
Bir dövləti və xalqı dünyaya tanıdan yalnız onun elmi, mədəniyyəti, incəsənəti və siyasi-iqtisadi uğurları deyil. Dövləti və xalqı dünyaya daha yaxından tanıdan, daha dolğun təqdim edən həm də onun görkəmli şəxsiyyətləri, dəyərli ziyalıları və alimləridir. Tibb elmləri doktoru, akademik, xalqımızın Ulu Öndəri Heydər Əliyevin ömür-gün yoldaşı, bütün elmi fəaliyyətini Azərbaycanda oftalmologiyanın inkişafına həsr etmiş Zərifə xanım Əliyeva xalqımızın barəsində hər zaman fəxarətlə söz açılan belə görkəmli şəxsiyyətlərindən və dəyərli alimlərindən biridir.
Azərbaycanda tibb elmi XX əsrdə böyük inkişaf yolu keçib, mütərəqqi uğurlara imza atıb. Dəyərli alimlərimiz, həkimlərimiz tibbin bir çox sahələrində hər zaman öz sözlərini deyiblər. Bu sırada akademik Zərifə xanım Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr yalnız Azərbaycanda deyil, bütün keçmiş ittifaq miqyasında tibb elminin parlaq səhifələrini təşkil edir. 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirdikdən sonra bütün ömrünü və fəaliyyətini müqəddəs həkimlik peşəsinə və tibb elminə həsr edən Zərifə Əliyevanın müasir Azərbaycan səhiyyəsinin və tibb elminin yüksəlişindəki xidmətləri əvəzolunmazdır.
Zərifə Əliyevanın hələ XX əsrin qırxıncı illərinin sonunda respublikamızda geniş yayılan, gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin qarşısının alınması istiqamətində gördüyü misilsiz işlər hər zaman böyük minnətdarlıqla xatırlanacaq. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə Əliyevanın adı və fəaliyyəti ilə bağlıdır. O, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırıb və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirib. Təsadüfi deyil ki, həkim kimi bu sahədəki fəaliyyətinin və uğurlu elmi tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil edib. Bu sahə üzrə ixtisaslaşaraq elmlər namizədi dərəcəsi alan Zərifə Əliyevanın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilib və ölkəmiz bu xəstəlikdən xilas olub.
Görkəmli alim öz tədqiqatlarında traxoma ilə mübarizə ilə yanaşı oftalmologiyanın digər aktual məsələlərinə də geniş yer ayırıb. Məsələn, böyük alimin tədqiqatları sırasında oftalmologiyanın elmi cəhətdən daha az araşdırılmış sahəsi – görmə orqanının patologiyası da xüsusi yer tutur. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi. Bu istiqamətdəki çoxillik müşahidələrinin, klinik tədqiqatlarının və eksperimentlərinin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil edib. Görmə orqanının patologiyası ilə bağlı yorulmaz və əzmkar elmi fəaliyyət nümunəsi göstərən alim “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edib. Bu dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini alıb, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olub və 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilən Zərifə Əliyeva 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Görkəmli alimin 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi isə respublikanın akademiklər ailəsinə yeni istiqamət, yeni nəfəs gətirib. Qeyd edilməlidir ki, Zərifə Əliyevanın adı Azərbaycan oftalmoloqları arasında Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alim-oftalmoloq kimi tarixə düşüb. Zərifə Əliyeva bir sıra orden və medallara da layiq görülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb.
Kadr hazırlığına, gənc həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə də xeyli zəhmət sərf edən Zərifə Əliyevanın birbaşa rəhbərliyi altında oftalmoloqların böyük bir nəsli yetişib. Zərifə Əliyeva tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunub, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə verib.
Zərifə Əliyeva həm həkim, həm də alim kimi Azərbaycan ziyalısının ən gözəl nümunəsini nümayiş etdirən bir şəxsiyyət idi. Eyni zamanda, Zərifə Əliyeva Azərbaycan qadınlarına məxsus ali mənəvi keyfiyyətlərin daşıyıcısı olub. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin malik olduğu yüksək keyfiyyətlərin fonunda həm də bir ana kimi Zərifə xanım Əliyevanın mənəvi zənginliyi görünür. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində bu barədə deyib:
«Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib».
Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı tədqiqatlar və ortaya qoyduğu fundamental nəticələr bu gün də ölkəmizdə tibb elminin inkişafına böyük töhfələr verir. Onun elmi əsərləri, monoqrafiyaları və dərs vəsaitləri hər zaman öz aktuallığını qoruyacaq, tələbələr və alimlər üçün dəyərli mənbə olaraq qalacaq.
1985-ci il aprelin 15-də, ömrünün 62-ci baharında vəfat edən akademik Zərifə Əliyeva öz əməlləri ilə Azərbaycan xalqının qəlbində daim yaşayır və yaşayacaq. Anım günündə bir daha Zərifə Əliyevanı hörmətlə anır, əziz xatirəsini böyük ehtiramla yad edirik.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта