödənilməsi məsələsi gündəmə gətirilə bilər. İkincisi, məsələ beynəlxalq məhkəmə instansiyalarına çıxarıla bilər. Xüsusilə, Beynəlxalq Ədalət Məhkəməsində dövlətlərarası iddia qaldırmaq hüquqi baxımdan mümkündür. İnsan hüquqları aspektindən isə Avropa İnsan Hüquqları Məhkəməsi mexanizmlərindən istifadə perspektivi də nəzərdən keçirilə bilər. Bununla yanaşı, məlumdur ki, ölkəmiz diplomatik müstəvidə də məsələni davamlı şəkildə gündəmdə saxlayır. Beynəlxalq təşkilatlar qarşısında mina xəritələrinin tam təqdim olunması, humanitar məsuliyyətin tanınması və zərərin kompensasiyası tələbi irəli sürülə bilər. Bu, həm hüquqi, həm də siyasi təzyiq mexanizmi kimi çıxış edir. Onu da qeyd etmək lazımdır ki, mina problemi davam edən humanitar təhlükə və beynəlxalq hüquqi məsuliyyət məsələsidir. Bu məsələnin həlli həm ədalətin bərpasına, həm də Böyük Qayıdış prosesinin daha təhlükəsiz və sürətli həyata keçirilməsinə xidmət edə bilər”.

Nigar Həsənli
Musavat.com

Избранный
10
musavat.com

1Источники