RU

Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin həcminin 1 milyard dollara çatdırılması planlaşdırılır

Bakı, 14 aprel, AZƏRTAC

Mərkəzi Asiya respublikaları böyük iqtisadi potensiala malikdir. Özbəkistanın digər dövlətlərlə yanaşı Azərbaycan ilə tarixi, dini, milli dəyərləri çox yaxındır və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına stimul verir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Bakıda fəaliyyət göstərən Özbəkistan Ticarət Evinin rəhbəri Ramin Şərifov deyib.

Onun sözlərinə görə, 2025-ci il ərzində Azərbaycanın Özbəkistanla ümumi ticarət dövriyyəsin 2024-cü ilə nisbətdə 3,1 dəfə artaraq 795,1 milyon dolları üstələyib.

“Bu ilin yanvar ayında isə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 75,1 faiz artaraq 25,5 milyon dolları üstələyib. Göründüyü kimi ticarət dövriyyəsi ildən-ilə artır. Lakin hər iki ölkənin böyük potensialı var. Özbəkistanla ölkəmiz arasında ticarət dövriyyəsinin 2030-cü ilə qədər 1 milyard dollara çatdırılması planlaşdırılır ki, bunun da perspektivinə inanıram. Özbəkistanla ilə Azərbaycan investorları arasında tərəfdaşlıq sazişi də imzalanıb. Artıq bu istiqamətdə 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Fondu da fəaliyyətə başlayıb. Fond yarandığı gündən iqtisadiyyatın real sektorunda layihələrin həyata keçirilməsində fəal iştirak edir. Eyni zamanda, hazırda iki ölkə arasında 100-dən çox investisiya layihəsi təhlil edilir. Ümumi dəyəri 80 milyon dollardan çox olan 6 layihə isə artıq təsdiqlənib. 2024-ci ildə Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” dövlətlərarası münasibətlərin hüquqi-siyasi əsasını formalaşdıraraq əməkdaşlığın ən yüksək səviyyəyə çatdığını təsdiqləyir. Müqavilə yalnız diplomatik münasibətlərin deyil, eyni zamanda, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sistemli əməkdaşlığın genişlənməsinə zəmin yaradıb”, - deyə Ramin Şərifov vurğulayıb.

Özbəkistan da daxil olmaqla Mərkəzi Asiya dövlətlərinin Orta Dəhlizin əsas nəqliyyat istifadəçiləri olduğunu deyən R.Şərifov son 3 ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımaların 90 faiz artdığını sözlərinə əlavə edib: “Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Yaxın illərdə dəhlizin buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq”, - deyə R.Şərifov əlavə edib.

 

Избранный
6
1
azertag.az

2Источники