RU

“Artemida 2” missiyası kosmonavtikada yeni mərhələnin əsasını qoyub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 15 aprel, AZƏRTAC

“Artemida-2” missiyasının heyəti Ayın ətrafında 10 gün davam edən uçuşdan sonra Yerə salamat qayıdıb. İnsanların kosmosda ən uzaq məsafəyə uçuşu üzrə rekordla yadda qalan bu tarixi missiya 1972-ci ildən bəri ilk dəfə insanların Ay səthinə qayıdışına aparan yolda mühüm addım olub və kosmosun gələcəkdə mənimsənilməsi üçün əsas yaradıb.

Bunu astrofizik, teleaparıcı və BMT-nin kosmos məsələləri üzrə səfiri Brayan Koks söyləyib. Onun sözlərinə görə, müasir kosmik proqram yalnız elmi tədqiqatlarla məhdudlaşmır və birbaşa Yer üzündə həyatın yaxşılaşdırılması ilə bağlıdır.

“Artemida” proqramı Ayda insanın davamlı mövcudluğunu təmin etməyə, onun cənub qütbünü öyrənməyə və Marsa gələcək pilotlu missiyalar üçün texnologiyaları sınaqdan keçirməyə yönəlib. Koks vurğulayıb ki, kosmik sahənin inkişafı özlüyündə məqsəd deyil, planetdə həyat keyfiyyətinin artırılması üçün vasitədir.

Onun fikrincə, kosmik fəaliyyət artıq qlobal iqtisadiyyatın tərkib hissəsinə çevrilib. Kosmosun mənimsənilməsi üçün yaradılan texnologiyalar iqlim dəyişikliyi ilə mübarizə, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və dayanıqlı inkişafın təmin edilməsi kimi əsas vəzifələrin həllində istifadə olunur.

Peyk sistemləri məhsuldarlığı izləməyə, su ehtiyatlarını səmərəli idarə etməyə və meşələrin qırılmasına real vaxt rejimində nəzarət etməyə imkan verir. Bundan əlavə, peyk rabitəsi ucqar bölgələrdə distant təhsilin və teletibbin inkişafına şərait yaradır.

Koks Birləşmiş Millətlər Təşkilatının kosmik əməkdaşlığın inkişafındakı rolunu qeyd edib. Onun sözlərinə görə, BMT kosmosun dinc məqsədlərlə istifadəsi məsələlərində dövlətlərin qarşılıqlı fəaliyyəti üçün platforma yaradır. Bu çərçivədə kosmik hərəkətin tənzimlənməsi, Ayın tədqiqi üzrə əməkdaşlıq və planetin qorunması kimi məsələlər yer alır.

O vurğulayıb ki, kosmos siyasi fikir ayrılıqlarına baxmayaraq, ölkələrin birləşə bildiyi sahə olaraq qalır. Nümunə kimi ABŞ ilə Sovet İttifaqı arasında əməkdaşlığın simvoluna çevrilmiş “Soyuz–Apollon” missiyasını göstərib.

Koksun sözlərinə görə, müxtəlif ölkələrin kosmik layihələrdə iştirakının genişlənməsi elmi tərəqqini sürətləndirir. BMT-nin dəstəyi ilə Keniya, Mavriki, Moldova və Qvatemala kimi ölkələr ilk peyklərini orbitə çıxara biliblər.

Bununla yanaşı, o, kosmik tullantı probleminin artdığını diqqətə çatdırıb. 2025-ci ildə 4 500-dən çox yeni peyk orbitə buraxılıb, halbuki on il əvvəl bu göstərici 200-dən bir qədər artıq idi.

Mütəxəssislərin qiymətləndirməsinə görə, orbitdə 130 milyona qədər fraqment mövcuddur və onların hətta kiçik hissələri belə ciddi təhlükə yaradır. Alimlər toqquşmaların zəncirvari reaksiyasına səbəb ola bilən və qalıqların sayını daha da artıra bilən Kessler sindromu riskindən xəbərdarlıq edirlər.

Perspektivlərdən danışan Koks Marsda və ya Günəş sisteminin planetlərinin peyklərində mikroorqanizmlərin aşkar olunmasını istisna etmədiyini, lakin mürəkkəb həyat formalarının tapılmasını az ehtimal etdiyini bildirib.

O, həmçinin insanların yenidən Aya enəcəyinə və Marsa mümkün missiyanın həyata keçiriləcəyinə ümid etdiyini bildirib. Onun fikrincə, gələcəkdə Qırmızı planetin səthində bəşəriyyətin birliyinin rəmzi kimi BMT bayrağı ucaldıla bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
2
azertag.az

3Источники