Yaxın Şərqdə gərginliyin yenidən alovlanacağı gözlənilən bir mərhələdə, diplomatik səhnədə gözlənilməz dönüş baş verdi. İranla ABŞ arasında danışıqların dalana dirəndiyi, 14 günlük atəşkəsin başa çatmasından sonra hərbi əməliyyatların yenidən başlayacağı ilə bağlı ehtimalların gücləndiyi bir vaxtda Donald Trampın son açıqlaması bütün bu ssenariləri alt-üst etdi.
ABŞ prezidenti bəyan etdi: “İki gün sonra nələrsə baş verəcək”. Bunun ardınca bildirdi ki, İranla danışıq masasına qayıda bilər; Pakistanda deyil, Avropada – (ehtimal ki, Cenevrədə) görüş ola bilər.
Musavat.com-a görə bu, təkcə diplomatik detal deyil, daha dərin bir prosesin siqnalı kimi qəbul olunmalıdır. Tramp belə bir açıqlama verirsə, demək ki, ABŞ və İran nələrdəsə anlaşıblar.
Məlum olduğu kimi, ABŞ nümayəndə heyətinin əsas fiqurları – Cey Di Vens və Uitkof kimi şəxslər Pakistandakı danışıqları yarımçıq qoyaraq geri dönüblər. Görünən budur ki, proses bununla dayanmayıb. Əksinə, diplomatik kanalların daha səssiz və qapalı formatda işləməyə başladığını indi aydın olur. Bu isə adətən ilkin razılaşma konturlarının formalaşdığı mərhələyə xasdır.
Qlobal media qurumlarının reaksiyası da diqqətəlayiqdir. Aparıcı informasiya platformaları Trampın bu çıxışını manşetə çıxararaq vahid məntiq üzərində dayanmağa başlayıblar: əgər ortada heç bir irəliləyiş yoxdursa, ABŞ prezidenti bu cür riskli və konkret zaman işarəli açıqlama verməzdi. Bu yanaşma müəyyən mənada əsaslı görünür. Çünki Vaşinqtonun diplomatik davranış modeli adətən nəticəsiz proseslərdə belə açıq siqnallar verməyə meyilli deyil.
Danışıqların mərkəzində duran əsas mübahisə isə dəyişməz qalır – İranın nüvə proqramı. ABŞ tərəfi Tehrandan zənginləşdirmə fəaliyyətini minimum 20 il müddətinə dayandırmağı tələb edir. İran isə bunun qarşılığında maksimum 5 illik fasiləyə razı ola biləcəyini bildirir. Bu fərq, zahirən, kompromisi mümkünsüz göstərir. Lakin diplomatiyanın mahiyyəti də məhz bu cür kəskin ziddiyyətlər arasında “orta yol” tapmaqdan ibarətdir.

Məhz bu fonda 21 aprel tarixinin xüsusi əhəmiyyət qazandığı görünür. Bu tarix yalnız müvəqqəti atəşkəsin bitmə nöqtəsi deyil, həm də ikinci raund danışıqlar üçün psixoloji və siyasi “deadline” rolunu oynayır. Trampın açıqlamasından sonra artıq bu görüşün baş tutacağı ehtimalı xeyli artıb. Məkan məsələsində isə qeyri-müəyyənlik saxlanılır – Cenevrə və ya İslamabad variantları müzakirə olunur. Paralel olaraq Türkiyənin də bu prosesə aktiv şəkildə qoşulmaq istədiyi, ikinci raundun öz ərazisində keçirilməsi üçün ciddi təşəbbüslərlə çıxış etdiyi barədə məlumatlar dolaşır. Ankara üçün bu, təkcə diplomatik prestij məsələsi deyil, həm də regional güc statusunun möhkəmləndirilməsi baxımından strateji addımdır.
Bütün bu faktlar bir xətt üzrə birləşdirildikdə maraqlı mənzərə ortaya çıxır. Bir tərəfdə müharibənin yenidən başlayacağı ilə bağlı real risklər, digər tərəfdə isə səssiz şəkildə irəliləyən danışıqlar prosesi var. Bu iki paralel xətt əslində bir-birini inkar etmir. Əksinə, çox zaman müharibə təhdidi diplomatiyanı sürətləndirən əsas katalizator rolunu oynayır. Trampın “sağ göstərib sol vurmaq” kimi qiymətləndirilən davranışı da məhz bu strategiyanın tərkib hissəsi ola bilər – yəni qarşı tərəfi maksimum təzyiq altında saxlayaraq razılaşmaya yaxınlaşdırmaq.
Əgər doğrudan da müəyyən ilkin anlaşma əldə olunubsa, bu, yaxın günlərdə daha konkret konturlar ala bilər. Bu isə region üçün tamamilə yeni mərhələnin başlanğıcı deməkdir. Müharibənin yenidən alovlanması ehtimalı arxa plana keçə, onun yerini nəzarət olunan gərginlik və mərhələli razılaşmalar ala bilər. Əks halda isə 21 aprel sonrası Yaxın Şərqdə yeni və daha sərt toqquşma mərhələsi qaçılmaz görünəcək.
Hazırkı vəziyyət göstərir ki, proses hələ açıq finala malik deyil. Lakin bir məqam artıq aydındır: səhnədə görünənlərlə pərdəarxasında gedənlər arasında ciddi fərq var. Trampın son açıqlaması isə bu pərdəni bir qədər aralayaraq göstərdi ki, müharibə ilə sülh arasında məsafə bəzən cəmi bir neçə gün və bir neçə cümlə qədərdir.
R.A.
Musavat.com