RU

Universitetlərdə “ömürlük kreslo”: prorektorların təyinat sistemi DƏYİŞMƏLİDİR

"Azərbaycan və Türkiyədə ali təhsil idarəetməsində prorektorların vəzifə müddəti ilə bağlı yanaşmalar fərqlənir. Belə ki, bu fərqlər universitetlərin idarəetmə effektivliyinə, kadr siyasətinə və institusional inkişafına birbaşa təsir edir".

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

181263

Professor bildirib ki, müasir universitetlər yalnız təhsil və tədqiqat mərkəzləri deyil, eyni zamanda mürəkkəb idarəetmə sistemləridir:

"Bu sistemlərdə rəhbərlik strukturu, xüsusilə rektor-prorektor münasibətləri təşkilati effektivliyin əsas determinantlarından biri kimi çıxış edir. Türkiyədə ali təhsil sistemi mərkəzləşdirilmiş idarəetmə modeli əsasında fəaliyyət göstərir və bu modelin əsas hüquqi bazasını 2547 sayılı Yükseköğretim Kanunu və Yükseköğretim Kurulu (YÖK) təşkil edir.

Azərbaycan üçün bu kontekstdə aşağıdakı suallar irəli sürülür: Prorektorun hüquqi statusu nədir? Rektor-prorektor münasibətləri hansı hüquqi prinsiplərə əsaslanır? Bu münasibətlərin effektiv idarəetmə modeli necə qurulmalıdır? Ali təhsil idarəçiliyində rəhbər vəzifələrin müddət məsələsi idarəetmənin dinamikası və institusional sabitliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Türkiyə və Azərbaycan təcrübələri bu baxımdan fərqli hüquqi modelləri əks etdirir. Türkiyədə 2547 sayılı Yükseköğretim Kanunu prorektorların vəzifə müddətini birbaşa rektorun səlahiyyət müddəti ilə əlaqələndirir. Bu yanaşmada prorektorun hüquqi mövcudluğu və səlahiyyətlərinin davamlılığı rektorun mandatından asılıdır. Bu xüsusiyyətlər idarəetmədə komanda prinsipini gücləndirir və rəhbərlik strukturunun yenilənməsini təmin edir.

Azərbaycanda isə analoji məsələ normativ hüquqi aktlarda açıq və sistemli şəkildə tənzimlənməmişdir. Mövcud hüquqi çərçivə prorektorların təyinatını nəzərdə tutsa da, onların vəzifə müddətinin rektorun müddəti ilə əlaqələndirilməsi məsələsi dəqiq müəyyən olunmamışdır. Bu isə hüquqi elastiklik yaratsa da, eyni zamanda institusional qeyri-müəyyənlik doğurur.

Azərbaycanda prorektorların vəzifə müddəti hüquqi olaraq məhdudlaşdırılmasa da, bu, onların avtomatik olaraq ömürlük vəzifə tutması demək deyil; lakin praktikada uzunmüddətli vəzifə sabitliyi müşahidə olunur. Azərbaycanda “Təhsil haqqında” Qanun və universitetlərin daxili əsasnamələrində prorektorların konkret müddəti açıq şəkildə standartlaşdırılmayıb və vəzifə müddətinin rektorun müddəti ilə birbaşa bağlılığı normativ şəkildə təsbit olunmayıb. Azərbaycan təcrübəsində müşahidə olunan mühüm xüsusiyyətlərdən biri prorektorların uzunmüddətli fəaliyyətidir. Bu hal bəzən qeyri-formal olaraq “ömürlük vəzifə” kimi xarakterizə olunur".

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda prorektorların vəzifə müddəti hüquqi olaraq məhdudlaşdırılmasa da, praktikada uzunmüddətli vəzifə sabitliyi müşahidə olunur:

"Azərbaycanda prorektorun müddət məhdudiyyətinin olmaması səbəbindən faktiki sabitlik və uzunmüddətli vəzifə tutma halları geniş yayılmışdır. Bu vəziyyət hüquqi baxımdan ziddiyyət yaratmasa da, idarəetmə baxımından institusional durğunluq, kadr yenilənməsinin zəifləməsi, idarəetmədə fərdi asılılıqların artması və idarəetmə modellərinə təsir kimi nəticələrə gətirib çıxarır.

Müddət tənzimlənməsi idarəetmə modelinə birbaşa təsir göstərir. Türkiyə modeli mandat əsaslı idarəetməyə əsaslanaraq komanda dinamikasını təmin edir və idarəetmə strukturunun mütəmadi yenilənməsinə imkan yaradır. Azərbaycan modeli isə sabitlik yönümlü idarəetməyə əsaslanaraq fərdi münasibətlər üzərində qurulan struktur və aşağı kadr rotasiyası ilə xarakterizə olunur. Bu fərqlər universitetlərin innovasiya qabiliyyətinə və strateji çevikliyinə də təsir edir.

Aparılan təhlil əsasında Azərbaycan ali təhsil sistemi üçün prorektorların vəzifə müddətinin normativ şəkildə müəyyən edilməsi, bu müddətin rektorun mandatı ilə əlaqələndirilməsi, maksimum ardıcıl vəzifə müddəti limitinin tətbiqi, vəzifədən ayrılma və təyinat prosedurlarının şəffaflaşdırılması, etik və institusional məsuliyyət mexanizmlərinin gücləndirilməsi kimi təkliflər irəli sürülə bilər.

Türkiyə və Azərbaycan modellərinin müqayisəsi göstərir ki, prorektor institutunun effektiv fəaliyyəti yalnız hüquqi tənzimləmədən deyil, həm də institusional dizayndan asılıdır. Optimal model üçün prorektorların vəzifə müddəti rektorun səlahiyyət müddəti ilə əlaqələndirilməli, maksimum müddət limiti (məsələn, iki mandat) tətbiq olunmalı və etik, həmçinin institusional hesabatlılıq mexanizmləri qurulmalıdır".

Избранный
16
50
azedu.az

10Источники