RU

Məhkəmə məktəblini öldürən həmyaşıdı ilə bağlı qərarı açıqladı

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Yasin Mirzəyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 02 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Əliyev küçəsi yaxınlığında yerləşən boş ərazidə qeydə alınıb.

 

Belə ki, 2008-ci il təvəllüdlü Yasin Mirzəyev həmin ərazidə keçmiş sinif yoldaşı ilə zərərçəkmiş - 2008-ci il təvəllüdlü Həsən Qurbanov arasında baş verən dava-dalaşa müdaxilə edib.

 

Araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, özünü hadisə yerində olan şəxslərdən üstün göstərmək məqsədilə xuliqanlıq niyyəti ilə hərəkət edib. O, üzərində gəzdirdiyi suvenir bıçaqdan istifadə edərək Həsən Qurbanova hücum edib.

 

Bu zaman Yasin zərərçəkmişin ayaq nahiyəsinə iki dəfə zərbə endirib. Nəticədə Həsənə sağ bud arteriyası və venasının zədələnməsi, sağ bud sümüyünün diafizinin xarici səthinin hissəvi qopmuş açıq sınığı, həmçinin sağ budun daxili və xarici səthində deşilmiş-kəsilmiş yaralarla müşayiət olunan xəsarətlər yetirilib.

 

Hadisədən sonra Həsən Qurbanov ətrafda olan şəxslərin köməyi ilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb və ona stasionar tibbi yardım göstərilib. Lakin görülən tədbirlərə baxmayaraq, o, aldığı xəsarətlər nəticəsində yaranmış güclü qanaxma səbəbindən həmin gün saat 15:45 radələrində xəstəxanada həyatını itirib.

 

İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxsin hərəkətləri ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yasin Mirzəyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

Tarix: 15 Aprel 2026, 08:55   
Избранный
17
26
pravda.az

10Источники