Türkiyə futbolu tarixinin ən gərgin günlərindən birini yaşayır.
Milli.Az xəbər verir ki, "Qaziantep" klubunun baş məşqçisi vəzifəsindən istefa verən Burak Yılmazın hakimlik sistemi və Türkiyə Futbol Federasiyası (TFF) barədə səsləndirdiyi ağır ittihamlar beynəlxalq səviyyədə diqqət çəkib. İddialara görə, UEFA ölkədəki futbol idarəçiliyi və ədalət prinsipləri ilə bağlı yaranan bu vəziyyəti monitorinq etməyə başlayıb.
Burak Yılmazın hədəfində əsasən hakimlik sistemi və Mərkəzi Hakim Komitəsi (MHK) dayanıb. O, hakimlərin qərarlarının qərəzli olduğunu və müəyyən qüvvələr tərəfindən idarə olunduğunu iddia edib. Həmçinin, TFF daxilindəki bəzi şəxslərin fəaliyyəti də ciddi müzakirə mövzusuna çevrilib.
İstifasından sonra verdiyi açıqlamalarda Yılmaz, ona qarşı təzyiqlərin olduğunu açıq şəkildə ifadə edib:
"Məni susdurmağa çalışırlar, amma bacarmayacaqlar. Məni heç kim hədələyə bilməz. Deyirlər ki, guya mənim məşqçilik etməyimə icazə verməyəcəklər. Mənim alnım açıqdır, mən təmizəm."
Bu iddialar Türkiyə futbolunun təməllərini sarsıdır. Xüsusilə "Qaziantep", "Trabzonspor", "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray" kimi böyük klublarda iz qoymuş bir ismin bu dərəcədə kəskin çıxışı azarkeşlər və mütəxəssislər arasında böyük rezonans doğurub.
Ekspertlər hesab edir ki, əgər bu iddialar sübuta yetirilərsə, TFF və MHK rəhbərliyində ciddi kadr islahatları qaçılmaz olacaq.
UEFA-nın hadisələrə müdaxilə ehtimalı isə Türkiyə klublarının Avropa turnirlərindəki gələcəyi üçün də müəyyən risklər yarada bilər. (Offsideplus.az)
Milli.Az